Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu

Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
Səməd Hüseynzadə qanunsuz sənəd verməkdə ittiham edilir
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov aprelin 13-də xəstəxanada vəfat edib. Meydan TV-nin əldə etdiyi məlumata görə, hakimin ölümünə koronovirusa yoluxması səbəb olub. 1959-cu il təvəllüdlü Rəşid Hüseynov hüquq təhsilini başa vurandan sonra 6 il Ağdamda vəkil kimi fəaliyyət göstərib. Daha sonra 1992-2008-ci illərdə Hərbi Prokurorluqda çalışıb.
Ardınca hakim təyin edilən Rəşid Hüseynovun bu vəzifədə ilk iş yeri Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə olub. Üç il orada işləyəndən sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinə təyin edilib. 2013-cü ildən vəfat edənə qədər isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Onun baxdığı ən səs-küylü işlərdən biri Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov, Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun işi olub.
O, 2014-cü ilin martında İlqar Məmmədovun 7, Tofiq Yaqublunun isə 5 il azadlıqdan məhrum ediıməsi haqda hökm çıxarıb. Rəşid Hüseynov həm də Azərbaycanda tənqidçi ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsinin səbəbkarı olub. İlqar Məmmədovun vəkili olan Xalid Bağırov məhkəmədəki çıxışında ədalətsizlikdən gileylənib.
O bildirib ki, əgər ədalətli məhkəmə olsaydı, hakimlər göstərişə əməl etməsəydi, belə qərar çıxarılmazdı. Buna görə Rəşid Hüseynov Vəkillər Kollegiyasına şikayət edərək, onun cəzalandırılmasını istəmişdi. Həmiş şikayət əsasında da 2014-cü ilin dekabrında Xalid Bağırovun vəkillik fəaliyyətinin dayandırılması haqda qərar qəbul edildi.
Meydan TV-nin hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, Rəşid Hüseynovun oğlu Səməd Hüseynzadə bir müddət əvvəl həbs olunub. O, 1000 nəfərdən çox vətəndaşa xüsusi karantin rejimi dövründə karantin postlarından sərbəst hərəkət edə bilmək üçün pul alıb, öz şirkətinin işçisi kimi qanunsuz sənəd verməkdə ittiham olunur. "Səməd Hüseynzadəni bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Onun barəsində həbs qərarı Nərimanov Rayon Məhkəməsində verilib”, - mənbə bildirib. Səməd Hüseynzadənin həbsi barədə Daxili İşlər Nazirliyi də məlumat yayıb. 

Xəbər lenti