"Vətən xaini" kimi öldürlən hərbçinin anası: "Ay Azərbaycan xalqı, balalarımızı işgəncə ilə öldürürlər"

Загрузка...
Anaların dedikləri adi tədbirlərdən birində sanki faciə ruhu çökdürmüşdü. Onlar dərdlərinin eşidilməsini, haqqın nahaqqa üzülməməsini istəyirdilər. Onlar deyirlər, dedikləri iddiadır, yoxlanılmalıdır, amma istənilən halda cavab verilməlidir.
Mərhum hərbiçi Elçin Quliyevin anası Validə Əhmədovanın bir neçə gün əvvəl tədbirdə etdiyi fəryad bütün iştirakçılarını sarsıtmışdı. V.Əhmədova bildirib ki, oğlu E.Quliyev 2017-ci ilin mayında "Tərtər hadisələri”nə görə tutulub. O iddia edir ki, oğlu işgəncə ilə öldürülüb:
"Bizim balalarımızı aparıb əl-qolları bağlı işgəncə ediblər. Öz bayrağımızın altında oturmuşuq, bunlar kimdir balalarımız öldürür? Niyə kasıbın balasın seçiblər? Kimdir Azərbaycan balalarını aparıb əl-qolunu, gözünü bağlayıb olmazın işgəncəsin verib, intihar həddinə çatdırıb. Bilin ay Azərbaycan xalqı, balalarımızı işgəncə ilə öldürürlər. O, siz deyəni demədiyinə görə öldürdünüz. Qaytarın mənim balamı. 30 illik zəhmətimi qaytarın. 21 ildir xəstə uşaq saxlayıram. Bir ildir getmədiyim qapı qalmayıb”. 
İttihama görə, E.Quliyev düşmən hərbi qulluqçuları tərəfindən xidmət etdiyi "N” saylı hərbi hissənin döyüş mövqelərinin məxfi rabitə kanallarında ötürülən Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyətinin zərərinə istifadə oluna biləcək, dövlət sirri təşkil edən məlumatların ələ keçirilməsini təmin etmək məqsədilə hərbi hissənin daxili kodlaşdırılmış çağırış sistemini kağız parçasına qeyd edərək əvvəlcədən razılaşdırdıqları kimi düşmən hərbi qulluqçularına ötürmək məqsədi ilə erməni tərəfə təhvil verib. 
Cinayət işinin materiallarında göstərilib ki, E.Quliyev əsgərlərdən birinin ifadəsi əsasında 2017-ci il mayın 3-də dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb və köhnə qərargah binasında bir neçə nəfər tərəfindən işgəncəyə məruz qalıb. Onun əl-qolunu bağlayaraq günün müxtəlif vaxtlarında fasilələrlə işgəncə veriblər. Onu köhnə qərargah binasının ikinci mərtəbəsində otaqda, həmçinin dəhlizdə soyunduraraq əl-ayaqlarını yapışqanla, gözlərini isə parça ilə bağlayıblar. Sonra isə şillə-təpiklə, həmçinin plastik boru ilə döyüblər. Əl-ayaqlarını tutaraq başını vannadakı suya soxaraq bir neçə saniyə saxlayıblar, nəfəs ala bilmədiyindən boğulmamaq üçün sudan çıxarıblar, sonra bunu yenə təkrar ediblər. Üç gün sonra isə səhər saatlarında işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə qərargah binasında ölüb. 

Məhkəmə-tibbi ekspertizasının 12 saylı 07.05.2017-ci il tarixli rəyində göstərilib ki, E.Quliyevin ölümünə səbəb bədənin çoxsaylı küt travması, hər iki böyrəyə qan sızması, qanın bir hissəsinin dövrandan çıxması (yumşaq toxumaları sızması) fonunda, orqanizmin ümumi intoksikasiyası, ağciyər və beyin ödemi ilə ağırlaşmış kəskin tənəffüz-ürək çatışmazlığı olub. Hərbi Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseynzadənin mərhumun anası V.Əhmədovanın müraciətinə cavab olaraq bildirilib ki, E.Quliyev xidmət etdiyi hərbi hissənin qərərgahında ölüb. Ona görə də, Hərbi Prokurorluğun əməkdaşları tərəfindən dindirilməyib və onunla bağlı heç bir istintaq hərəkəti aparılmayıb.
M.Hüseynzadə həmçinin qeyd edib ki, rəhbərlik etdiyi idarədə istintaq olunan Cinayət Məcəlləsinin 274-cü (vətənə xəyanət) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə E.Quliyevin öldürülməsi faktı da araşdırılıb. Onu da bildirək ki, ölümündən 8 ay sonra 19 dekabr 2017-ci ildə E.Quliyevin ölümünə hüquqi qiymət verilib. Tərtər hərbi Məhkəməsinin hokmü ilə E.Quliyevə işgəncə verməkdə təqsirləndirilən 8 nəfər azadlıqdan məhrum edilib. Hazırda həmin işə apellyasiya instansiyasında baxılır.
V.Əhmədova Criminal.az saytına bildirdi ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev görüşüb: "Ramiz müəllim bizi dinlədi. Ona bildirdim ki, əsas istəyim oğlumun üzərinə qoyulmuş vətən xaini damğasının götürülməsidir. Bunu üçün Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşıram. Oğluma şəhidlik status verilərsə, şikayət verməyəcəm. Mənim üçün əsas oğlumun təmiz adıdır. Oğlum heç vaxt posta çıxmayıb, ərzaq maşını sürüb”.
Загрузка...
Загрузка...

Xəbər lenti