Yenilənmiş siyasi məhbus siyahısı təqdim edilib

Yenilənmiş siyasi məhbus siyahısı təqdim edilib
Загрузка...

''Çatışmazlıq səbəbindən siyasi məhbuslar məhkəmə önünə vəkilsiz çıxıblar''

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib.

Siyahı 20 fevral 2019-cu ilədək olan dövrü əhatə edir.

Bu barədə İşçi Qrupun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 127 nəfərlə bağlı işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb, 54 nəfərin adını monitorinq altında olanların siyahısına salıb, 1 nəfəri isə monitorinqdən çıxararaq siyasi məhbus kimi tanıyıb.

İşçi Qrup 3 iyul 2018-ci ildə Gəncə İcra Hakimiyyəti başçısına qarşı sui-qəsd, daha sonra 10 iyulda Gəncədə iki polis əməkdaşının öldürüldüyü hadisə ilə bağlı həbs edilən 51 nəfəri aşağıdakı səbəblərdən monitorinq altında olanların siyahısına əlavə edir:

"Dövlət orqanları həbs edilənlərin təqsirsizlik prezumpsiyasını pozub; həbs edilənlərin ailə üzvlərinə 9 gün heç bir məlumat verilməyib; hadisələrin mütəşəkkil dəstə tərəfindən törədildiyi iddia olunsa da, bununla bağlı sübutlar ortaya qoyulmayıb; dövlət orqanları 10 iyulda baş verən hadisənin iğtişaş olduğunu iddia etsə də, bu video çəkiliş və ya hər hansı başqa sübutla təsdiq edilməyib; hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı aşırı gücdən istifadə olunub, nəticədə 6 nəfər ölüb; məhkəmə prosesləri rəsmi olaraq açıq olsa da, faktiki olaraq yarı-qapalı keçirilir, jurnalistlərdən məhkəmədə iştirak üçün akkreditasiya tələb edilir, məhkəmə prosesi zamanı qeyd aparmağa icazə verilmir, prosesdə iştirak edən jurnalistlərin müəyyən edilib hakim tərəfindən məhkəmə zalından çıxarılması halları müşahidə edilib”.

Qrupun siyasi məhbus kimi tanıdığı 127 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:

9 jurnalist və bloger (Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Fikrət Fərəməzoğlu, Elçin İsmayıllı, Mehman Hüseynov, Əfqan Muxtarlı, Ziya Əsədli),

1 şair (Tofiq Həsənli)

1 hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),

18 siyasi və ictimai fəallar (İlkin Rüstəmzadə, Asif Yusifli, Fuad Qəhrəmanlı, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Fuad Əhmədli, Gözəl Bayramlı, Əlikram Xurşudov,Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirov, Azad Həsənov, Əbülfəz Sadıqov),

67 inanclı fəal (Elxan Bünyadov, Lətif Əhmədov, Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, Rasim Cəbrayılov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Əbülfəz Bünyadov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-əli Yəhyayev, Elçin Qasımov, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Ramil Əliyev, Seyfəddin Şirvanov, İsa İbrahimov, Seymur Aslanov, Elxan İsgəndərov, Zülfüqar Mikayılov, Ruzi İsmayılov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Elman Ağayev, Əli Hüseynov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Elxan Həsənov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Sahib Həbibov, Əliəsgər Cabbarov, Rza Ağali, Ziya Tahirov, Xalid Kazımov, Elvin Nəsirov, Ceyhun Səfərli, Elimxan Hüseynov, Qorxmaz Camalov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Elnur Cavadov, Sərdar Babayev),

Ömürlük həbs olunma cəzasına məhkum olunan 3 nəfər (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),

14 sosial etirazlarla bağlı tutulan (onlardan 1-i 2013-cü il İsmayıllı, 3-ü 2015-ci il Mingəçevir, 10-u 2016-cı il Siyəzən etirazlarına görə tutulanlardır: Vasif İbrahimov, İlqar Xəlilov, Dilqəm Mahmudzadə, İlkin Abdullayev, Talıb Ağamaliyev, Kamran Abdullayev, Nizami Qəniyev, Zaur Şəkərov, Abasət Süleymanov, Müslüm Əzimov, Coşqun Bəğişov, Fariz Kərimov, Namiq Məstanov, Elçin Əliyev),

2 keçmiş dövlət məmuru (Əli İnsanov və Rüfət Səfərov),

4 siyasi girov (Elnur Seyidov, Mübariz Abdullayev, Murad Ədilov, Emin Saqiyev),

8 nəfər Səid Dadaşbəyli və onunla birgə tutulanlardır (Rəşad Əliyev, Fərid Ağayev, Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov, Samir Qocayev, Rasim Kərimov, Bəybala Quliyev).

Hesabat dövründə azadlığa buraxılanlar

İşçi Qrupun 01sentyabr 2018-ci ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 4 nəfər azadlığa buraxılıb. Onlardan 2 nəfər (Mikayıl İdrisov, Emil Möhbalıyev) cəzasının müddəti bitdiyi üçün, 2 nəfər (Məmməd İbrahim və Telman Şirəliyev) məhkəmə qərarları ilə azad edilib. 3 nəfər yeni şəxsi (Azad Həsənov, EminSaqiyev, Əbülfəz Sadıqov) İşçi Qrup siyasi məhbus kimi tanıyaraq əsas siyahıya əlavə edib.

Cəzasının müddəti bitən siyasi məhbuslara qarşı yeni cinayət işi açılıb

İşçi Qrupun öncəki hesabatı yaymasından (01 sentyabr 2018-ci il) keçən müddət ərzində üç siyasi məhbus -16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş Telman Şirəliyev, Məmməd İbrahim və Elnur Cavadov müxtəlif vaxtlarda cəzalarının müddətinin bitməsinə bir neçə gün qalmış yastıqlarının altından qadağan olunmuş əşya aşkarlandığı iddiası ilə yenidən cinayət məsuliyyətinə cəlb edilərək 6 aya qədər azadlıqdan məhrum ediliblər. 14 saylı Cəzaçəkmə müəssisəsində video-bloger Mehman Hüseynov da oxşar ssenari ilə qarşılaşıb. Dekabrın 26-da cəzasının müddətinin bitməsinə iki ay qalmış müəssisənin əməkdaşına xəsarət yetirdiyi iddiası ilə video-bloger haqqında cinayət işi açılıb. M.Hüseynova qarşı yeni cinayət işinin açılması ciddi beynəlxalq reaksiyalara səbəb olub. 17 yanvar 2019-cu ildə Avropa Parlamenti "Azərbaycanda insan haqları, demokratiya vəqanunun aliliyinin pozulması iləbağlı qətnamə” qəbul edib. Sənəddə M.Hüseynovun dərhal, qeyd-şərtsiz azad edilməsi, ona qarşı yeni ittihama xitam verilməsi hökümətdən tələb edilib. 22 yanvar 2019-cu ildə Azərbaycan Prezidentinin tövsiyəsi əsasında video-bloger barəsindəki cinayət işinin icraatına istintaq orqanı tərəfindən xitam verilib. Saxta ittihamla barəsində ikinci cinayət işi qaldırılan Məmməd İbrahim 13 fevral 2018-ci ildə ikinci həbs müddətinin başa çatmasına 35 gün qalmış, eyni hal ilə qarşılaşan Telman Şirəliyev isə 18 fevral 2018-ci ildə ikinci həbs müddətinin bitməsinə 27 gün qalmış məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Adı siyahıda olan daha bir neçə məhbus, o cümlədən həbs müddəti başa çatmış Əli İnsanov saxta ittihamlarla barəsində qaldırılmış iki cinayət işi üzrə həbsdə qalmaqda davam edir.

Siyasi məhbuslar faktiki olaraq hələ də vəkillərsiz qalıblar

2017-ci ilin sonundan etibarən vəkillərə qarşı intensivləşən təzyiq və təqiblərin nəticəsi olaraq, İşci Qrup ilə əməkdaşlıq edən vəkillərdən bir çoxunun vəkillik fəaliyyəti dayandırıldıqdan sonra siyasi məhbusların müdafiəsində yaranan çətinliklər artmaqda davam edib. Elə situasiya yaranıb ki, vəkil çatışmazlığı səbəbindən siyasi məhbuslar məhkəmə önünə vəkilsiz çıxıblar, hətta bəziləri məhkəmə şikayətlərini özləri yazmaq məcburiyyətində qalıblar. İşçi Qrup bu vəziyyəti nəzərə alaraq siyasi məhbuslarla əlaqədar işlərin yerli hüquq müdafiə vasitələrini tükətmədən Avropa Məhkəməsinə təqdim olunması ilə bağlı Məhkəmə önündə məsələ qaldırması üçün Avropa Şurası İnsan Hüquqları Komissarına çağırışlar edib.

Avropa Şurasında siyasi məhbus problemi ilə bağlı müzakirələr

2019-cu ilin yanvar ayının 22-dəAŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin edilmiş İslandiyadan olan deputat Torhildur Sunna Varsdottir siyasi məhbuslarla bağlı ilkin memorandumu hazırlayaraq AŞPA İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim edib. Məruzəçi həmin sənədi hazırlayarkən Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun hazırladığı Siyahıya istinad etdiyini vurğulayıb. Memorandumda Azərbaycanda siyasi məhbus problemi təhlil edilib və ilkin qiymətləndirmə aparılıb. Məruzəçi QHT liderləri, hüquq müdafiəçiləri, siyasi fəallar, jurnalistlər, blogerlər və vəkillərə olan təzyiqlərə toxunub, ölkədə demokratik institutların fəaliyyətinə yaradılan maneələrlə bağlı öz narahatlığını ifadə edib. O, siyasi məhbuslarla bağlı Azərbaycan hakimiyyətinin münasibətini öyrəndikdən sonra öz siyahısını hazırlayacağını bildirib.

Ölkədə siyasi motivlə həbs edilənlərin sayı daha çoxdur

İşçi Qrup hər dəfə olduğu kimi, bu dəfə də bir məqamı təəssüflə qeyd edir ki, ölkədə siyasi məhbusların sayı siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdirməkdən çəkindirir.

Digər tərəfdən, hüquqi məlumatsızlıq,vəkillərə qarşı aparılan repressiv siyasətdən sonra bu insanlara hüquqi yardım etmək üçün, sadəcə, bir neçə vəkilin qalması, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsi bu şəxsləri siyasi məhbus kimi tanımaq üçün zəruri olan məlumatların və sənədlərin toplanmasını çətinləşdirir.

Загрузка...
Загрузка...

Xəbər lenti