"Yazılan sözlər məni ciddi üzdü"

Загрузка...
Millət vəkili Qənirə Paşayeva məşhur iqtisadçı Qubad İbadoğlunun "qrantyeyən" deputatlar haqda yazısına reaksiya verib. Q.Paşayeva iqtisadçının yazısına təəccübləndiyini və təəssüf hissi keçirdiyini qeyd edib:
"İqtisadçı alim Qubad İbadoğlunun mənim də rəhbərlik etdiyim qeyri-hökumət təşkilatının adı olduğu bir siyahını yayımladığı və Qarabağ həqiqətlərinin təbliği ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihə ilə bağlı müraciətimizə tənqidi yanaşması barədə məlumatı gördüm. Açıqcası təccübləndim və təssüf etdim. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin kollektivi hər hansı xarici ölkəyə və ya təşkilata hər hansı bir layihə ilə bağlı deyil (bu günə qədər heç bir xarici ölkə və təşkilatdan qrant alınmayıb), öz ölkəmizdə dövlətimizin qeyri-hökumət təşkilatlarına dəstək göstərilməsi üçün yaratdığı quruma müraciət etmişik(Qarabağ həqiqətlərinin təbliği də qurumun əsas istiqamətlərindən biridir) və buraya statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının yaratdığı qeyri-hökumət təşklatı müraciət edə bilər. Layihəni təşkilat elektron olaraq müsabiqəyə təqdim edib və ekspertlər tərəfindən müsabiqədə müsbət dəyərləndirilib".
Millət vəkilinin sözlərinə görə, bu günə qədər bu barədə heç zaman danışmayıb və belə bir fikri də olmayıb, çünki Qarabağ həqiqətlərinin təbliği istiqamətində gördükləri bütün işləri özlərinə bir borc biliblər: "Amma yazılan sözlər məni və bu işə neçə illərdir təmənnasız əmək verən insanları ciddi üzdüyü üçün yazmağı qərara aldım. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin fəaliyyət göstərdiyi 10 ildən artıq zaman ərzində əsas fəaliyyəti Qarabağ həqiqətlərinin xarici ölkələrdə təbliği, erməni yalanlarına qarşı mübarizə olub və bu istiqamətində bu günə qədər onlarla ciddi layihələr həyata keçirib. Bunla bağlı mətbuat və mediada kifayət qədər məlumatlar verilib. Bu layihələrin həyata keçməsi üçün isə dövlət qurumlarından (xarici ölkə və qurumlar zatən bu cür layihələrə heç bir zaman dəstək verməz) heç zaman maliyyə vəsait almayıb. Mən də daxil olmaqla bu işə təmənnasız könül verən insanların təşkilatı olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB öz vəsaitləri, öz əmək haqlarımızdan ayırdığımız vəsaitlər hesabına etmişik bu işləri illərlədir. Qarabağ həqiqətləri ilə bağlı 6 sənədli film hazırlanıb, xarici dillərə tərcümə olunub, xaricdə təqdimatları keçirilib, yayılıb. Qarabağ həqiqətləri ilə bağlı öz imkanlarımızla 3 kitabı xarici dillərdə hazırlamışıq, çap etdimişik və xarici ölkələrdə təqddimatlarını təşkil etmişik. 10-dan artıq şəhərdə Qarabağ parklarının salınmasına nail olmuşuq.Bu siyahanı çox uzatmaq olar. Amma məncə yetərlidir çünki bunlarla bağlı mətbuatımızda kifayət qədər məlumatlar yayılıb və bilmək istəyən araşdırıb oxuya bilər".
"Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına isə yarandığı 10 ildən artıq vaxt ərzində təşkilatımız nadir hallarda müraciət edib və bu Azərbaycanın hüqudlarından kənarda bir neçə şəhərdə Qarabağ abidəsinin qoyulması ilə bağlı olub. Çünki bir şəhərin mərkəzində Qarabağ abidəsinin qoyulması(və orada da məlumatların qeyd edilməsi, onilllərlə hər gün o şəhərdə Qarabağ həqiqətlərinin təbliği deməkdir). Şuranın layihəyə cavab olaraq ayırdığı 7 min manat vəsait isə Qarabağ abidəsinin hazırlanması üçün ölkəmizdə memar və heykəltaraşlara ödədiyimiz məbləğin hamısını belə ödəyə bilməyib. Qalan hissəsi məhz biz bu işə könül verərək bu təşkilatı yaradan insanların öz əmək haqlarından ayırdığı vəsaitlə ödənilib. Aksaray vilayətinin mərkəzində ucalan Xarı Bülbül abidəsi(onun üzərində Qarabağa aid simvollar işlənib) bildiyim qədər Boluda ucaldılmasına bizim də dəstək olduğumuz Xarı Bülbül Abidəsi ilə birlikdə ölkəmizin hüdudlarından kənarda bir qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən ilk və çox nadir layihələrdəndir. İndi isə bu işləri Avropada da genişləndirmək istəyirik. Yenə də sadəcə abidənin hazırlanması üçün lazım olan vəsaitin, heç olmasa yarısına dəstək olunması üçün təşkilatımız dövlətimizin yaratdığı quruma müraciət edib. Yarısını yenə də öz imkanlarımızla edirik(gücümüz imkan versə hamısını özümüz edərdik) və bunu özümüzə borc hesab edirik. Qarabağ həqiqətlərinin təbliğini özünün vəzifəsi olaraq bilən bir ziyalı olaraq həm millət vəkili kimi həm də bu işə təmənnasız könül verən insanların təmsil olunduğu bir qeyri-hökumət platformasına da rəhbərlik edən şəxs kimi bütün platformalardan istifadə edərək bu işləri görmək istəyirik və bunun üçün bir zaman kiminsə bizi günahlandıracağı ağlımızdam belə keçməzdi. Nə isə... Bunları sadəcə gerçəkləri bilmək istəyənlər üçün yazdım"- deyə Q.Paşayeva gördükləri işlər haqda yazıb.

Xəbər lenti