Xədicə İsmayıl: Probasiya şöbəsi məndən, mən onlardan azadam

Xədicə İsmayıl: Probasiya şöbəsi məndən, mən onlardan azadam
 Jurnalistin şərti cəza müddəti başa çatıb
Araşdırmaçı jurnalist Xədicə İsmayılın şərti cəza ilə həbsdən buraxıldığı zaman ona təyin olunmuş 5 illik sınaq müddəti başa çatıb.
Jurnalistə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən məktub gəlib. Həmin məktubda bildirilir ki, Binəqədi Rayon Məhkəməsinin 2016-cı il martın 25-də onunla bağlı çıxardığı 5 illik sınaq müddəti və şərti cəza hökmünün müddəti bitib. Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılmışdı və o, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilmişdi.
O zaman Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlamışdı, lakin sonradan Ali Məhkəmə Cinayət Məcəlləsinin 179 və 308-ci maddələrilə ittihamlara xitam verib, cəzanı dəyişib.
Qalan iki maddə ilə ona 5 il sınaq müddəti olmaqla, 3 il 6 ay şərti cəza təyin edib. Sonradan qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin işinə yenidən baxıb və şərti cəzanın müddəti 2 il 3 aya endirib. Sınaq müddəti isə 5 il saxlanılıb.
Xədicə İsmayıl dəfələrlə açıqlamalarında həbsinin səbəbini sırf jurnalist fəaliyyəti ilə bağlı olduğunu açıqlayıb.
"45-ci ad günümdə iki gün gecikmə ilə sənədimi aldım. Probasiya şöbəsi məndən, mən də onlardan azadam. Azadlıq münasibətilə yaşımla barışıram”, – deyə Xədicə İsmayılova bildirib.
Sınaq dövründə jurnalistin ölkədən çıxışına qadağa və bir sıra başqa məhdudiyyətlər olub. Onların aradan qaldırılması üçün sənədləşmə məsələləri ilə əlaqədar Xədicə İsmayıla ən son 2 gün əvvəl, mayın 25-də Probasiya Xidmətində olmuşdu. Bu zaman ona sənədləşmə məsələsinin başa çatmadığını və tezliklə hazırlayacaqlarını bildirmişdilər.
Jurnalist bildirirdi ki, ötən 5 il ərzində hər ay Probasiya və İcra Xidmətinə gedib-gəlmək məcburiyyətində qalıb. Xədicə İsmayıla ölkədən çıxışına məhdudiyyətin aradan qaldırılması üçün bir neçə dəfə məhkəməyə müraciət etsə də, təmin olunmayıb.

Xəbər lenti