Yunis Səfərovun anası: “Elmar deyirdi ki, “Bakıda Əliyevlər, Gəncədə Vəliyevlər”

Yunis Səfərovun anası: “Elmar deyirdi ki, “Bakıda Əliyevlər, Gəncədə Vəliyevlər”
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsinin bir həftə sonra iki ili tamam olacaq. Ona sui-qəsddə ittiham olunan Yunis Səfərovun anası Leyla İsmayılova Meydan TV-yə bildirib ki, bu müddətdə nəinki oğlunun üzünü görməyib, heç səsini də eşitməyib. Təkcə özü yox, başqa ailə üzvləri, Yunisin 11 yaşlı qızı və 8 yaşlı oğlu da…
"Bir ölkədə ki məmurun sözü qanundan üstündür, o ölkənin gələcəyi ola bilməz”
"Bir gün uşaqları parka aparmışdım. Yunisin qızı atasıyla oynayan bir uşağa məyus-məyus baxırdı. Deyir: "Nə vaxtdır mən atamı görmürəm”. Ürəyim parçalandı. Bu uşaqların günahı nədir? Ən qatı cinayətkarların da hüquqları var və normal ölkələrdə təmin olunur. Qanun deyir ki, dustaq həftədə iki dəfə ailə üzvlərilə telefonla danışmalıdır, görüşmək imkanı olmalıdır. Bu qanunu saymırlar. Bizdə olan məlumata görə, bunu da Vəliyevlərin göstərişilə edirlər. Elmar Vəliyev artıq vəzifədə olmasa da, qardaşı Xanlar Vəliyev ölkənin hərbi prokurorudur, söz sahibidir. Amma bir ölkədə ki qanunun aliliyi yoxdur, məmurun sözü qanundan üstündür, o ölkənin gələcəyi də ola bilməz”, - deyə L.İsmayılova bildirib.

Onun fikrincə, Y.Səfərovun hadisədən sonra polis idarəsində işgəncəyə məruz qalması, sifətində qan, xəsarət izlərini göstərən fotolarının yayılmasından sonra kimsənin cəzalanmaması da məmur özbaşınalığının sübutudur: "Onun üz-gözü qan içində olan şəklini görəndə onurğa sümüyümdən ağrı tutdu, stress keçirdim. O vaxtdan səhhətimdə yaranan problemlər hələ də qalır. Kimisə güllələmək cinayətdir. Amma kiməsə işgəncə vermək də cinayətdir. Xüsusən bunu qanunun keşiyində dayanmalı olan adamlar edirsə...”
"Elmar deyirdi ki, "Bakıda Əliyevlər, Gəncədə Vəliyevlər”
Y.Səfərovun anasını narahat edən məsələlərdən biri də oğlunun terrorçuluqda ittiham edilməsi, icra başçısına qarşı sui-qəsdin dövlət çevrilişinə cəhd kimi təqdim olunmasıdır. L.İsmayılovanın sözlərinə görə, əslində, hadisənin əsl səbəbini E.Vəliyevin əhaliyə qarşı davranışlarında axtarmaq lazım idi:
"Yunisi tanıyanlar necə əxlaqlı, qanacaqlı biri olduğunu yaxşı bilir. Bunları niyə maraqlandırmadı ki, belə ədəbli bir adam, ali təhsilli hüquqşünas niyə birdən-birə gəlib bu işi tutmaqla öz həyatını puç eləsin? Əmisi oğlu deyildi, qonşusu deyildi ki, aralarında şəxsi ədavət olsun. Yunis rahat həyatını yaşayırdı. İnternetdə Elmar Vəliyevin adamlara qarşı elədiklərini, təhqirlərini görüb dözmədi. Damla-damla yığıldı, axırda səbri daşdı. Yuxarılar o internetdə yayılanları görmürdülər? Vaxtında Elmar Vəliyev haqqında ölçü götürsəydilər, belə olmazdı. İndi çox yalanlar ortaya atıblar – terror, dövlət çevrilişi…
Elmar Vəliyev ölkənin rəhbəri idi ki, onu öldürməklə hakimiyyət ələ keçirilsin? Əslində, hamı həqiqəti yaxşı bilir, sadəcə, terror donu geyindirmək sərf eləyir deyə, belə edirlər. Halbuki, səhvlərin ört-basdır edilməsi, yeni-yeni yalanlar başqa faciələrə yol aça bilər. Necə ki, Elmar Vəliyevin əməllərinə göz yumulması belə faciəyə gətirib çıxardı. Hamı bilir, Elmar deyirdi ki, "Bakıda Əliyevlər, Gəncədə Vəliyevlər”. Yunis sadəcə, diplom xətrinə oxumayıb, savadlı hüquqşünasdır. Təhsilini davam etdirmək istəyirdi. Mənim özümə demişdi, Fəlsəfə İnstitutuna daxil olmaq istəyirdi. Gəncə əhalisinin torpaqlarının əlindən alınması, məscidə girişin qadağan edilməsi, şəhid anasının təhqir olunması barədə xəbərlər bir-birinin ardınca yayılırdı. Bir atanın şikayəti vardı, qızını qaçırmışdılar. Bu hadisə sanki son damla oldu”.
L.İsmayılova deyir ki, oğlunun vəziyyətindən ancaq vəkil onun yanına gedəndən-gedənə xəbər tuta bilirlər. Onun sözlərinə görə, iki il ərzində ailə üzvlərinin, xüsusən uşaqlarının səsini belə eşitməməsi Yunisin psixoloji durumuna kəskin təsir göstərib.
Penitensiar Xidmət: "Bütün hüquqlarından istifadə edir”
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 19.7 maddəsində yazılıb ki, "həbsdə olan şəxslər həftədə iki dəfə 15 dəqiqəyə qədər müddətdə telefonla danışmaq hüququna malikdir”. Bu qanunun 19.8 maddəsində qeyd olunub ki, həbsdə olan şəxsin vəkili istisna olmaqla, digərlərilə görüşmək və telefonla danışıq hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Amma bunun üçün mütləq istintaq orqanının, yaxud həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı olmalıdır. Şəxs də hüquqlarının məhdudlaşdırılması barədə bu qərardan məhkəməyə, yaxud yuxarı vəzifəli şəxsə şikayət edə bilər.
Y.Səfərovun vəkili Bəxtiyar Hacıyev Meydan TV-yə bildirib ki, müvəkkilinin görüş və telefon danışığı hüququ məhdudlaşdırılsa da, ona bu barədə rəsmi qərar təqdim olunmur. Yazılı qərar olmadığına görə məhkəmə bu hüquq pozuntusuyla bağlı şikayətə baxmaqdan imtina edir. Vəkil Y.Səfərovun iki ildir ki, telefon danışığı və görüş hüququnun pozulmasıyla əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə şikayət məktubu göndərib. Lakin Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Mirsaleh Seyidovun imzasıyla ona gələn cavabda bildirilib ki, Y.Səfərov qanunda nəzərdə tutulan bütün hüquqlarından istifadə edir. Y.Səfərovun saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi də onun görüş və telefon danışığına qadağa qoymayıb.
"Əhalinin qisasını almaq üçün törətdiyini deyir”
E.Vəliyev və mühafizəçisi olan polisə qarşı sui-qəsd və ardınca Gəncədə baş verənlərə görə 70-ə qədər adam həbs olunub. Onların işi bir neçə qrupa ayrılıb. Y.Səfərovun daxil olduğu qrupda təqsirləndirilən şəxs qismində 12 nəfərin adı keçir. Onlardan ikisi – Anar Bağırov və Ağa Sərxani tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Onların işinə əvvəlcə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev baxırdı. Lakin Meydan TV-nin araşdırması nəticəsində məlum oldu ki, N.Əliyev bu iş üzrə zərərçəkmiş E.Vəliyevin qardaşı Xanlar Vəliyevin qudasının qardaşıdır. Bundan sonra vəkillər vəsatət qaldırdılar ki, həmin iş ümumiyyətlə, Gəncə Ağır Cinayətlər Məhkəməsindən alınsın. Vəsatət təmin edildi və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə verildi. Pandemiyaya görə proses təxirə salınıb.
"Nazirlər Kabinetinin qərarı var ki, məhkəmə zalında 10 nəfərdən artıq adam olmasın. Bu işdə təkcə təqsirləndirilən şəxslərin sayı on nəfərdir. Ölənlərin nümayəndələri, zərərçəkmişlər, vəkillər, hakimlər, prokuror, katib var. Ona görə məhkəmə keçirilmir”, - deyə vəkil B.Hacıyev bildirib.
Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd, sui-qəsd, qanunsuz silah saxlama və s. 30-a qədər maddə ilə ittihamlar irəli sürülüb.
Vəkili deyir ki, Y.Səfərov özünü qismən təqsirli bilir: "Etiraf edir ki, hadisəni özü törədib. Amma cinayətin motivi ilə bağlı ittihamda yazılanlarla razılaşmır. Onun bu əməli terror, çevriliş məqsədilə törətdiyi iddia olunur. O isə bildirir ki, qisas almaq məqsədilə törədib. Qisasçılıq da şəxsən özü ilə bağlı deyil. Qarşı tərəfin əhaliyə qarşı elədiklərinin qisasını almaq istədiyini deyir”.

Xəbər lenti