"Xərçəng” necə agentə çevrildi? – OĞRUNUN MEMUARI – II HİSSƏ

Загрузка...
Əfsanəvi polis xəfiyyəsi - Ejen-Fransua Vidokun 1828-ci ildə yazdığı elmi-fəlsəfi memuar xarakterli "Parisin sirləri”, "Oğru: əxlaq və psixologiya” əsərləri Onore de Balzakın yazdığı ön sözlə nəşr olunub. Təhlil və araşdırmalara görə, Vidokun təcrübəyə əsaslanan qeydləri və tövsiyələri tərbiyəvi mahiyyət daşımaqla, əməliyyat-axtarış işinin, kriminalistikanın konstitusiyasıdır. Bunu nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsinin "Polis” qəzetinə istinadla Vidokun "Parisin sirləri”, "Oğru: əxlaq və psixologiya” əsərlərindən parçaların Azərbaycan dilinə tərcüməsinin II hissəsini təqdim edirik.
Hər bir cinayətkar kiminsə çox yaxın tanışıdır. Onun əməlləri barədə mütləq ikinci adam məlumatlıdır. Elə adam doğulmayıb ki, öz "qəhrəmanlığını” kiminləsə bölüşməsin
Cənab Anri mənə kuryer xidməti barədə məlumat toplamağı tövsiyə etdi, öyrəndim ki, qapıda unudulan kisə 712 nömrəli daşıma xidməti göstərən Gyusson adlı şəxsə məxsusdur. Mən bu barədə məlumat verdim, Gyusson vasitəsilə də Delzev qardaşları həbs olundu. Onlardan böyüyü polislə əməkdaşlığa razılıq verdi. Cənab Anri tərəfindən dindirilərkən, o, çox vacib məlumatlar açıqladı və imperatriçə Jozefinanın evində parket təmizləyicisi işləyən Metral adlı şəxs də tutuldu. Onun əsas işi oğurlanan əşyaları saxlamaq idi. Oğru dəstəsi Leman departamentinin sakinləri olan qaynaqçılardan ibarət idi. Axtarışlar nəticəsində mən Pilar, Órenye, Lebren, Pyessar, "Aptekçi” ləqəbli Mabu, Serrase, Dyuran qardaşlarının izinə düşdüm. 22 nəfər ifşa edildi və onların hamısı sonradan katorqaya göndərildi.
 
Bu oğrular əsasən komissionerlər, parket təmizləyənlər, arabaçılar, faytonçular, paltaryuyanlar və səyyar müğənnilər idi. Bu təbəqədən olan insanlar dürüstlüyü ilə seçilirdilər və həmişə nümunəvi həyat tərzi ilə fərqlənirdilər. Cəmiyyətdə onlara yaxşı, sınaqlardan çıxmış, başqasının mülkiyyətinə qəsd etməyəcək adamlar kimi baxırdılar. Bu reputasiya, onları daha yaxşı maskalayırdı. Çünki onlara hamı etibar edir, inanırdı və bu inam onları asanlıqla gizlədirdi. Onlara hər yerə daxil olmağa icazə verirdilər, heç kim inamsızlıq göstərmirdi. Bu hadisələrdən xəbər tutanda isə onların günahkar olduğuna belə inanmırdılar. Amma elə sübutlar varıydı ki, hamı inandı və bundan sonra paytaxtda bir neçə əsr toxunulmazlıq hüququna malik olan, hətta səyyar müğənnilərin dəstəsi tamam yoxa çıxdı.
"Xərçəng” əməliyyatı
1812-ci ildə mən ədalət mühakiməsinə bu dəstənin əsas üzvlərini təslim etdim. Amma Delzev qardaşlarından kiçiyi hələ də ələ keçməmişdi və gizlənməkdə davam edirdi. 31 dekabr 1812-ci ildə cənab Anri mənə dedi: - Düşünürəm ki, yaxşı işləsək, onun gedəcəyi ünvanları nəzarətə götürsək "Xərçəngi” (Delzev) tuta bilərik. Sabah yeni ildir və Delzev ona, qardaşına tez-tez sığınacaq verən paltaryuyan qadına baş çəkməyə gedəcək. Məndə bir hiss var ki, o, gecəyarısı, yaxud səhərə yaxın gedəcək. Çünki hər bir cinayətkar kiminsə çox yaxın tanışıdır. Onun əməlləri barədə mütləq ikinci adam məlumatlıdır. Elə adam doğulmayıb ki, öz "qəhrəmanlığını” kiminləsə bölüşməsin.
Mən cənab Anri ilə razılaşdım. O, 3 müfəttişlə birlikdə paltaryuyan qadının evinin yerləşdiyi Fobur-Sent-Onoredə, Qrezilon küçəsində pusqu qurmağı tapşırdı. Üç müfəttiş ilə gecə saatlarında müəyyən olunan yerə getdik. Çox soyuq idi, yer qalın qarla örtülmüşdü. Biz ehtiyatla gözləyirdik, bir neçə saat gözlədikdən sonra soyuqdan donan müfəttişlər artıq evlərinə getmək istəyirdilər. Mən də demək olar ki, tamam donmuşdum. Amma mən etiraz etdim və onları yenə gözləməyə razı saldım. Getmək üçün müəyyənləşdirdiyimiz vaxt çatan kimi onlar yenə məni dilə tutmağa başladılar. Biz pusqu qurduğumuz yeri tərk edib, açıq kafelərdən biri Pale-Royala getdik. İsti şərab içərək, xudahafizləşdik.
 
Evə gələrkən düşündüm ki, biz nə etdik? Verilən tapşırığı niyə belə tez unutduq? Yox, bizə inanan rəisə yalan danışmaq, etimadı itirmək olmaz. Mən davranışımı yalnız səhv kimi qiymətləndirmədim, həm də düşündüm ki, bu ən sərt cəzaya layiqdir. Çox peşman idim və əzab çəkirdim ki, müfəttişlərin təsirinə düşdüm. Öz səhvimi düzəltmək üçün təkbaşına geri dönməyə və donsam belə səhərə qədər gözləməyə qərar verdim.
Mən geri qayıtdım və küçənin tinində işıqlanmayan yerdə gizləndim ki, görünməyim. Bir saat yarım keçdi və hiss edirdim ki, artıq qanım da donmaq üzrədir. Birdən ağlıma gözəl fikir gəldi, yaxınlıqda təzək topası vardı, çuxur qazdım və orada gizləndim. Bu mənə istilik verdi. Səhər saat beşdə hələ yerimi tərk etməmişdim, nəhayət qadın evdən çıxdı və qapını bağlamadı. Mən də çuxurdan çıxıb həyətə daxil oldum, ətrafa baxdım və heç yerdə yanan işıq görmədim.
Bilirdim ki, Delzevin əlaltıları adətən bir-birilə faytonçular kimi fit çalmaqla xəbərləşirlər. Mən onların tərzində fit çaldım və ikinci dəfə səs eşitdim:
- Kim çağırır?
- Bu "Ocaqçı”dır (Delzevin öyrətdiyi faytonçunun ləqəbi), "Xərçəngi” çağırır.
- Bu sənsənmi? - bir daha Delzevin səsi eşidilir.
- Bəli, bəli, "Ocaqçı” səni görmək istəyir, aşağı düş.
- Bir dəqiqə gözlə, gəlirəm.
- Çox soyuqdu - mən cavab verdim - gedim küçənin tinində kafedə səni gözləyim, sən də tələs, eşidirsən!?
Şinkar artıq yeni ilin ilk günündə öz kafesini açmışdı. Mən heç bir halda içmək istəmirdim. Delzevi aldatmaq üçün mən dəhlizin qapısını açdım, dəhlizə daxil olmadan tez qapını örtdüm və həyətə çıxan qara pilləkənin altında gizləndim. Tezliklə mən pilləkəndə Delzevin ayaq səslərini eşitdim. Birbaşa onun üstünə yeridim, yaxasından tutaraq tapançanın lüləsini sinəsinə dirədim və qətiyyətlə dedim ki, o, artıq mənim əsirimdir. Ardımca gəlməsini tələb edib dedim ki, hər hansı hərəkət etsə, başını güllə ilə dağıdacağam. Tək olmadığımı da dedim. Təəccüb və qorxudan özünü itirən Delzev heç bir cavab vermədi və ardımca gəldi. Bu dəqiqədən artıq mən onu tabe etmişdim, o nə qaça, nə də müqavimət göstərə bilərdi. Mən tələsik onu apardım.
Biz Roşe küçəsinə çatanda səhər saat altı olmuşdu. Yaxından fayton keçirdi, mən dayanmaq işarəsi verdim. Hansı vəziyyətdə olduğum aydın idi və faytonçu üst-başıma baxaraq aparmaqdan imtina etmək istədi, ancaq yaxşı qiymət təklif edib, ikiqat pul verib, şirnikləşdirib razı saldım. Artıq biz paytaxtın daş döşənmiş küçələri ilə hərəkət edirdik. Mən ehtiyatı əldən verməyərək əsirimin əl-qolunu bağlamışdım. Çünki ilk qorxu və təəccübdən sonra özünə gələrək müqavimət göstərə bilərdi.
Mən gücümə arxayın olub, bunsuz da keçinə bilərdim. Ancaq mən onun əməkdaşlıq etməsinə nail olmaq istəyirdim və onunla mübahisə etmək niyyətində deyildim, fiziki zor da tətbiq etmək istəmirdim. Amma onun tərəfindən hər hansı müqavimət olsaydı, zor tətbiq etməli olacaqdım. Mən Delzevin qaçmaq imkanını tam istisna edəndən sonra, onun özünü sakit aparmasına çalışırdım.
Oğru agentə necə çevrilir
Delzev məlumatlı adam idi. Parisdə baş verən bütün cinayətlər haqqında məlumatı var idi. Bilirdim ki, o, əməkdaşlığa razı olsa, böyük işlər görmək olar. Fürsəti əldən verə bilməzdim. Faytonda ona yemək təklif etdim, o da razılaşdı, faytonçu şərab verdi və biz qurtum-qurtum içə-içə yolumuza davam etdik. Mən Delzevə bizə ayrıca otaq verəcəkləri bir yerə gedib yemək yeməyi təklif etdim - razılaşdı. Artıq sakitləşmişdi və hirsli görünmürdü. Təklifimi həvəslə qəbul etdi və mənə tanış olan mehmanxanaya getdik. Biz hələ ora çatmamış Delzev azadlıqda qalan dostları haqqında çox qiymətli məlumatlar verdi. Əmin idim ki, masa arxasında daha çox danışacaq və ona izah etdim ki, mərhəmət gözləməyin yeganə yolu bir neçə nəfəri ələ verməkdir. Onda bu fikri formalaşdırmaq məqsədilə yaxalanan şəxsləri sakitləşdirmək üçün tətbiq etdiyim əməliyyat fəlsəfəmə uyğun olaraq, bir neçə arqument gətirdim.
 
Bir sözlə, artıq fayton mehmanxananın qapısına çatanda o, artıq bu əhvalda idi. Mən onu dərhal yuxarı apardım, özümdən qabağa buraxdım və masada əyləşməmişdən əvvəl rahat yeməsi üçün əllərini açdım, ancaq onu öz bildiyim kimi bağladım. O, bu ehtiyat tədbirindən incimədi, ayaqlarını döşəmədən azca yuxarıdan stulun ayaqlarına bağladım. Beləliklə, azad olmaq üçün heç cəhd belə edə bilməzdi. O, çox iştahla yedi və söz verdi ki, mənə etiraf etdiklərini cənab Anrinin iştirakı ilə də söyləyəcək.
Günorta biz qəhvə içdik. Delzevin kefi yaxşıydı, biz barışmış, hətta dostlaşmışdıq. Mehmanxanadan çıxdıq və on dəqiqədən sonra artıq cənab Anrinin yanındaydıq. Cənab Anri onu yeni il münasibətilə təbrik etməyə gələn zabitlərlə bir yerdəydi. Mən otağa daxil oldum, "Sizi Yeni il münasibətilə təbrik etməkdən və məşhur Delzevi təqdim etməkdən qürur duyuram!” - dedim.
Oğrunun tutulması bayram sovqatı olur
Delzevi görən cənab Anri, "bax bu çox yaxşı bayram oldu”, dedi. Sonra zabitlərə üzünü tutaraq - Cənablar, yaxşı olar ki, sizlər də Paris polisinə belə bayram sovqatı hədiyyə edəsiniz - dedi. Mənə dərhal Delzevi istintaq təcridxanasına yerləşdirmək tapşırığı verildi. Cənab Anri ayrılanda, - Gedin dincəlin, sizdən çox razıyam - dedi.
Delzevin həbsi mənə çoxlu təriflər deyilməsinə səbəb oldu və xoş münasibət yaratdı. Bununla belə, bu hadisə birgə xidmət etdiyimiz şəxslərin paxıllığının nə qədər böyük olduğunu da aşkarladı. Onlardan yalnız biri - cənab Tibo mənə qarşı ədalətli münasibət göstərməkdən çəkinmirdi. Sanki fırıldaqçılar və niyyəti düz olmayan insanlar əlbirmiş kimi, polis xidmətində uğur qazana bilməyənlər də mənə qarşı kin bəsləyirdilər. Onların sözlərinə görə, mən tanınmış oğruydum, mən hansı cinayətləri törətməmişdim ki? Mən nəyə qadir deyildim?! Haqqımda belə şayiələr yayırdılar. Bəlkə də onlar özləri də bunun bir hissəsinə inanırdılar, oğrular isə əmin idilər ki, nə vaxtsa onların işi ilə məşğul olmuşam. Tərəddüdsüz xidmət Oğrular ələ keçəndən sonra mənə satqın kimi baxırdılar, elə düşünürdülər ki, polislə işbirliyinə görə, "cəzanın labüdlüyü” mənin üçün keçərli deyil, polis mənim qanunsuz əməllərimə göz yumur. Bu, yalan idi. Çünki mən vicdanla dövlətə - polisə xidmət edirdim. Polisin mənə ehtiyacı vardı. Mənim haqqımda nağıllar qoşmuşdular. Polis zabitləri və ikinci dərəcəli agentlər də belə nağılları yaymaqdan çəkinmirdilər, bu nağılları həqiqət kimi qələmə verirdilər. Bəlkə də onlar doğrudan da mənə ləkə yaxmaq istəmirdilər. Mənim keçmişimdən xəbərdar olan hər bir şəxs bu barədə düşünə bilərdi.
Çox qədim zamanlardan xəfiyyələr bu iki işin ikisini də görürdülər. Hamı bilirdi ki, Qupil, Folarenten, Levek, Koko-Kakur, Burdari, Kade və mənim digər sələflərim və köməkçiləri belə başlamışdılar. Onlar görürdülər ki, xəfiyyələrin əksəriyyəti residivistlərdir. Mən isə onlardan daha hiyləgər, daha səriştəli və işgüzaram, buna görə belə qənaətə gəlmişdilər ki, mən polislərin içərisində ən tədbirliyəmsə, oğruların da ən bacarıqlısıyam. Mən ürəkdən onları bu yalan mükalimələrə görə bağışlayıram. Amma heç cür məni daim oğurluq etməkdə ittiham edənləri əfv edə bilmərəm.
Cənab Anri bu cür böhtandan qeyzlənərək, onlara iradlarla cavab verirdi: "Əgər Vidokun hər gün oğurluq etməsi düzdürsə, onda sizi daha çox bacarıqsızlıqda ittiham etmək üçün əsas var. Siz çoxsunuz, o isə təkdir. Siz bilirsiniz ki, o oğurlayır, niyə onu cinayət başında yaxalamırsınız? O, təkbaşına sizin yoldaşlarınızı cinayət başında yaxalayır. Məgər siz onu yaxalaya bilmirsiniz?”
Ardı var…
Загрузка...
Загрузка...

Xəbər lenti