Yunis Səfərovun işi Elmar Vəliyevin qohumundan alındı - Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq

Yunis Səfərovun işi Elmar Vəliyevin qohumundan alındı - Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
Загрузка...
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsiylə bağlı cinayət işində maraqlı gəlişmə baş verib. Criminal.az xəbər verir ki, təqsirləndirilən şəxslərin vəkillərinin işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etirazı təmin olunub. Fevralın 17-də məhkəmədə bu məsələni vəkillər qaldırıb.
Ölkəni silkələyən cinayəti törətməkdə təqsirləndirilən Y.Səfərov və digərlərinin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əfan Hacıyevin sədrlik etdiyi məhkəmə tərkibi baxacaq. Hazırlıq iclası martın 18-nə təyin olunub. Məhkəmədən faktı təsdiqləyiblər.
Sabiq icra başçısını güllələməkdə suçlanan Yunis Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev və daha iki hakimi - Məhəmməd Bağırov və Nural Əliyev baxırdı. Ötən məhkəmədə vəkil Nazim Musayev vəsatət verib ki, bu işə N.Əliyev baxa bilməz, ümumiyyətlə, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıla bilməz. Vəkil bu fikrini belə əsaslandırır:
«Məhkəmənin hazırlıq iclasından sonra məlum oldu ki, hakim Natiq Əliyevlə Elmar Vəliyev qohumdurlar. Bu barədə çox güman ki, məhkəmə tərkibindəki digər hakimlər də məlumatlıdır. Lakin məhkəmənin hazırlıq iclasında nə sədrlik edən Natiq Əliyev, nə də digər hakimlər bu məsələyə münasibət bildirmədi. Bununla da faktiki prosessual pozuntuya yol verdilər».
Vəkil N.Musayev hesab edirdi ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Deyir ki, N.Əliyev özü olmasa belə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin digər hakimləri də bu işə baxa bilməz. Çünki məhkəmənin sədri N.Əliyevdir, onun tabeliyində işləyirlər. Məhkəmə sədrinin sabiq icra başçısının qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qudasının qardaşı (gəlininin dayısı-red.) olduğu bildirilir.
Bundan başqa, bu cinayət işi üzrə təqsirləndirilən 12 nəfərdən ikisi - Ağa Sərxani və Anar Bağırov sağ deyil. Cinayət işinin materiallarında iddia olunur ki, onlar tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərdiklərinə görə öldürülüb. Hər ikisinə terrorçuluq, qəsdən adam öldürməyə cəhd və s. maddələrlə yanaşı, polisə müqavimət ittihamı da verilib. Vəkil deyir ki, hər ikisinin öldürülməsi Bakıda baş verib: «Cinayət işində bəhs olunan cinayət epizodlarının sonuncusu Bakıda olduğuna görə işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır».
Təqsirləndirilən şəxslər də, vəkil həmkarları da N.Musayevlə razılaşıb. Heç prokuror da etiraz etməyib. Deyib ki, vəkilin etirazı Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin, harada baxılması məsələsinə qərar verilsin. N.Əliyev özü Vəliyevlərlə qohumluq məsələsinə münasibət bildirməyib. O və digər iki hakim qərara alıblar ki, vəkilin etirazı baxılıb qərar verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanacaq.

Xəbər lenti