Yunis Səfərov aclıq aksiyasını təxirə salıb

Yunis Səfərov aclıq aksiyasını təxirə salıb
 "Gəncə işi”nə görə həbs olunanlar hökmü gözləmək qərarına gəliblər
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və onunla birlikdə təqsirləndirilən daha 9 nəfər prokurorun onlara ağır cəza tələbinə etiraz olaraq, martın 31-də aclıq aksiyasına başlayıb. Lakin saxlandıqları Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun onlarla söhbətindən sonra aksiyanı təxirə salıb, hökmü gözləmək qərarına gəliblər. Bu barədə Meydan TV-yə Gəncə işi üzrə təqsirləndirilən şəxslərin yaxınları məlumat verib.
"Məhkəmənin əvvəlində hakim söz verirdi ki, "obyektiv araşdırma aparılacaq, səbrli olun”. Məhkəmə prosesində baş verənlər göstərdi ki, heç bir ədalətli araşdırmadan söhbət gedə bilməz. Hakim özünü polislərin vəkili kimi aparırdı. Prokurorun çıxışı da göstərdi ki, məhkəməyə əvvəldən inamsızlıq səbəbsiz deyilmiş. Onlar da bu ədalətsizliyə etiraz edirlər. Yunis Səfərov açıq şəkildə deyir ki, Elmar Vəliyevi adamlara zülm elədiyinə görə vurub. Bir məmurun özbaşınalığına görə bu hadisənin baş verdiyini etiraz etmək istəmirlər. Terror donu geyindirmək üçün o qədər günahsız adamı qurban verirlər. Bu adamlar da günahları olmadığı halda, cəzalandırılmalarına etiraz edirlər. 19-20 il həbs ağızda asan məsələdir. Bu qədər insafsızlıq, qansızlıq olmaz axı…”, - təqsirləndirilən şəxslərdən Cəfər Zalovun həyat yoldaşı Günay Zalova bildirib.
Onun sözlərinə görə, martın 31-də Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov Gəncə işi üzrə mühakimə olunan şəxsləri qəbul edərək, aclığı dayandırmalarını tövsiyə edib: "Onları inandırıb ki, hələ son qərar verilməyib, hökm qarşıdadır, bu sadəcə, prokurorun çıxışıdır, məhkəmə başqa nəticəyə gələ bilər. Onlar da müvəqqəti dayandırıb, hökmü gözləmək qərarına gəliblər”.
Martın 30-da məhkəmədə prokuror çıxış edərək bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş terrorçuluq, qəsdən adam öldürməyə cəhd, dövlət çevrilişi, qanunsuz silah saxlama və s. ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. O, təqsirləndirilən şəxslərdən Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov və Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Bu iş üzrə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, onlardan ikisi - Anar Bağırov və Ağa Sərxani həyatda yoxdur.
Onların hər ikisi 2018-ci ilin iyulunda saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib. Məhkəmə prosesi aprelin 13-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək. 2018-ci ilin iyulunda Elmar Vəliyevi öldürməyə cəhd edən Yunis Səfərov məhkəmədə ifadə verərkən sabiq icra başçısını əhaliyə qarşı davranışlarına görə öldürmək istədiyini bildirib. Hərəkətindən peşman olmadığını vurğulayan Yunis Səfərov onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib və onların azadlığa buraxılmasını istəyib. O, terror törətmək, dövlət çevrilişinə cəhd etməsi haqda ittihamda yazılanları da təkzib edib.

Xəbər lenti