Xarkova hücum dəf edildi, Rusiya ordusu 40-dan çox texnika itirdi Xarkova hücum dəf edildi, Rusiya ordusu 40-dan çox texnika itirdi

Xarkova hücum dəf edildi, Rusiya ordusu 40-dan çox texnika itirdi
11:14
Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiya ordusunun ötən gün axşam saatlarından başlayaraq Xarkov şəhərinə havadan və qurudan başlatdığı şiddətli hücumların nəticəsi barədə məlumat verib. Vilayət rəhbəri özünün Facebook səhifəsində bildirib ki, martın 1-də günün ikinci yarısından başlayaraq Rusiya ordusu Xarkovu intensiv olaraq artilleriyadan, aviasiyadan və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub. "Bütün hücumlar dəf edilib, düşmən ağır itkilər verib, təkcə zirehli texnika itkisi 40-dan çoxdur, mövqelər əldə saxlanılıb”, - Sinequbov bildirib.
 
Vilayət rəhbəri onu da qeyd edib ki, Ukrayna qüvvələri düşmənin diversiya-kəşfiyyat dəstələri ilə döyüşə girib, diversantlar şəhərdən çıxmağa çalışarkən hərbi hospitala hücum ediblər. "Bütün diversiya-kəşfiyyat qrupları məhv edilib. Bir düşmən təyyarəsi vurulub, pilot katapult edib, ancaq yerdə özünü güllələyib”, - o bildirib. Rusiya ordusunun hücumu nəticəsində Xarkovda böyük dağıntılar var, dinc əhali arasında çoxsaylı ölənlərin olduğu təxmin edilir.
***
09:13
Ötən gecə Ukraynanın Xarkov şəhəri Rusiya aviasiyası, o cümlədən strateji bombardmançılarla bombalandıqdan sonra şəhərə vertolyotlardan desant endirilib. Küçə döyüşləri başlayıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti bildirir. "Xarkova Rusiya desantı endirilib. İşğalçılar hospitala – Şimal rayonundakı mərkəzi hərbi klinikaya hücum ediblər. Qəsbkarlarla şəhərin müdafiəçiləri arasında döyüş başlayıb”, - məlumatda deyilir.

Digər təfərrüatlar hələ məlum deyil. Günlərdir ağır döyüşlərin getdiyi Xerson şəhərində də Rusiya qoşunları var, hazırda onlar şəhərin çay limanına və dəmiryol vağzalına nəzarət edirlər. Ötən gecə şəhərdə nisbətən sakit keçib, amma ara-sıra atəş səsləri eşidilib. Şəhər meri İqor Kolıxayev bu haqda bildirib. O, Ukrayna prezidentindən xahiş edib ki, şəhərdən yüzlərlə meyiti toplamaq üçün "yaşıl dəhliz” təşkil etsin. Habelə Xersona ərzaq və dərman çatdırmaq xahiş edilir.
Merin sözlərinə görə, həm şəhər sakinləri, həm hərbçilər arasında çoxlu həlak olanlar var. Ruslar məktəblərə, çoxmərtəbəli yaşayış binalarına atəş açır, partlayışlar eşidilir. Sum vilayətinin Axtır rayonundakı Trostyansk qəsəbəsinə də üç istiqamətdən Rusiya hərbi kalonları daxil olub və yaşayış məntəqəsini tam ələ keçirib. Şəhərdə infrastruktur dağıdılıb, ruslar evləri gəzir, insanları zirzəmilərdən çıxarır və küçədə oturmağa məcbur edir. Bu barədə Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib. Rusiya qoşunları şiddətli bombardmanların hesabına bəzi yaşayış məntəqələrinə daxil ola bilsələr də ağır itkilər verməkdə davam edirlər. 

Ötən gün Xarkov ətrafında Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş batalyonlarından birinin döyüşçüləri Rusiyanın 200-cü motoatıcı briqadasının tərkibindən 6 ən yeni T-80BVM döyüş tankını qənimət kimi ələ keçiriblər. Tanklar cəmi bir BMP-2 və "Javelin” tank əleyhinə raketinin köməyi ilə ələ keçirmək mümkün olub. Bu haqda ukraynalı jurnalist Yuri Butusov özünün Facebook hesabında bildirib və ələ keçirilən tankların fotolarını yayıb. Sum vilayətində isə martın 1-də axşam Ukrayna ordusu Rusiya ordusunun daha bir böyük kalonunu darmadağın edib. 

Vilayət rəhbəri Dmitri Jivitski bildirib ki, Ukrayna döyüşçüləri "Bayraktar TB2” döyüş pilotsuz təyyarəsinin və digər vasitələrin köməyi ilə Romensk rayonunun Pustovoytovka kəndi yaxınlığında Rusiya qoşunlarının cəmləşmə rayonuna zərbələr endiriblər. Nəticədə yarısı "Qrad” qurğularından ibarət olmaqla 80-ə yaxın texnika məhv edilib. Bundan başqa Bişkin kəndi yaxınlığında uzunluğu iki kilometrə çatan Rusiya hərbi kalonuna zərbələr endirilib. 100-ə yaxın tank və BTR-lər sıradan çıxarılıb. "Sum vilayəti Ukraynanın şimal forpostudur! Sum vilayətinin müdafiəsi bütün ölkənin müdafiəsidir. Biz düşməni sərhəddə dayandırmışıq”, - Jivitski bildirib. 

Xəbər lenti