Vidadi Zeynalov həbsxanadan biznes idarə edir

Vidadi Zeynalov həbsxanadan biznes idarə edir
Загрузка...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesinin bu günlərdə keçiriləcəyi ilə bağlı məlumat vermişdik. Xatırladaq ki, oktyabrın 19-da bu iş üzrə məhkəmə iclası noyabrın 28-nə təyin edilmişdi. Amma hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses yenə baş tutmayıb. Bu dəfə isə məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb. İddialara görə, məhkəmə gələn həftə keçirilə bilər. Gözlənilir ki, V.Zeynalov və daha bir sabiq məmur həmin məhkəmənin sonunda azadlığa buraxılacaq. 

Bu arada V.Zeynalovla bağlı daha bir ilginc iddia yayılıb. 

Pia.az saytı yazır ki, hazırda həbsdə olan sabiq Aparat rəhbəri Vidadi Zeynalovun və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun şərikli biznesi var. "Vidadi Zeynalov və Ceyhun Cəfərovun qohumluq bağları var və bu layihə ikilinin heç də ilk şərikli biznes strukturu deyil. Yerli mətbuatın yazdığına görə, Vidadi Zeynalovun və Ceyhun Cəfərovun çoxlu sayda şərikli biznes strukturları mövcuddur və iddialara əsasən Vidadi Zeynalovun əmlakına həbs qoyulduğu zaman sabiq aparat rəhbərinin biznes strukturunun böyük bir hissəsini məhz Ceyhun Cəfərov xilas edib” deyə bildirilir. İddia olunur ki, "Qlobal-Aqro" MMC-yə məxsus olan və 2000 hektar ərazidə yaradılan aqroparka ayrılan dövlət vəsaitlər mənimsənərək sabiq aparat rəhbərinin dövlətə vurduğu milyonlarla zərərin bir hissəsini ödənilməsinə yönləndirilib. 

V.Zeynalov 2015-ci ilin noyabr ayında həbs edilib. 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. 2017-ci ilin iyununda V.Zeynalovun vəkili müdafiə etdiyin şəxsin dövlətə vurduğu ziyanın 2 milyon 200 minini ödədiyini deyib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V.Zeynalovun bundan sonra daha 4 milyon manat borcu qalıb. Elə həmin ay sabiq Aparat rəhbərinin yerdə qalan borcları da banka keçirdiyi barədə xəbər yayılıb. Bununla da o, ittihamda göstərilən təxminən 7 milyon manatadək borcu tam ödəmiş olub.

Bakı Apelyasiya Məhkəməsi ötən ilin noyabrında bu iş üzrə apelyasiya şikayətinə baxıb. Vidadi Zeynalov həmin prosesdə qısa çıxış edib. O bildirib ki, qanun qarşısında heç bir günahı yoxdur. Qərara görə, Vidadi Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və onun 13 il müddətinə olan cəzası 4 ilə endirilib.

Загрузка...
Загрузка...

Xəbər lenti