Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir, qatil isə hələ də tapılmayıb Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir, qatil isə hələ də tapılmayıb

Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir, qatil isə hələ də tapılmayıb
Загрузка...

Artıq 9 ildir iş adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xaçmaz rayonundakı "Arzu” MMC-nin təsisçisi və direktoru, 73 yaşlı Nəcimə Babayevanın qətli bu günə kimi müəmma olaraq qalır. Uzun illər ərzində iş adamının hansı səbəbdən öldürülməsi, cinayətin kim(lər) tərəfindən törədilməsini istintaq çözə bilməsə də, mərhumun yaxınları analarının sifarişli şəkildə killer tərəfindən öldürüldüyünü iddia edirlər.

Bir qətlin tarixçəsi

Virtualaz.org-un xəbərinə görə, iş adamı 15 sentyabr 2010-cu ildə Xaçmaz rayonunun Muskal küçəsi, 15 ünvanında yerləşən üçmərtəbəli evinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun meyitini səhər tezdən ilk olaraq evin xadiməsi Məlahət Məmmədova aşkar edib. Belə ki, N.Babayeva səhər saatlarında özü xadimə ilə əlaqə saxlayaraq, onlara gəlib, mənzildə təmizlik işləri aparmasını istəyib. Xadimə sözügedən ünvana gələrkən darvazanın açıq, mətbəxdə ev sahibəsinin qan içində olduğunu görüb və qışqırıb küçəyə qaçıb. Xadimənin qışqırıq səsinə mərhumun evin üçüncü mərtəbəsində yatan qızı Gülnarə yuxudan ayılıb. Birinci mərtəbəyə düşüb, mətbəxdə anasının meyitini görüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılıb. Sonradan istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

73 yaşlı qadın niyə öldürülüb?

Mərhumun yaxınları deyir ki, aradan 9 il ötməsinə baxmayaraq, bu günə qədər N.Babayevanın nə qatili, nə də qətlin sifarişçisi həbs olunub.

Nəcimə Babayeva

Onu da deyək ki, ailənin faciəsi təkcə ananın ölümü ilə bitməyib. Hadisədən iki il sonra mərhumun qızı, 49 yaşlı Təranə Həbibova bacısının yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Onun niyə intihar etməsinin səbəbləri də bu günə kimi bilinmir.

Göründüyü kimi, qaranlıq məqamlar çoxdur...

Mərhumun qızı Gülnarə Həbibova deyir ki, anasının killer tərəfindən öldürüldüyü barədə məlumat alıblar: "Biz anamızın Rusiyanın konkret hansı şəhərindən kimin sifarişi ilə gətirilən killer tərəfindən öldürülməsi barədə məlumat əldə etmişik və hüquq-mühafizə orqanlarından cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirik”.

 

Sahibkara olunan təzyiqlər, məhkəmə çəkişmələri

Qətlin ilk günlərindən ta indiyə kimi mərhumun ailə üzvləri, yaxınları, bütün Xaçmaz camaatı sahibkar qadının qisasçılıq məqsədilə, sifarişli şəkildə öldürüldüyünü iddia ediblər. Bu fikirlərin əsasını təşkil edənsə qətldən öncə bazarın əlindən alınması ilə bağlı sahibkara qarşı edilən təzyiqlər, çoxsaylı məhkəmə çəkişmələri olub.

Amma hədə-qorxulara, təzyiqlərə, məhkəmə çəkişmələrinə rəğmən N.Babayevanın əlindən bazarı ala bilməyiblər.

İcra başçısı ilə görüş, yandırılan bazar və...

N.Babayeva 25 ilə yaxın rayondakı Mərkəzi kolxoz bazarının direktoru olub. Bazarın bazasında "Arzu Ticarət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib. 2006-cı ilin sonlarında xəbər yayılıb ki, bazar N.Babayevanın əlindən alınacaq və icra başçısına yaxın şəxslər bazarın yerində yeni ticarət mərkəzi tikəcəklər. Bu haqda xəbər tutan N.Babayeva bazarı satmaq qərarına gəlir. O, elə bu məqsədlə də rayonun icra başçısı Şəmsəddin Xanbabayevlə görüşür, ona bazarı satmaq istədiyini deyir.

N.Babayevanın intihar etmiş qızı Təranə Həbibova

"Bundan sonra anama hər tərəfdən hücumlar başlandı. YAP-dan qovulan Azad Yaqubov 2007-ci ilin yanvarında təcili Xaçmaz Kooperativlər Cəmiyyətinə sədr təyin olundu. 1 iyun 2007-ci il tarixdə bazar yandırıldı. Təşkil edilmiş yanğına görə anamı çağırıb barəsində cinayət işi başlayacaqlarını deyirdilər. Həmin günlərdə rayon rəhbərliyi ortaya "yol planı”nı atdı. Dedilər ki, ticarət mərkəzinin ərazisindən yeni yol salınacaq. Xəbər göndərdilər ki, ticarət mərkəzinin boşaldılması üçün fəaliyyətə başlanır. Anamı rayon prokurorluğuna çağıraraq əvvəl onu həbslə hədələyərək bazarın ərazisini xoşluqla verməsini tələb etdilər. Heç nə alınmadı”, - mərhumun qızı Gülnarə Həbibova belə deyir.

"Anam bütün məhkəmələri uddu, sonda öldürüldü”

Mərhumun qızı deyir ki, bir qrup öyrədilmiş şəxslər anasının müəllifi olduğu "Dünya dərdimdən xəbərsiz” kitabında yazdığı şeirlərə görə də ona qarşı iddia veriblər. İddialarında yazıblar ki, guya N.Babayeva şeirlərdə icra başçısı Şəmsəddin Xanbabayevin şərəf və ləyaqətini alçaldıb. Buna görə də, 250 min manat təzminat ödəməli, ən əsası isə təzminatdan başqa bazarı bağlanmalıdır:

"Əgər məhkəmədə şeir mübahisələndirilirsə, bazarın bağlanması iddiası niyə ortaya atılır? Digər iddialar kimi bu iddia da açıq-aşkar sifarişli idi. Həmin iddianın altına imza atanlardan biri Nizami Şəfiyev yuxarılara ən müxtəlif səpkili şikayətlər yazmışdı. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən "Arzu” MMC sifarişli şəkildə 2 min manat cərimə olundu. Anama qarşı sistemli, hərtərəfli iş aparılırdı və bu işlərin vahid mərkəzdən idarə olunması da şübhə doğurmurdu. Anam 3 ildən də artıq bir müddətdə mülkiyyəti uğrunda mübarizə apardı. Məhkəmə proseslərini uddu, sonda sifarişlə öldürüldü. Xaçmazda adam öldürmək bu qədər ucuz və asandır? Nəticə odur ki, heç kimə qarşı rəsmən ittiham irəli sürmək olmur”.

"Qətlin guya namus üstündə baş verməsi görüntüsü yaratmaq və qardaşımı həbs etmək istədilər”

Şikayətçi deyir ki, qətldən sonra hadisə yerindən qatilə məxsus əl izlərini belə götürülməyib. O dövrdə rayon prokuroru olan Rasim Məlikov qardaşı Cavidi anasının ölümündə qatil kimi qələmə verməkdən çəkinməyib. Onun özünə isə cinayət işinin rayon prokurorluğundan alınaraq Baş Prokurorluğa verilməsini tələb etməməsi üçün təzyiqlər olunub: "Anamın, mənim guya "əxlaqsız” həyat tərzi keçirməyimiz, qardaşım Cavidin isə narkoman, içki düşkünü olması kimi faktlar toplanırdı. Elə fikir formalaşdırmağa çalışırdılar ki, guya bizim ailədə belə bir hadisənin baş verməsi spesifik haldır. Hadisədən beş gün keçəndən sonra şikayətimizi nəzərə alaraq Baş Prokurorluq cinayət işinin istintaqını rayon prokurorluğundan aldı. İş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərildi. Belə olmasaydı, Nəcimə Babayevanın qətli və bu qətlə görə ailə üzvlərinin həbsi baş verəcək, bazarın ələ keçirilməsi planı gerçəkləşəcəkdi. Çünki artıq onlara qarşı mübarizə aparacaq heç kim qalmırdı. Hesab edirəm ki, əvvəl gündən bazarın ələ keçirilməsi çox yaxşı düşünülmüş plan olub. İki hektara yaxın bir ərazini ələ keçirmək məqsədilə bazarla birlikdə anamın qətlinə sifariş verilib. Aradan 9 il vaxt ötüb, amma heç kimə qarşı rəsmən ittiham irəli sürülmür, anamın ölüm işi açılmır”.

Ananı öldürənlər, övladları da pərən-pərən salıblar

Onu da bildirək ki, sözügedən başıbəlalı bazar hazırda mərhumun övladları tərəfindən idarə olunsa da, onların heç biri rayonda yaşamır, doğma ocaqlarını çoxdan tərk ediblər.

Mərhumun qızı deyir ki, Xaçmazda yaşamaq mümkün deyil. Onun sözlərinə görə, vaxtilə analarına qarşı aparılan kampaniya yenidən daha sərt şəkildə təkrarlanır: "İndi də bizə təzyiq edirlər. Bazarı əlimizdən almaq istəyirlər. Barəmizdə saxta ittihamlar irəli sürürlər. Anamla bacarmadılar, indi də məni yaxınlarımla sınağa çəkmək istəyirlər”.

N.Babayevanın qızı Gülnarə Həbibova

G.Həbibova deyir ki, iki il bundan əvvəl ticarət mərkəzində xırda ticarətlə məşğul olan Qurban Sadıqov və Cəmilə Sadıqova heç bir səbəb olmadan hər kəsin gözü qabağında anasının qəbrini nalayiq söyüşlərlə təhqir ediblər, onları təxribata çəkmək istəyiblər: "Bazarda baş verəcək təxribatdan 2017-ci ilin aprel ayından xəbərimiz vardı. Bu barədə Baş Prokurorluğa məlumat vermişdik. Bilirdik ki, bu adamlardan bizə qarşı oyunda istifadə edilir. Baş verənlərlə bağlı baş prokuror cənab Zakir Qaralovun qəbuluna yazıldıq. Bundan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi.

Sonradan həmin cinayət işi yenidən başlandı və bu gün də qanunsuz olaraq davam etdirilir”.

G.Həbibova deyir ki, həmin ilin noyabrında Q.Sadıqov və onun anası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində ondan 288 min 891 manat pulun alınıb onlara verilməsi tələbi ilə iddia qaldırıb. Ali Məhkəmənin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə rədd edilib.

"Bu ilin yanvarında rayon prokurorluğunun göstərişi ilə açılan cinayət işində mənim Rusiyadan qayıtmağım tələb olunurdu. Əks təqdirdə, axtarışa veriləcəyim bildirilirdi. Yanvarın 28-də Azərbaycana qayıtdım. Mənim təqsirləndirilən şəxs elan olunaraq məhkəməyə göndərilməyimi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin şifahi tapşırığı əsasında verildiyi bildirilir. Bütün bunlar Nəcimə Babayevanın qızı olduğum üçün qurulan oyun olduğunu bidiyimdən, fevralın 2-də ölkədən çıxmağa məcbur oldum”, - deyə G.Həbibova əlavə edib.

Mərhumun övladları ölkə başçısından imdad diləyir

Mərhumun əlləri hər yerdən üzülən övladları ölkə başçısından imdad diləyirlər və anaları N.Babayevanın açılmadan bağlanmış ölüm işini şəxsi nəzarətə götürülməsini xahiş edirlər.

"Bir çox vəzifəli şəxslərə görə anamın ölüm işinin açılmaması üçün qadağalar qoyulub. Yalniz sizin şəxsi müdaxiləniz bu insanların əvvəl anamın, onun qətlindən sonra isə ailəsinə qarşı aparılan məqsədyönlü fəaliyyətinə son qoya, anamın qətlinin açılmasına kömək edə bilər. Bu qadağanı ancaq siz götürə bilərsiniz”, - müraciətdə deyilir.

Загрузка...
Загрузка...

Xəbər lenti