Vilayət Eyvazova açıq məktub: “Niyə bu hala gəldi Azərbaycan polisi?”

Vilayət Eyvazova açıq məktub: “Niyə bu hala gəldi Azərbaycan polisi?”
Загрузка...
İctimai fəal Qurbanzadə Vasif Zahid oğlunun Criminal.az saytı ilə Daxili İşlər naziri Vilayət Eyvazova açıq məktub ünvanlayıb:
Polisə "əmi” dediyimiz vaxtlar vardı… Hər bir nəfərinə hörmət edərdi insanlar. İndiki kimi hər yerdə görməzdin, hər addımda qarşılaşmazdın. Rüşvət alardı, amma dilənməzdi. Nəfsi vəzifəsini basmazdı, əksəriyyətinin… Ən azı vəzifəsinin nədən ibarət olduğunu anlayardı. Vətən dara düşəndə də səngərdə ilk novbə çəkən həmin o əmilər oldu, milis əmilər…
Döyüşlər başlayanda ilk döyüşə atılan, ilk şəhid onlar oldular. Ordu olmayanda bizi qorumaq üçün canını ortaya qoydu Azərbaycan DİN əməkdaşları… Bəs nə oldu birdən-birə? Niyə bu hala gəldi Azərbaycan polisi?
Bu suallara cavab verə biləcək adamlardan biri də sizsiniz, cənəb nazir. Çünki 15 ilə yaxındır ki, bu orqanda rəhbər vəzifədəsiniz və heç şübhəsiz ki, Azərbaycan polisinin mənfi imic sahibi olmasında sizin də fəaliyyətiniz var və ya fəaliyyətsizliyiniz…
Son zamanlar ölkədə baş verən hadisələr, buna qarşı tədbir görülməməsi və ya görülə bilməməsi yaxın gələcəkdə Azərbaycanda asayişin qorunması prosesində ciddi sıxıntıların olacağından xəbər verir.
Olanlar onu deməyə əsas verir ki, Azərbaycan polisinin 3-5 etirazçıya yumruq atmaqdan başqa heç bir funksiyası yoxdur. Yox, yanlış anlamayın, kiminsə cibinə narkotika atıb şərləmək… Üzə durmaq… Təhdid edərək yükləmək… Ticarət və iaşə obyektlərindən "hesab” yığmaq… Əxlaqsızlıq yuvalarını himayə etmək və s. kimi işlər, əməllər öz yerində…
Amma elə ki bir cinayət hadisəsi baş verdi, onun üstünün açılması prosesində polisin fərsizliyi ortaya çıxır, yarıtmazlığı aydın olur. Son aylar isə baş verən mənzil oğurluğu halları və bu hadisələrin qarşısında bu "polis ordusu”nun acizliyi bu sistemdəki anormal vəziyyətin bariz nümunəsidir. Bir başından o biri başına olan məsafə min metrdən artıq olmayan bir qəsəbədə bir neçə ay içində baş vermiş eyni formatlı çoxsaylı oğurluq hadisələrinin heç birisinin üstünün açılmaması və cinayətkarların müəyyənləşdirilməsi üçün əsaslı fəaliyyətin olmaması bu ölkədə polisin yoxluğu deməkdir. Bir kasıb adam bir məhəllədə çörək qazanmaq üçün iki dəstə göy satarsa anında başının üstün alan, bir mənzildə bir divar təmir olunduğunda "şirinlik” üçün özünü çatdıran, bir yerə iki ağac əkəndə müdaxilə edən polis, mənzilləri bir-birinin ardınca talayan oğruları tuta bilmir.
Həm də paytaxtda… "Təhlükəsiz şəhər” (T.Ş.) adı verilən kameralar olan ərazilərdə… Bəs bu T.Ş kameraları nə üçündür, cənab nazir? Bu kameralar cinayət hadisələrinin açılmasında lazımi rolu oynamayacaqsa dövlətimizin büdcəsindən bu məqsədlə vəsait niyə ayrılıb? Ən ağrılısı bilirsinizmi nədir? Bu hadisələr haqqında eşidən hər kəs "polisin əli var”, "polis edir” deyir. Azərbaycan polisinə bu oğru imicini qazandıranlar kimlərdir? Vətəndaşın öz polisi haqqında belə fikirdə olmasının necə böyük bir biabırçılıq olduğunu düşünə bilirsinizmi, cənab nazir?!
Vaxtaşırı cinayət hadisəsi baş verən və bağlı qalan bir rayon polisinin rəis heyətinin istefa verməyə nəfsi yol vermir, bəs siz hansı əsasla bu fərsizlərə rayon tapşırırsınız? Vəzifələrin qohumluğa, dostluğa, tapşırığa görə verildiyi bir orqan ictimai asayişi təmin edə bilərmi sizcə? Nə isə…
Deməyə çox sözüm var, amma… Bir məmləkətdə xaosun, hərc-mərcliyin ilkin təzahürü oğurluq, quldurluq hallarının çoxalmasıdır. Allah qorusun elə bir vəziyyət yaranarsa bunun qarşısını almaq gücündə bir qurumumuzun olmadığını siz hamıdan yaxşı bilirsiniz.
Sizi də, bizi də dəyərli edə biləcək anlam bu dövlətin varlığıdır. Bu dövləti qorumaq, hər bir vətəndaşının probleminə operativ reaksiya vermək siz səlahiyyət sahiblərinin borcudur. Xahiş edirəm, borcunuzu yerinə yetirin!

 Vasif Qurbanzadə
PS. Bu sözləri 02.12.2018-ci ildə DİN-ə mənzilində oğurluq hadisəsi baş verməsi ilə bağlı şikayəti daxil olan Qurbanzadə Vasif Zahid oğlunun müraciəti kimi qəbul edin. Müraciətimi bacarıqsız, işbilməz Suraxanı polisinə yonləndirməyəcəyinizə ümüd edirəm.
Загрузка...
Загрузка...

Xəbər lenti