Zirzəmidə məzarlıq, ata-oğulun dəhşətli qərarı, ana və 4 qızının məşum sonu – İstintaq davam edir Zirzəmidə məzarlıq, ata-oğulun dəhşətli qərarı, ana və 4 qızının məşum sonu – İstintaq davam edir

Zirzəmidə məzarlıq, ata-oğulun dəhşətli qərarı, ana və 4 qızının məşum sonu – İstintaq davam edir
Загрузка...

İlham Tumas

Bu dəhşətli hadisə barədə eşitməyən az adam olar. Ancaq eşidənlərin də hamısı ümumi mənzərədən xəbərdardılar. Salyanda baş vermiş bu qətlin daha geniş detalları, qatillərin, şahidlərin, hətta öldürülməzdən əvvəl qətl olunanların özlərinin kimə nə dedikləri, nə yazdıqları haqda çox az adam bilir. İstintaqımız detalları çox az adama agah olan bir cinayət hadisəsi ilə davam edir!

 

Sevgi mesajları


Oğlan: 

Səni sevdiyimi söyləyirəm, amma bu, yalan. Çünki sənə olan duyğularım o qədər üstündür ki, onlara ad tapa bilmirəm...

Ümidə:

Ağaclara yazdım adını, yandırdılar, göy üzünə yazdım, yağış olub yağdılar, bu dəfə qəlbimə yazdım, ölüm ancaq silər ordan...

 

Oğlanın istintaqa ifadəsindən:

Ümidəylə evlənməkdə israrlı idim. Ümidənin də mənə könlü vardı. Son dəfə sevgi etirafı barədə SMS gələndən sonra daha ona zəng çatmadı. Bu, 2014-cü il mart ayının ya 3-ü, ya da 4-ü idi. Narahat olub, növbəti gün evlərinin qarşısında, Kürün sahilində gözlədim ki, bəlkə onu görəm, görə bilmədim. Təxminən 2 il sonra rayonda qardaşı Fəqanla rastlaşdım. Harada yaşadıqlarını, nə işlə məşğul olduqlarını soruşdum. Cavab verdi ki, ailəlikcə Bakıda yaşayırıq, sahibəsi olan bir evdə kirayədə qalırıq. Dedi, anamgil çörəkbişirmə sexində işləyirlər, mən və atam tikintidə fəhləlik edirik. Telefon nömrəsini soruşdum, dedi telefonum yoxdu. 

 

Bir ailə...

İstintaq materialı olan bu ifadəni adını çəkmədiyimiz Salyan şəhər sakini – cavan bir oğlan verib. Barəsində söhbət gedən Ümidə onların qonşusu olub. Qız, atası, anası, 3 bacısı və 1 qardaşıyla Salyan şəhəri Davudzadə küçəsi ev 13-də yaşayıb.

Əliyev Fərhad Məhərrəm oğlu 1954-cü ildə Salyan şəhərində anadan olub, orta təhsillidir, daimi işi yoxdur. 1983-cü ildə Salyan şəhər sakini Əliyeva Mehparə ilə ailə qurub.

Əliyeva Mehparə Nadir qızı 1961-ci ildə Salyanda anadan olub, orta təhsillidir. Üzüm sahələrində günəmuzd fəhləlik edir. Əliyev Fərhadla nikahından 4 övladı var.

Əliyeva İradə Fərhad qızı 1985-ci ildə Salyanda anadan olub. Orta təhsillidir. Dükanda satıcı işləyir. 

Əliyeva Sevda Fərhad qızı 1987-ci ildə Salyanda anadan olub, orta təhsillidir. Çörəkbişirmə sexində işləyir. 

Əliyev Fəqan Fərhad oğlu 1989-cu ildə Salyanda doğulub, orta təhsillidir. Hərbi xidmətini Tərtərdə yerləşən hərbi hissədə çəkib. Daimi işi yoxdu.

Əliyeva Ümidə Fərhad qızı 1991-ci ildə Salyanda anadan olub, orta təhsillidir. Marketdə satıcı işləyir.

Əliyeva Rəqibə Fərhad qızı 1998-ci ildə Salyanda doğulub, azyaşldır, orta məktəbin 9-cu sinfində oxuyur.

 

Əliyev Fərhad Mehparə ilə evlənmək istəyəndə qızın ailəsi əvvəl razı deyilmiş. Fərhadın yaxınları, doğmaları belə onu müsbət xarakterizə etmirlər. Dalaşqandı, kinlidi, həddən artıq mühafizəkar və qısqancdı. Qardaşı Raiz Əliyev deyir ki, Fərhad uşaqlıqdan belə olub. Bacılarını dükana-bazara getməyə qoymurmuş, buna görə evdə tez-tez dava salırmış. Polis işçisi olan atası ölməmişdən əvvəl həyətyanı sahədən bütün qardaşların torpaq payını ayırıb ki, özlərinə ev tiksinlər.

Fərhad ailə qurduqdan sonra da tündlüyündən əl çəkməyib. Raiz Fərhadla qonşu olduqları üçün dəfələrlə onun arvadı və qızlarının işləmələri üstündə dava saldığının şahidi olub. Raizin iradlarına isə böyük qardaş Fərhadın cavabı biriymiş: "Mənim ailə işlərimə qarışma!” Bu işlərə görə, qardaşı Raizin Fərhadgillə gediş-gəlişləri olmayıb.

 

Münasibət niyə pozulur?

 

Təxminən eyni şeyləri Mehparənin qardaşı Elnur Qurbanov da deyir. Məlum olur ki, əvvəllər ailədə münasibətlər heç də pis olmayıb. Ancaq sonradan Fərhad içkiyə qurşanıb, uzun müddət işsiz qalıb. Bu isə evdə narazılığa səbəb olurmuş. Mehparəylə qızların özlərinə rayonda müxtəlif yerlərdə iş tapması Fərhad Əliyevi tamamilə özündən çıxarıb. Elnur deyir ki, 2012-ci ildən başlayaraq, Fərhad həmişə ailəsindən, xüsusilə qızı İradədən və arvadı Mehparədən şikayətlənirmiş. Deyirmiş, bunların başı xarab olub, mənə baxmırlar, sözümdən çıxırlar. Elnur bir neçə dəfə yoldaşı ilə onlara gedib, bacısının ailəsində münasibətləri qaydasına salmağa çalışıb. Bacısı Mehparə Fərhadın içki içməsindən, mənasız yerə onları qısqanmasından, işləməyə qoymamasından, bununla bərabər də evə pul gətirməməsindən gileylənib.

 

Onları da eşidək...

 

Yox, belə olmaz! Gəlin istintaqımızı birtərəfli aparmayaq. Axı, Fərhadın da söz haqqı var. İstintaq materialına müraciət edək və Fərhadın öz dilindən nədən, kimdən və niyə narazı qaldığını eşidək.

Fərhad: 

Fəhləlik edib ailəmi dolandırmaq üçün hər işə gedirdim. 2010-cu ildən ailə ilə yola getmədiyimdən araq içməyə başladım. Buna səbəb Mehparənin məndən icazə almadan Bakıya toya, yasa, başqa yerlərə gedib aylarla orada qalması, qızlarımızı da özü ilə istədiyi yerlərə aparması, mən qulaq asmaması olub. 2009-cu ildən oğlum Fəqan Tərtərdə hərbi xidmətini başa vurub qayıdandan sonra dost-tanışları onu lağa qoymağa başlamışdılar.

Fəqan: 

Bacılarım Sevda, İradə və Ümidə 2010-cu ildən öz adlarına telefon işlətməyə başladılar. Telefon işlətdikləri və işdən gec gəldikləri üçün bacılarımın əxlaqsızlıqla məşğul olmalarından şübhələnməyə başladım. Hətta bir neçə dəfə əsəbiləşib bacılarımın telefon nömrələrini sındırmışam və onları şillə ilə vurmuşam. Mən bacılarımın əxlaqsızlıqla məşğul olmasından şübhələnməyim barədə atama da demişdim. 

Fərhad: 

Arvadım Mehparə əkin sahələrində fəhləlik edirdi, qızımız Ümidəni "Kral” adlı marketə satıcı düzəltmişdi, Sevda isə İlqar adlı şəxsin çörəkbişirmə sexində işləyirdi. Mən qızlarımın işləməsinə razı deyildim, buna görə dəfələrlə aramızda mübahisələr olurdu. Qızlarımın və arvadımın gecə evə gec gəldikləri hallar çoxalmışdı, soruşanda, onlara öyüd verəndə də mənə ağır cavablar qaytarırdılar. Böyük qızım İradə hətta mənə və Fəqana "sizi tutduraram”, "polislə sizi məhv edərəm” kimi hədələr edirdi, üstəlik mənim ünvanıma "alçaqsan”, "kişi deyilsən” kimi ağır təhqirli sözlər işlədirdi. 2014-cü ilin fevral ayında arvadımla, qızlarımla münasibətlərimiz kəskin pisləşdi. Qızlarım evə daha gec saatlarda gəlməyə, məni ümumiyyətlə, valideyn kimi saymamağa başladılar.

 

Qapıda qıfıl...

 

Fərhadın ailəsi, daha dəqiqi, arvadı və qızları ilə münasibətlərinin kəskin pisləşdiyi 2014-cü ilin fevral ayı keçir və martın 4-dən sonra Davudzadə küçəsi 13 ünvanında yerləşən evin qapısından qıfıl asılır, qohum-qardaşlar Əliyevlər ailəsinin Salyandan Bakıya köçdükləri xəbərini eşidirlər. Prinsipcə, onlara sevinmək qalır. Niyə də olmasın? Bakı böyükdür, iş tapmaq Salyana nisbətən xeyli asandı.

Fərhadla qonşu olan qardaşı Raiz də deyir ki, 2014-cü ilin Novruz bayramı ərəfəsində qardaşı Fərhad və ailəsi birdən-birə yoxa çıxır. Aradan təxminən 1 il keçdikdən sonra Fərhad Fəqanla birlikdə evlərinə qayıdıb həyətlərində işləyirlər, həyəti otdan-alaqdan təmizləyirlər. Qardaşı Fərhaddan bu vaxta qədər harda olduqlarını soruşur. Fərhad deyir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və işləyirlər. Fərhadla Fəqan 2-3 gün evlərində qaldıqdan sonra darvazaya və evin qapısına yenidən qıfıl vurulur, onlar Bakıya qayıdırlar.

İlk baxışdan indiyə qədər sizə danışdıqlarımızda qeyri-adi, şübhələrə rəvac verəcək elə bir ciddi səbəb yoxdu. Ailədə formalaşa biləcək münasibətlərdi. Yəni, ailənin Bakıya köçüb orda yaşaması, işləməsi təəccüblü deyil. Həqiqətən mütəxəssislər ailədə münasibətlərin gərginləşdiyi dövrlərdə ailə üzvlərinin yaşayış və iş yerlərinin dəyişdirilməsinin hər şeyin qaydaya düşməsində böyük təsiri olduğunu deyirlər.

Bununla belə, orta əsrlərdə yaşamırıq. İndi min kilometrlərlə məsafədən insanlar bir-biri ilə görüntülü əlaqə saxlayır, hal-əhval tutur. Axı, bir telefon zəngi, lap elə klassik qaydada əl boyda kağız parçası yazmaq nə böyük işdir? Təbii ki, bununla bağlı hərdən rayona gəlib gedən Fərhada və Fəqana suallar verilir. Cavablar müxtəlif olur: telefonumuz yoxdur, ailəmiz varlı və vəzifəli bir adamın bağ evində yaşayıb təsərrüfata baxdığından onlara da telefon işlətmələrinə icazə verilmir.

Ancaq bir məqamı unutmamalıyıq! Salyanda, qonşularının, qohumlarının, illərlə tanıdıqları adamların əhatəsində olan qızlara orda işləməyə icazə verməyən Fərhad necə olur, Bakı kimi meqapolisdə, onların mühafizəkar baxışları ilə ziddiyyət təşkil eləyən bir şəhərdə arvadının, qızlarının gah çörəkbişirmə sexində, gah da kiminsə bağ evində qalıb işləməklərinə razı olur?

 

Əxlaq məsələsi...

 

Ona görə də, gənc Ümidənin və adını çəkmədiyimiz bir oğlanın istintaq materialından götürdüyümüz sevgi mesajlarından ürəyimizdə qalan bir suala cavab verməyimiz lazımdı. Qısa və konkret soruşuruq: Mehparənin və qızlarının əxlaqsızlıqları ilə bağlı istintaq nə deyir? İstintaq bu suala cavabla davam edir!

Sual Əliyev Fərhadın qardaşı Raizə ünvanlanıb:

Sual: Mehparə və qızlarının əxlaqı barədə nə deyə bilərsiniz? 

Cavab: Onların əxlaqı barədə mənfi söz-söhbət qulağıma dəyməyib. Qızların hansısa oğlanla danışmasını, görüşməsini və digər nöqsanlara yol verməsini görməmişəm və kimdənsə eşitməmişəm. 

Eyni şeyi Mehparənin qardaşı və başqaları da deyir.

İndiki bu mövzuya gəldik, deməliyik ki, söhbət təkcə Ümidənin kiməsə meyli olmasından, onunla danışmasından, getmir. İstintaq bacıların hər üçünün kiməsə sevgi bəsləməsini, kiminləsə ailə qurmaq istəməyini, kiməsə telefonda mesaj yazmasını inkar eləmir. Bu təbii hisslərə və münasibətlərə əxlaqsızlıq demək olarmı?

Beləliklə, Fərhad ailəsini də götürüb Bakıya getdiyini deyir, ancaq nə öz, nə də Mehparənin qohumları qadın və onun qızları ilə heç cür əlaqə saxlaya bilmirlər. Salyan rayon polis şöbəsinin əməkdaşları bir neçə dəfə Fərhadın qardaşı Raizdən Fərhadın və ailəsinin harda olmasını soruşublar. Raiz, ona deyildiyi kimi, qardaşının və ailəsinin Bakıda yaşadıqlarını söyləyib. 2016-cı ildə Mehparə Əliyevanın qardaşı Elnur Qurbanov bacısından xəbər tuta bilmədiyi üçün Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət edir.

Günlərin bir günü televiziyada Salyan sakini Əliyeva Mehparə və qızlarının itkin düşməsi xəbəri gedir. 2017-ci ildə digər bir televiziya verilişində isə ana və qızlarının ailə başçısı Əliyev Fərhad tərəfindən əxlaqzıslıq eləmək məqsədiylə Türkiyə Cümhuriyyətinə göndərildiyi haqda fikirlər səslənir. Və hər şey bundan sonra başlayır.

 

Acı etiraf...

 

Bundan sonra hadisəni biz yox, qoy onlar – ata və oğul özləri danışsınlar. Çünki baş verənləri nəinki sağlam ağılla, məntiqlə, insani, hətta heyvani hisslərlə belə izah eləmək, hansısa davranış qaydalarına uyğunlaşdırmaq, ad tapmaq mümkünsüzdür! Ürəyi zəif olanların isə, eşitməsi və görməsi qətiyyən məsləhət deyil! İstintaqımız Fərhadın və Fəqanın ifadələri ilə davam edir!

Fəqan: 

Verilişlərin birində anamın əxlaqsız yola düşməsi, guya atam tərəfindən Türkiyəyə satılması barədə məlumat verildi. Bundan əsəbiləşib həmin verilişə zəng etsək də, telefona cavab vermədilər. Atamla məsləhətləşib hadisəni polisə deməyi qərara aldıq və Salyana gəldik. 2017-ci il dekabrın 6-dan 7-nə keçən gecə evdə olarkən atama dedim ki, hər şeyi polisə deyəcəm. Atam mənə tələsməməyi məsləhət bildi. Səhəri gün əmim Raizgilin evinə gedib, onun mobil telefonundan "102-yə zəng vurdum, adam öldürdüyümü dedim. Polis əməkdaşları gəldilər, polislərlə birlikdə şöbəyə getdim və törətdiyim hadisəni etiraf etdim. Sonra atamı də gətirdilər.

Fərhad: 

2014-cü il fevralın axırlarında oğlum Fəqan mənimlə söhbətlərində deyirdi ki, küçəyə çıxa bilmirəm, bacılarımın haqqında mənfi söhbətlərdən cana doymuşam, onları öldürmək qərarına gəlmişəm.

Fəqan: 

Birlikdə söhbət edib qərara gəldik ki, bacılarım və anam bizim sözümüzə qulaq asmayacaq, buna görə də onları öldürək. 2014-cü il fevralın axırlarında atam Mehparəyə və qızlara dedi ki, sizi öldürərəm, ağıllı olun. Lakin anam da, bacım İradə də atamı lağa qoyub güldülər, dedilər ki, sənin buna kişiliyin çatmaz. Atam bunlardan sonra mənə dedi ki, anamı da, bacılarımı da öldürəcək. Mən başqa çıxış yolu görmədiyimdən atamla razılaşdım.

Fərhad: 

Əvvəlcə onları boğmağı fikirləşdim, sonradan başlarını kəsməyi qərara aldım. 2014-cü il martın 4-də səhər Mehparəylə Ümidə işə getdikdən sonra böyük qızım İradəni çağırıb mənə çay verməsini istədim. Buna qədər axşamdan qalmış arağı Fəqanla birlikdə içmişdik, artıq adam öldürməyə ürəklənmişdik. Əvvəlcədən metal parçasını gətirib yanımda saxlamışdım. Sevda və Rəqibə öz otaqlarında yatmışdılar. İradə aynabəndə gəlib mənə çay süzəndə metal parçası ilə onun boynunun arxa tərəfindən var gücümlə bir zərbə vurdum, huşunu itirib yerə yıxıldı. Fəqanın köməkliyi ilə qızımı yatdığımız otağa saldıq. Fəqan otaqdan çıxdıqdan sonra bıçaqla İradənin boğazında şah damarlarını kəsdim, hərəkətsiz qaldı. Başa düşdüm ki, artıq öldü. Otaqda döşəmədən zirzəmiyə açılan qapını açıb İradənin meyitini ora atdım. Döşəməyə axıb tökülən qanı isə dəsmalla silib təmizlədim, digər qızlarımın yatdığı otağa keçdim.

Fəqan: 

- Atam balaca bacım Rəqibəni yuxudan oyatdı, 2 manat pul verib, dedi, get mağazadan kartof al. Rəqibə gedən kimi Sevdanın olduğu otağa keçdi.

 

Fərhad:

- Sevda dedi ki, nə baş verib, mən isə ona imkan verməyib saçından yapışdım, dəmirlə boynunun arxasından möhkəm zərbə vurdum. Huşunu itirib döşəməyə yıxıldı. Yıxılan kimi də bıçaqla boğazındakı damarları kəsdim. Otaqda döşəmədə olan qapını açıb meyiti zirzəmiyə atdım. Bu zaman razılığa görə, Fəqan həyətdə gəzişirdi ki, gələn olsa xəbər eləsin. 

 

Fəqan: 

Bir azdan Rəqibə mağazadan qayıtdı. Əlində kartofla dolu salafan torba vardı, içəri keçdi...

 

Fərhad: 

Rəqibə Sevdanı vurduğum otağa daxil olanda torbanı göstərib ”ata, aldım” dedi. Əvvəlcə onu boğmaq istədim, ancaq fikrimdən daşınıb arxa tərəfinə keçdim, əlimdəki metal parçası ilə onun da boynunun arxasından möhkəm vurdum, yıxılan kimi eyni qaydada onun boğazını kəsdim, sürüyüb Sevdanın meyitinin yanına atdım.

Fəqan: 

Mən hər dəfə içəri girib atamın bacılarımı bir-bir öldürdüyünü görüb, çıxıb bayırda gəzişirdim. Mənə pul verdi, gedib mağazadan kolbasa və 2 şüşə araq alıb gətirdim, atamla birlikdə həmin araqlardan içdik. Ona görə içirdik ki, hadisədən özümüzü itirməyək. Anamın öldürülməsi barədə atamla danışanda onun öldürülməsini görmək istəmədiyimi dedim.

 

Fərhad:

Fəqana dedim, indi Mehparə gələcək, onu da öldürəcəyəm. Fəqan dedi ki, anamın ölümünü görmək istəmirəm. Dedim, onda sən bayırda ol. Mehparə təxminən 18 radələrində gəldi, aynabənddə paltarını dəyişdikdən sonra toyuqlara dən atmaq bəhanəsi ilə yanına, aynabəndə keçdim. Mehparə məni görəndə "pyaniskanın biri pyaniska” sözlərini işlətdi. Metal parçası ilə boynunun arxasından vurdum, döşəməyə yıxıldı, bıçaqla boğazını kəsdim, qarnına da iki dəfə bıçaq soxdum.

Fəqan:

Təxminən 15 dəqiqə sonra atam həyətə çıxıb anamı da öldürdüyünü dedikdən sonra evə daxil oldum. Mən anamla bacılarımın meyitini hələ görməmişdim. Lakin atamın onları öldürdükdən sonra meyitlərini zirzəmiyə atdığını bilirdim.

 

Fərhad:

Fəqan içəri gəldi. Sərxoş idi. Yenə oturub hərəyə bir qədər araq içdik. Mən əslində qorxurdum ki, birdən Fəqan anasının və bacılarının ölümünə görə məni vurar. Lakin Fəqan məni vurmadı. 

 

Fəqan:

Bacım Ümidə saat 21 radələrində evə gəldi. Dəhlizə girən kimi atam əlindəki dəmir parçası ilə Ümidənin boynunun arxasından vurdu. Bunu mən özüm də gördüm. Ümidə yıxıldı, mən həyətə çıxdım.

 

Fərhad:

Ümidə huşunu itirib döşəməyə yıxıldı. Belimdən bıçağı çıxarıb Ümidənin boynunun damarlarını kəsdim. Gözlədim. Bir azdan ölməsinə əmin oldum və sürüyüb həmin otaqdan zirzəmiyə saldım. Fəqandan soruşdum ki, indi məni öldürmək, polisə xəbər vermək, yoxsa meyitləri yerbəyer eləməkdə mənə kömək eləmək istəyirsən? Fəqan mənə baxıb, fikirli-fikirli dedi ki, meyitləri gizlətməliyik.

 

Fəqan:

Atamla birlikdə döşəmələri və qapılarda olan qan ləkələrini yuyub təmizlədik. Atam meyitləri zirzəmidə torpağa basdırmaqla gizlətməyi təklif elədi, razılaşdım. Yatdığımız otağın altındakı zirzəmidə çala qazmağa başladıq. Təxminən 80 santimetr dərinlikdə, 1 metr enində, 2 metr uzunluqda çala qazdım.

Fərhad:

Sağ tərəfdən olmaqla İradənin, sonra Mehparənin, ardınca Ümidənin, sonra Sevdanın, axırda da Rəqibənin meyitini baş hissələri qiblə istiqamətində olmaqla çalaya qoyduq. 2 ədəd qırmızı palazları da meyitlərin üstünə sərdik və üzərini torpaqla örtdük, üzərinə su da tökdük. 2014-cü il mart ayının 5-i səhər saat 5-6 radələrində işləri bitirdik.

3 il 10 ay sonra üstü açılan qətl

Eşidənlərin hamısını dəhşətə gətirən bu qətlin üstü 4 ilə yaxın vaxtda sonra olsa da, açıldı. Qatillər məhkəmə qarşısına çıxarıldılar. Maraqlıdı, görəsən, ötən vaxtdan sonra bu iki nəfərdən hansısa azacıq da olsa, peşmançılıq çəkdimi? Yenə istintaq materialına müraciət edək!

Sual: Qızlarınız İradə və Sevdanın avtomaşınlarda gəzdikləri barədə məlumatınız olduğu halda, arvadınızı və digər qızlarınızı, o cümlədən kiçik qızınız Rəqibəni öldürməyinizə səbəb nə olmuşdu? 

Fərhad:

- Ailədə belə vəziyyəti yaradan elə arvadım olub. Mən belə qərara gəldim ki, qızlarımı bu yola çəkən Mehparədir, qalan qızlarımı da belə yola çəkəcək, ona görə də hamısını həyatdan silməyə qərar verdim. 

 

Sual: İradə və Sevdanın evə gec saatlarda qayıtdıqları barədə məlumatınız vardısa, ananınızı və digər bacılarınızı, o cümlədən Rəqibəni öldürməyinizə səbəb nə olmuşdur?

Fəqan: 

Biz anamı və bacılarımı yalnız ailədə bizə qarşı kobud rəftarlarına görə onların əxlaqsız yola düşdüklərini yəqin etdiyimiz üçün öldürmüşük. Həm də atam dedi ki, Rəqibə böyüyəndə onların hərəkətlərini davam etdirəcək, buna görə Rəqibəni də öldürdük.

Sual: Törətdiyiniz əməllərə özünüzün münasibətiniz necədir? 

Cavab: Mən törətdiyim bu ağır cinayətlərdən peşiman deyiləm. Hər şeyi əvvəlcədən ölçüb-biçmişəm. Təkcə Rəqibənin ölümünə heyfslənirəm. Qalanlarını isə düzgün olaraq öldürmüşük. Hesab edirəm ki, ən azı öz namusumuzu təmizləyə bilmişik. 

 

Salyan qəbiristanlığı

 

Beləcə, bədbəxt ana və onun talesiz 4 qızının meyitləri düz 3 il 10 aydan sonra onlara məzar olan yaşadıqları evlərinin zirzəmisindən çıxarılır. Meyit deyirik, ancaq cəsədlər elə çürümüşdü ki, istintaq orqanının ekspertlər qarşısında qoyduğu sualların çoxuna cavab tapmaq mümkün olmur. Otaqların zirzəmisindən qazılıb çıxarılan cəsədlər ekspertizadan sonra Salyan qəbiristanlığında dəfn edilir.

Qatillər - Əliyev Fərhad Məhərrəm oğlu və Əliyev Fəqan Fərhad oğluna Lənkəran Ağır Cinayətlər Məhkəməsində 7 sentyabr 2018-ci ildə hökm oxundu. Hər iki qatil ömürlük azadlıqdan məhrum edildilər.

 

Nadanlıq və cahillik

Görəsən, insanı belə amansız, qanlı cinayətlərə sövq edən əsas amil nədi? Təbii ki, çox səbəb sadalamaq olar. İnsani hisslərin itirilməsi, şüurun pozulması, içki, narkotik, vəhşi xislət...

Ancaq yox, hətta ən vəhşi heyvanlar belə ata-oğul adlanan bu varlıqların törətdiklərini törətməzlər. Dünyada baş verən bütün cinayətlərin, edilən günahların səbəbi nadanlıqdır. Elə böyük Əli bəy Hüseynzadə də həyatını məhz nadanlığın, cəhalətin aradan qaldırılmasına həsr eləmişdi. Bizim istintaqın məqsədi də cəmiyyətimizdə nadanlığın kökünün kəsilməsinə yardım etməkdir. Ona görə də...

İstintaq davam edir!


















Загрузка...
Загрузка...

Xəbər lenti