Zakir Qaralovun dindirilməsini niyə istəyirdik?

Zakir Qaralovun dindirilməsini niyə istəyirdik?
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Azərbaycanın yaxın keçmişi ilə gördüyü və bildiyi ən səs-küylü cinayətlərlə bağlı uzun müddət sirr kimi qalmış məqamları faktlarla göstərməkdə davam edir. O, növbəti "facebook" postunda Hacı Məmmədovun cinayətləri ilə bağlı ''ZAKİR QARALOVUN DİNDİRİLMƏSİNİ NİYƏ İSTƏYİRDİK?'' postunu paylaşıb və səbəbləri göstərib.
Vəkil yazır ki, H.Məmmədov və onun dəstəsinin cinayət işinin istintaqı başa çatdıqdan və cinayət işinin materialları ilə tanış olduqdan sonra biz baş prokuror Zakir Qaralovun şahid qismində dindirilməsi barədə aşağıdakı məqamlara aydınlıq gətirməsi üçün vəsatət verdik.
1.İşdə olan sənədlərə əsasən 13 mart 2002-ci ildə Rövşən Əliyev qətlə yetirilən gün Baş prokuror Qaralov saat 12:32:46-da öz xidməti telefonundan Rövşən Əliyevin 3246735 nömrəli mobil telefonuna zəng edərək onunla 369 saniyə( altı dəqiqədən bir qədər çox) danışmışdı.
2. İşdə Hacı Məmmədovun belə ifadəsi vardı ki, Rövşən ona rəhbərliyinin Azər İsmayılovun ölümündə Hacının iştirakı barəsində söz-söhbətə son qoymaq üçün pul istədəyini deyib. Məhz bu söhbətdən sonra Rövşəni öldürtməyə qərar verib.
3. Rüstəm Usubov ifadəsində 11 avqust 2003-cü il tarixdə Nəsibova Rəna Yusif qızının Azərbaycan Respublikası Prokurorluğunun inzibati binasına gəlməsi məhz BAŞ PROKURORA Rövşən Əliyevin qətli və törənmiş digər cinayətlərlə bağlı məlumatlar verməsini, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-in əməkdaşı Hacı Məmmədovun durması barədə danışmasını təsdiq etmişdi. Buna baxmayaraq Rəna Nəsibovanın verdiyi məlumat qanuna müvafiq olaraq rəsmiləşdirilməmiş, o, Rövşən Əliyevin öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə şahid qismində dindirilməmişdi. 2004-cü ilin iyun ayında Rəna Nəsibova işlədiyi "Knauf” firmasının ofisində qətlə yetirilsə də cinayət işinin başlanılması əsassız olaraq rədd edilmişdi.
4. Nəsibovanın ölümündən 3 gün əvvəl Fətulla Hüseynov qətlə yetirilmişdi. Bu qətlin də Hacı Məmmədov və onun bacısı oğlu ilə əlaqəli olması hadisə baş verən gündən prokurorluğa məlum idi.
Əvvəlki yazıları oxu:
• Usubovun qətlə yetirilən Rəna Nəsibova barədə 14 il əvvəl verdiyi ARAYIŞ üzə çıxdı
5. Cinayət işində MTN əməkdaşlarının maraqlı ifadələri vardı. Bu ifadələri onlar məhkəmədə də təsdiq etdilər. Rənadan Hacı barəsində məlumat alan əməliyyatçılar onun şəxsiyyətini müəyyən etmək üçün tədbirlər hazırlamaq istəyəndə prokurorluğun rəhbərliyi onlara buna ehtiyac olmadığını Hacını gözəl tanıdıqlarını deyiblər. Təəccüblərini gizlədə bilməyən əməliyyatçıların bəs niyə onu tutmursunuz sualına isə cavab veriblər ki, SÜBUTUMUZ YOXDUR.
6.İş üzrə şahid qismində dindirilən Rafiq Səfiquliyev göstərib ki, o, Hacı Məmmədovla birlikdə 10 fevral 2005-ci ildə Respublika prokurorluğunda ifadə verib. Müstəntiqin yanında olan vaxt axırıncı istintaq qrupunun rəhbərinin Hacını görmək istədiyini deyib. Hacı 40 dəqiqəyə kimi rəisin yanında olmuş, sonra onu prokurorluqda qoyub protokolu imzalamadan çıxıb gedib. Cinayət işinin materiallarında olan dindirmə protokollarında Haçı Məmmədovun guya 9 fevralda, R.Səfiquliyevin isə 11 fevralda dindirilməsi göstərilib. Səfiquliyev ifadəsində hər ikisinin 10 fevral 2005-ci ildə dindirilmələrini, prokurorluqda bir yerdə olduqlarını israrla təsdiq etmişdi. Onun ifadəsində belə bir cümlə var "Hacı həbs edildikdən sonra MTN-də olarkən bizi 10 fevralda dindirən müstəntiq dedi ki, Rafiq, görürsən Hacı alçaq həmin gün işi olduğunu bildirərək çıxıb getdi, sən demə, o, həmin gün adam oğurlamağa gedirmiş”, Zamirə Hacıyeva məhz 10 fevralda oğurlanmışdı.
7. Mərhum Rövşən Əliyevin həyat yoldaşı ifadəsində göstərmişdi ki, Rövşən öldürülməmişdən əvvəl adam oğurluqları ilə bağlı Zakir Qaralova hansısa məlumatlar vermişdi və bu məlumatları baş prokuror ölkə başçısına çatdırmalı imiş.
8. Nəhayət cinayət işinin materiallarında saysız-hesabsız saxtakarlıqlar vardı, bunların bir hissəsini vəsatətlərimdə sadalamışdım. Biz hesab edirdik ki, Zakir Qaralov şahid qismində dindirilməli və bu məsələlərə aydınlıq gətirməlidir. Təssüf ki, vəsatətimizi istintaq və sonrakı mərhələlərdə məhkəmələr təmin etmədilər. Bunun belə olacağı gözlənilən idi.
Müdafiə çıxışımda da dedim ki, " baş prokuror arxayın idi ki, Azərbaycanda elə bir məhkəmə tapılmayacaq ki, nəinki onu dəvət edib nə isə soruşsun, hətta onun tərtib etdiyi ittiham aktının nöqtə vergülünə toxunsun. Çünki Azərbaycan məhkəmələrinin bu gün notarius fünksiyasını həyata keçirməsi, prokurorluqdan gələn ittiham aktlarının təsdiqi ilə məşğul olması heç kim üçün sirr deyil”...
davamı olacaq
Загрузка...
Загрузка...

Xəbər lenti