“Ya oğlumu azad et, ya da məni tut”

“Ya oğlumu azad et, ya da məni tut”
Загрузка...
 Gəncə hadisələrində həbs olunanların yaxınları aksiya keçirməyə cəhd ediblər
Ötən ilin iyulunda Gəncə hadisələrində həbs olunanların yaxınları avqustun 21-də aksiya keçirib. Onlar "Şəhidlər Xiyabanı”ndan Prezident Administrasiyasına qədər yürüş keçirməyə cəhd ediblər. Bu barədə məlumatı "Turan” İnformasiya Agentliyi yayıb.
Agentlik bildirib ki, etiraz edənlər əllərində "Ya oğlumu azad et, ya da məni tut” sözləri yazılmış plakatlar tutaraq, uşaqlarının heç bir günahı olmadan həbs olunmasını vurğulayıblar. "Orada (Gəncədə - red.) uşaqlar nə ediblər ki? Əlində qılınc yox, avtomat yox, daş yox, taxta yox, heç nə yoxdur uşaqların əlində. Mənim oğlum skameykada oturub. Buna görə adama 8 il iş verirlər?”.
Aksiya iştirakçıları bildiriblər ki, səlahiyyətli orqanların nümayəndələri onlara narahat olmamağı, hər şeyin yaxşı olacağını desələr də, 13 aydır onlar Bakının küçələrində çarəsiz qalıblar. "Bu nə haqsızlıqdır? Ölən də bəlli, öldürən də, sifarişçilər də. Bu, hamısı dövlətin dırnaqarası məmurlarının arasında olan kürsü davasıdır. Bizim balalarımız isə bu oyunun qurbanıdırlar. Bu dövlətdə bizim yaşamağa hüququmuz yoxdursa, balalarımız kimi, bizi də həbs etsinlər”. Onlar prezidentdən həmin məmurlar barəsində ciddi tədbir görməyini xahiş ediblər və Gəncə işində ədalətin bərqərar olmasını tələb ediblər. Əraziyə cəlb olunmuş polis qüvvələri yolu kəsərək yürüşə imkan verməyiblər.
Aksiyanın iştirakçısı Sevinc Hüseynova saxlanılaraq Səbail Rayon 9-cu polis bölməsinə aparılıb. Lakin az müddətdən sonra o, sərbəst buraxılıb. Aksiyanın sonunda iştirakçıların ikisini Prezident Administrasiyasında görüşə dəvət ediblər.
2018-ci ilin iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlamadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyət üçün açıqlaya bilməyib.
Rəsmi məlumata görə, 2018-ci ilin iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.
Fakt üzrə Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hadisələrdən sonra hüquq- mühafizə orqanlarının əməkdaşlarının əmrinə tabe olmayaraq silahlı müqavimət göstərən 6 şəxsin öldürüldüyü bildirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti