Yasamal hadisələrinə görə vəkil Cavad Cavadova xəbərdarlıq edildi

Yasamal hadisələrinə görə vəkil Cavad Cavadova xəbərdarlıq edildi
Загрузка...
 "Gələcəkdə belə hərəkətlər davam etdirilsə, daha ciddi tədbirlər görüləcək
Vəkillər Kollegiyasının rəhbərliyi iyunun 8-də Yeni Yasamalda həbs olunanlardan Kərim Süleymanlıya qarşı işgəncə şikayətini ictimailəşdirdiyinə görə vəkil Cavad Cavadova xəbərdarlıq edib. Bu barədə Vəkillər Kollegiyasının özü məlumat yayıb.
Kollegiya rəhbərliyi iddia edir ki, C.Cavadov hüquqlarını müdafiə etdiyi K.Süleymanlının Yasamal rayonu, 29-cu polis bölməsində 5 saat döyülməsi barədə dediklərini, üzərindəki xəsarətləri sosial şəbəkələrdə yaymaqla, "məsələyə geniş ictimaiyyət tərəfindən yanlış fikir formalaşdırılmasına rəvac verib”.
Kollegiya C.Cavadovun bu hərəkətinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, "Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnaməyə zidd olduğunu vurğulayır.
"Bununla əlaqədar Cavad Cavadov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq, onunla müvafiq söhbət aparılıb. Xəbərdarlıq edilərək tapşırılıb ki, vəkillik fəaliyyətini həyata keçirərkən qanunvericiliklə nəzərdə tutulmuş üsullardan istifadə etsin. Ona bildirilib ki, gələcəkdə belə hərəkətlər davam etdirilsə, daha ciddi tədbirlər görüləcək”, - deyə Vəkillər Kollegiyasının yaydığı məlumatda bildirilir.
Vəkil Cavad Cavadov Kollegiyanın qərarını şərh etmək istəməyib. O bildirib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və üzvlərilə aralarındakı danışıqları açıqlamaq istəmir. Vəkillər Kollegiyasının Rəyasət Heyəti bənzər hadisəyə görə vəkil Yalçın İmanovun fəaliyyətinə xitam verilməsi haqda qərar qəbul etmişdi. Y.İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə medianın suallarını cavablandırdığına görə vəkillikdən uzaqlaşdırıldı.
Y.İmanov isə bildirir ki, Vəkillər Kollegiyası bu cür davranışla faktiki öz üzvlərindən işgəncə hallarına susqun qalmağı tələb edir: "Vəkil qadağan olunmayan bütün üsul və vasitələrdən istifadə etməklə, müdafiəni həyata keçirməlidir. Harada yazılıb ki, işgəncə haqda danışmaq olmaz? Əksinə, vəkilin borcudur ki, müvəkkilinə qarşı işgəncə baş veribsə, bununla bağlı bütün lazımi addımları atmalıdır”.

Xəbər lenti