Yol polisi deputatın dediklərini təkzib etdi

Yol polisi deputatın dediklərini təkzib etdi
Загрузка...

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin iclasında millət vəkilləri Tahir Kərimli və Fəzail Ağamalı tədbirlərə gedərkən avtomobillərinin yol polisi tərəfindən müxtəlif vaxtlarda saxlanılmasından şikayətləniblər. F. Ağamalı deyib ki, Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub.

O bildirib ki, hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmayıb: “Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”. Musavat.com deputatın hansı nömrələrdən bəhs etdiyini öyrənmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb. V. Əsədov bildirdi ki, deputatın söylədiyi kimi xüsusi nömrələrin olması barəsində onda informasiya yoxdur:

“Adi nömrələrdir və hər şey qanunvericiliklə tənzimlənir. İnzibati xəta törədən hər bir şəxs məsuliyyətə cəlb edilir. Kimlərəsə xüsusi nömrələrin verildiyi haqda deyilənlər yalandır. İstisna nömrələr də mövcud deyil. Bir daha qeyd edirəm ki, hər şey qanunla tənzimlənir. Onu da qeyd edim ki, qanunda millət vəkilləri ilə bağlı xüsusi imtiyazlar mövcuddur. Lakin inzibati xəta buna aid deyil. Hesab edirəm ki, deputatların qaydanı pozduqları təqdirdə belə cərilənməməyi istəmələri qanunla qəbul edilə bilməz”.

Criminal.az

Xəbər lenti