Yaqubluya dəstək aksiyasının onlarla iştirakçısını saxlayıb

Yaqubluya dəstək aksiyasının onlarla iştirakçısını saxlayıb
 Polis müxalifətçi siyasətçi Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsinə etiraz olaraq keçirilən bugünki aksiya ilə əlaqədar yüksək təhlükəsizlik tədbirləri həyata keçirib. Sosial şəbəkələr vasitəsilə aksiya saat 15:00-da Konstitusiya Məhkəməsi binasının qarşısında təyin edilmişdi. Lakin o vaxta qədər KM-in binasına girişlər gücləndirilmiş polis dəstələri və DİN çevik alayının qüvvələri tərəfindən bağlanıb. Bununla əlaqədar etirazçılar Azərbaycan prospektində "Monolit” binasının qarşısında toplaşmağa qərar veriblər. Amma polis "Tofiq Yaqubluya azadlıq!” şüarını səsləndirənləri və ya geyimində onun təsviri olan şəxsləri dərhal saxlayıb. Saxlanılanları avtobusa və post-patrul maşınlarına oturdaraq aparılıblar. 
Bakı şəhər Baş Polis İdarəsi bu gün Bakıda keçirilən aksiya ilə bağlı məlumat yayıb: "Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar. Saxlanılan və ya həbs edilən olmayıb”.
Qeyd edək ki, aksiya iştirakçıları Müsavat partiyasının sabiq sədr müavini Tofiq Yaqublunun azadlığa buraxılmasını tələb ediblər. T.Yaqublu məhkəmənin hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti