Yol polisində Hacı peyda olub – VİLAYƏT EYVAZOVA ŞİKAYƏT

Yol polisində Hacı peyda olub – VİLAYƏT EYVAZOVA ŞİKAYƏT
Загрузка...
Azərbaycan vətəndaşı Firdovsi Bəhram oğlu Vəliyev Hacının əməllərindən şikayətçidir. Deyir ki, mülkiyyətçisi olduğu avtomobili Hacı girov götürüb və ancaq ödənc müqabilində azad edəcəyini bildirib. Söhbət məşhur qanqster Hacı Məmmədovdan getmir. Vətəndaşın şikayətində bəhs etdiyi Hacı Yol Polisində çalışır.
Vətəndaş deyir ki, onun mülkiyyətində olan nəqliyyat vasitəsi dostunda olub: "Maşını dostumun tanışı götürüb sürüb və yol polisi haqlı olaraq saxlayıb. Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sükan arxasında olan şəxsin sürücülük hüququ olmadığından maşını Respublika Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına aparıblar. Belə hallarda şəxs cərimə olunur. Nəqliyyat vasitəsi isə qanuna görə 60 manat cərimə ödəməklə mülkiyyətçiyə - yəni mənə qaytarılmalıdır. Yol Polisinin Binəqədi Ekologiya postunda kapitan rütbəli Hacı isə deyir ki, qanunda nə yazılıb mən bilmirəm, sən mənə dediyim məbləği verməsən maşının burada qalacaq”.
Vətəndaş deyir ki, Hacıya qanunsuz əməllərindən şikayət edəcəyini deyib: "Hacıya qanunu pozmamağı, dövlətin müəyyən etdiyi cəriməni ödəməklə mülkiyyətimi-maşınımı özümə qaytarmasını istədim. Əks təqdirdə daxili işlər naziri cənab Vilayət Eyvazova şikayət edəcəyimi bildirdim. Dedi ki, get kimə istəyirsən de, dediyim "şirinliyi” verməsən maşın burada qalacaq. Hörmətli nazirdən xahiş edirəm ki, Hacının qanunsuzluğunun qarşısını alınmasına göstəriş versin. Onun hərəkətləri polisin adına xələl gətirir. Sanki mən vətəndaş deyiləm, Hacı da yol polisinin səlahiyətlisi. Özünü qanunlardan üstün tutur. Ona görə də nazirdən xahiş edirəm ki, məsələni şəxsi nəzarətinə götürsün”. 
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi Kamran Əliyev Criminal.az saytına açıqlamasında bildirdi ki, avtomobilin sahibi 60 manat cərimə olunduqdan sonra maşını cərimə meydançasından çıxara bilər: "Həmin sürücü polis şöbəsinə yaxınlaşsın. Ona inzibati protokol tərtib edilsin. Bundan sonra avtomobilini müvəqqəti duracaqdan çıxarsın". 
Criminal.az bildirir ki, F.Vəliyevin avtomobili hələ də cərimə meydançasındadır. Hacı adlı polis zabiti avtomobilin sahibinə qaytarılması üçün məhkəmə hökmü tələb edir. 


Xəbər lenti