Xədicə İsmayıl məhkumluğunun götürülməsini istəyir

Xədicə İsmayıl məhkumluğunun götürülməsini istəyir
Загрузка...
 "Məhkəmə məhkumluğun götürülməsi barədə ərizəmi təmin etməsə, Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsini pozacaq”
Araşdırmaçı jurnalist Xədicə İsmayıl üzərində olan məhkumluğun götürülməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. İyulun 29-da bu məhkəmədə hakim Abbas Rzayevin sədrliyilə onun bu barədə ərizəsinə baxılmalıydı. Lakin jurnalistə bildirilib ki, hakim onun işi üzrə əvvəllər çıxarılmış hökm və qərarlarla tanış ola bilməyib. Bu üzdən məhkəmə avqustun 9-na təxirə salınıb.
X.İsmayıl məhkəməyə ərizəsində göstərib ki, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilib. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Lakin Ali Məhkəmə CM-nin 179 və 308-ci maddələrilə ittihamlara xitam verib, cəzanı da dəyişib. Ali Məhkəmə qalan iki madə ilə ona 5 il sınaq müddəti olmaqla, 3 il 6 ay şərti cəza təyin edib. Sonradan qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsi X.İsmayılın işinə yenidən baxıb və şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Sınaq müddəti isə 5 il saxlanılıb.
"Qanunvericiliyin tələbinə əsasən, şərti məhkum edilmə müddəti hökm qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mənim işimdə Bakı Apelyasiya Məhkəməsi 25 noyabr 2015-ci ildə hökmün qüvvədə saxlanmasına qərar verib. Sınaq müddəti də hökm qüvvəyə mindiyi gündən hesablanır. Mən şərti məhkum edilmiş şəxs kimi, üzərimə qoyulmuş vəzifələrin icrasından yayınmamışam”, - deyə X.İsmayıl bildirir.
Jurnalistin sözlərinə görə, ona verilmiş şərti cəzanın müddəti başa çatıb. Şərti cəza ilə əlaqədar təyin edilmiş sınaq müddətinin də üçdə ikisi tamam olub. "Cinayət Məcəlləsinin 71.1-ci maddəsində deyilir ki, şərti məhkum edilən şəxs sınaq müddətinin yarısı keçəndən sonra öz davranışıyla islah olunduğunu sübut eləsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğvi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bu maddəni şərh edib. Belə nəticəyə gəlib ki, şərti məhkum edilmiş şəxs özü də bunun üçün birbaşa məhkəməyə müraciət edə bilər”.
X.İsmayıl əlavə edib ki, məhkəmə məhkumluğun götürülməsi barədə ərizəsini təmin etməsə, İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsini pozacaq. Həmin maddə hər kəsin istədiyi ölkəni tərk etmək azadlığına təminat verir. X.İsmayılın üzərindəki şərti cəza ilə əlaqədar ölkədən çıxışına da məhdudiyyət qoyulub. Hətta anası Türkiyədə ağır durumda olarkən, vəfat edərkən də gedib onu ziyarət etməsinə imkan verilməmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti