“Yoldan torba tapdı”, içindən zəhər çıxdı

“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
 Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunan 41 yaşlı Rövşən Miriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, Lənkəran şəhər sakini, faktiki olaraq Yasamal rayonu ərazisində yaşayan Rövşən Miriyevin narkoticarətlə məşğul olması barədə hüquq-mqhafizə orqanlarına məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı ötən il oktyabrın 9-da Nərimanov rayonu, Xətai prospekti 2 ünvanında saxlanılan Rövşən Miriyevin üzərindən 1 ədəd psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Onun faktiki yaşadığı Yasamal rayonu, A.Şaiq küçəsi ev 15, mənzil 26 ünvanına baxış keçirilərkən 140 qram metamfetamin və 95 qram çətənə aşkarlanıb. Törətdiyi cinayət əməlinə görə R.Miriyevə Cinayət Məcəlləsinin 234.3.4-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, Yasamal rayon məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

İstintaqla müəyyən edilib ki, R.Miriyev istintaqa məlum olmayan mənbədən satış məqsədilə əldə etdiyi marixuananı və külli miqdarda metamfetamini yaşadı mənzildə saxlayıb. Polis əməkdaşları tərəfindən həbs olunan gün metafetaminin bir hissəsini özü ilə götürərək Nərimanov rayonu ərazisinə yollanıb. Təqsirləndirilən Rövşən Miriyev ifadəsində eyni əmələ görə Nərimanov rayon məhkəməsinın 11 dekabr 2019-cu il tarixli hökmü ilə 1 il 5 ay şərti cəza aldığını, saxlanılan günədək cəzasının bitmədiyini göstərib.
İdmanın ağır atletika növü ilə məşğul olduğunu, ayağındakı ağrıları sakitləşdirmək üçün marixuana və metafetamin qəbul etməyə başladığını, narkotik vasitələri Bakı şəhərində tanımadığı şəxslərdən aldığını deyib. R.Miriyevin ifadəsinə inansaq, həbs olunmamışdan bir həftə öncə Mehdiabad qəsəbəsinə gedən yolda ağ rəngli selofan torba tapıb. Həmin torbanın içərisində ayrı-ayrılıqda üç büküm metafetamin və marixuana olub. Torbanı özüylə yaşadığı evə gətirib, bir qismini istifadə edib, yerdə qalanını isə mətbəxdə gizlədib. Ailə üzvlərinə mətbəxdə gizlətdiyi markotik vasitə barədə heç nə deməyib: 

"Həmin vaxt evdə təkdim, ailə üzvlərim Lənkərana getmişdilər. Səhər saatlarında özüm istifadə etmək üçün bir az metafetamin götürüb cibimə qoyub evdən çıxdım”. Qəribə odur ki, R.Miriyev səhər saat 08:00 radələrində özüylə psixotrop maddə götürüb evdən çıxıb. Yasamalda qərar tutmayıb və birbaş şəhərin o biri başına – Nərimanov ərazisinə yollanıb. Xətai prospektində dayanan zaman iki mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim ediblər, onlarla birgə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməyi təklif ediblər. R.Miriyev etiraz etməyib.
Polis idarəsində üzərinə baxış keçiriləcəyi bildirilib: "Üzərimdə olan qanunsuz əşya və maddə olduğu halda könüllü təqdim etmək təklif edildi. Şalvarın cibindən evin açarlarını, şəxsiyyət vəsiqəmi və gümüşü bükümü polislərə təqdim etdim. Bükümdəkinin metafetamin olduğunu dedim. Haradan əldə etdiyimi soruşdular, yol kənarından tapdığımı söylədim. Sorğu-sual zamanı yaşadığım ünvanda metefetamin və marixuana olduğunu da dedim. Özümün və müdafiəçimin iştirakı ilə evə videoçəkiliş əsasında baxış keçirildi. Mətbəxdəki ağ rəngli selofanı polislərə verdim. İçərisində üç büküm vardı. Aşkarlanan narkotik vasitə və psixotrop maddə zərfə qoyuldu, möhürləndi”. 

R.Miriyev heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını deyib: "Üzərimdən, yaşadığım mənzildən tapılan marixuana və metafetamini şəxsi istifadəm üçün saxlamışam. Narkotik vasitələri evdə saxlamağımın səbəbi ölkədə tətbiq olunan komendant saatı ilə əlaqədar gecələr narkotik satan şəxslərlə görüşə bilməməyim olub. Ona görə özüm uzun müddət istifadə etmək üçün evdə gizlətmişdim”. Müstəntiqlər isə əlbətdə ki, Miriyevin dediklərinə inanmayıblar və onun narkotik alverçisi kimi törətdiyi əməlin istintaqını tamamlayaraq işi məhkəməyə göndəriblər.

Xəbər lenti