Yunis Səfərov: Silah açılmadı, qundağıyla vurdum...

Yunis Səfərov: Silah açılmadı, qundağıyla vurdum...
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi öldürməyə cəhddə ittiham olunan Yunis Səfərov bildirir ki, onu vurmaq istəyəndə silah açılmayıb, güllə atılmayıb. Ona görə də silahın qundağıyla baş nahiyəsindən xəsarət yetirib. Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə araşdırılır.
Məhkəmə iclasında jurnalistlərin iştirakına qadağa qoyulub. Buna baxmayaraq, ötən məhkəmə iclasında Y.Səfərovun verdiyi ifadə Meydan TV-də yayımlanıb. Bunun qarşısını almaq üçün noyabrın 5-də keçirilən növbəti iclasla vəkillərin telefonlarının alınmasına göstəriş verilib. Vəkillər bunu təzyiq kimi qiymətləndirərək, etiraz edib. Bildiriblər ki, əgər tərəflər bərabər hüquqludursa, o zaman prokurorların da telefonları alınsın. Üstəlik, məlumatın yayılmasına görə heç bir sübut olmadan vəkilləri ittiham etmək də təzyiqdir. Ən əsası, açıq məhkəmə iclasıdır və belə ictimai önəmli prosesdə jurnalistlərin iştirakına qadağa qoymağın özü qanun pozuntusudur. Budəfəki məhkəmə iclasında Y.Səfərov prokurorun suallarını cavablandırıb. O bildirib ki, istintaqdakı ifadəsini qismən təsdiqləyir. Çünki həmin ifadəyə işgəncə altında imza atıb: "O ifadələrin əksəriyyəti insanlığa zidd yolla alınıb...”
Bu məhkəmə prosesində Y.Səfərovdan əlavə, daha 11 nəfər də mühakimə olunur. Y.Səfərova onlar, həmçinin Rusiyada yaşayan başqa tanışları haqda da suallar verilib. O, bu barədə sualların bir çoxunu cavablandırmaqdan imtina edib: "Mənə işgəncə verilməsəydi, şəxsi həyatım barədə istintaqda da danışmayacaqdım”. Təqsirləndirilən şəxslərdən Mahir Əzizovu Moskvada məktəbdən tanıdığını bildirib. Onun sözlərinə görə, Mahir bacısı ilə eyni sinifdə oxuyurdu. Özü isə həmin vaxt məktəbdə "İnsan və cəmiyyət” fənnini tədris edirdi.
Tanıdığı şəxslərlə söhbətlərində Azərbaycan hakimiyyəti barədə nə danışması barədə sualı cavablandıran Y.Səfərov bildirib ki, vətənindəki problemləri daim müzakirə edirdi: "Ölkədə baş verən acınacaqlı halların aradan qalxması üçün hər kəs belə müzakirələr aparmalıdır. Biz düşünmüşük ki, hər şey hüquqi yolla həll olunmalıdır. Hüquqi yolla həll olunmayanda başqa yola əl atılır. Sanki bir yanğın baş verib, mən də istəmişəm ki, ora yarım vedrə su atım. Yəni hansısa yolla kömək edim. İstəyirdim ki, hər şey qanun çərçivəsində olsun. Amma gördüm ki, alınmadı".
Y.Səfərov bildirib ki, istintaq zamanı imzaladığı ifadə qanuni sübut deyil: "Çünki o ifadə qeyri-insani davranış nəticəsində ortaya çıxıb. Qanuni yolla əldə olunmuş ifadə deyil. Situasiya belədir, məsələn, Kəlbəcərdə qızıl yatağı var, oradan qanunsuz olaraq qızıl çıxarıb, saat düzəldiblər. Dolayısıyla həmin saatın da qanunsuz olması anlamına gəlir”.
İttihamda yazılıb ki, təqsirləndirilən şəxslərdən Hamlet Abdullayev Y.Səfərova 260 dollara odlu silah satıb. Y.Səfərov ondan silah almadığını bildirib. Bu epizodla əlaqədar prokuror H.Abdullayevə də sual verib. O, cavabında bunları deyib: "Üzləşmədə Yunis dedi ki, "mənə çox əziyyət verirlər, haqqını halal elə". Buna görə müstəntiqə dedim ki, nəyə istəyirsiz, qol çəkirəm. Müstəntiq Orxan Hacıyev idi”.
Adıçəkilən müstəntiq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşı idi. O, ötən il icraatında olan qətl hadisəsilə bağlı zərərçəkmiş tərəfdən rüşvət tələb etməkdə ittiham olunaraq vəzifəsindən azad edilib. Daha sonra dələduzluq ittihamıyla cinayət məsuliyyətinə cəlb edilib. Y.Səfərov onu da bildirib ki, icra başçısına qarşı sui-qəsddə digər təqsirləndirilən şəxslərin, digər tanışlarının heç birinin rolu olmayıb: "Kömək eləsəydilər, izləyərdilər, yerini müəyyənləşdirərdilər, mən niyə gedib icra hakimiyyətində eləyirdim bunu? Çünki onun haqqında başqa heç bir məlumatım yox idi. Kömək eləyən silah tapardı. Mən özüm silaha görə bankdakı mühafizə polisinə xəsarət yetirib silahını almağa məcbur olmazdım. Dəstə başçısı küçələrdə qalar? Qalmağa yer tapmırdım. Bunlar hamısı yalan şeylər düzüb-qoşublar”. Y.Səfərov suallara cavabında onu da bildirib ki, Qum şəhərində təhsil alıb, orada ailəsilə kirayə qalıb.
"Hiss edirəm ki, burada riyakarlıq baş verir. İstintaqda mənimlə heyvan kimi davranırdılar. İndi burada mədəni şəkildə, sakitcə bir-bir suallar verirsiz...", - deyə Y.Səfərov bildirib.
Y.Səfərovun sözlərinə görə, o, hadisədən əvvəl hazırladığı videomüraciətdə ziyalılara səslənərək, onları ölkədəki problemlərə biganə qalmamağa çağırıb. Həmin müraciəti internetə də yerləşdirib: "40 dəqiqəlik müraciət idi. Bilirdim ki, Elmarı vursam, ya öldürəcəklər, ya da həbs edəcəklər. Amma polisə xəsarət yetirmək niyyətim yox idi. Buna görə təəssüf hissi keçirirəm. O polis Elmarın cangüdəni idi. Həmin gün icra hakimiyyətinin pilləkənlərilə çıxanda soruşdular ki, hara gedirsən. Bu vaxt Elmar da onunla gəlirdi. Bu, mənim üstümə tərəf gəldi. Silahı çıxarıb onu çəkindirmək istədim. Çəkilməyəndə vurdum, amma yıxılmadı. İkinci dəfə atəş açdım. Elmarla aramızda bir metrdən də az məsafə vardı. Onu vurmaq istəyəndə silah açılmadı, güllə atmadı. Ona görə tutub, tapançanın qundağı ilə başına vurdum”. Y.Səfərov bir daha baş verənlərdə səlahiyyət sahiblərinin günahı olduğunu vurğulayıb. O bildirib ki, adi vətəndaşdan hər addımda hesab soran səlahiyyətli şəxslər məmur özbaşınalığına göz yumur: "Elmar nə hoqqalardan çıxırdı, amma heç kim qarşısını almırdı...”
Y.Səfərov əlavə edib ki, ailə üzvlərinin icra başçısının qəbulunda kobud rəftara məruz qalmasına görə bu hadisəni qisas məqsədilə törətməsi haqda deyilənlər yalandır: "Qəsdən bu şayiə yayılmışdı, şəxsi zəmində baş vermiş hadisə kimi göstərmək istəyirdilər. Halbuki, mən bunu Elmarın bütün əhaliyə elədiklərinə görə törətmişəm”. Noyabrın 10-da keçiriləcək növbəti məhkəmə iclasında Y.Səfərov vəkillərin suallarını cavablandıracaq.

Xəbər lenti