Vərəmdən əziyyət çəkən yazar: 'Müalicəmə pul, dərman tapa bilmirəm...' Vərəmdən əziyyət çəkən yazar: 'Müalicəmə pul, dərman tapa bilmirəm...'

Vərəmdən əziyyət çəkən yazar: 'Müalicəmə pul, dərman tapa bilmirəm...'
Загрузка...
«Dostlarım mənə maddi yardım etdilər, iynə-dərmanın bir hissəsini aldım. Ancaq elə iynə var ki, bir ədədi 35 manatdır. Başqa bahalı dərmanlar da çoxdur. Həkimlər bildirir ki, müalicəmdən ötrü ən azı, üç ay bu dərmanlardan mütəmadi istifadə etməliyəm. Haradan tapım, necə alım?» – yazar Elşad Barat AzadlıqRadiosuna durumunun ağırlığından danışır.
O, vərəm xəstəliyindən əziyyət çəkir. Deyir ki, maddi durumu müalicə olunmasına imkan vermir. Dövlət hesabına pulsuz verilməsi nəzərdə tutulan dərmanlar da sağalması üçün gərəkən dava-dərmanın çox az bir hissəsidir: «Mənə dörd növ dərman pulsuz verilib. Bu dərmanları bir həftədir qəbul edirəm, əgər əvvəl bir tərəfim ağrıyırdısa, indi bütün orqanların ağrıları bir-birinə qarışıb. Çünki vərəmə qarşı dərmanların başqa orqanlara əks təsiri olur. Həmin təsirlərin qarşısını almaq üçün xeyli başqa dərmanlar yazılır. Dövlət vermir, almağa da imkan yox...». 

Üç azyaşlı uşaq atası olan E.Barat işsizdir. Deyir, sağalana qədər, yəni azı, altı ay da işləyə bilməyəcək: «Kirayə pulu, ailənin dolanışığı, özümün müalicəmə gərəkən vəsait və üstəlik də borclar... Heç bilmirəm, neyləyim. Bu xəstəliyin müalicəsi üçün əsas şərtlər daxili rahatlıq, dərd-sərdən uzaq olmaq, normal qidalanmaq, isti şəraitdir. Bu qədər problemin içində, müalicəmə pul tapmadan mən necə rahat ola bilərəm?».
«Dövlət pulsuz dərman verir»
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə AzadlıqRadiosuna bildirilir ki, vərəm xəstələrinin müalicəsi üçün dövlət tərəfindən lazım olan addımlar atılır. O cümlədən, xəstələr pulsuz dərmanlarla da təmin olunurlar: «Həmin dərmanların siyahısını Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi saytından əldə etmək olar». Resept ​ Nazirlikdən onu da deyiblər ki, vərəmli xəstələr müalicə müəssisələrində xəstəlik dərəcələrinə uyğun yerləşdirilir. Yəni xəstənin durumundan asılı olaraq, onun hansı şəraitdə saxlanmasına həkimlər qərar verir.
«Həkimlər o dərmanları yazmır»
Azad İstehlakçılar Birliyinin nəzdində Müayinə və bərpa müəssisələrində istehlakçı hüquqlarının müdafiəsi Komissiyasının rəhbəri Əhməd Rəhmanov AzadlıqRadiosuna bildirib ki, vərəm xəstələrinin pulsuz dərmanla təminatı məsələsində yenə də şikayətlər var. Dediyinə görə, məsələni araşdırıblar və aydın olub ki, pulsuz dərmanların sayının azlığı həkimləri də çıxılmaz vəziyyətdə qoyur: «Onlar kompüter sistemində pulsuz dərmanlardan nə qədər qaldığını görürlər. Biləndə ki, həmin dərmandan yoxdur, məcbur olub onu yazmırlar. Birincisi, dövlət vərəm xəstələrinə lazım olan bütün dərmanları vermir. İkincisi də say azdır».
«Pulsuz dərmanların sayı çox azdır»
Valeologiya və İnteqrativ Təbabət Mərkəzinin rəhbəri İbrahim Əsədli həm də vərəm xəstəliyinin diaqnostika və müalicəsində ixtisaslaşmış həkim – ftiziatrdır. Bu barədə AzadlıqRadiosuna danışan mütəxəssis deyir ki, Azərbaycanda vərəm xəstələrinin sayı yetərincə çoxdur. Vərəmi «ictimai-siyasi xəstəlik» adlandıran və hələ də bəşəriyyətin onunla mübarizədə qələbə qazana bilmədiyini deyən İ.Əsədlinin sözlərinə görə, Azərbaycanda dövlət bu kateqoriyadan olan xəstələrin müalicəsini çatdıra bilmir. Çünki ayrılan dərmanlar xəstələrin sayına adekvat deyil: 

«Vərəm bir dərmanla müalicə olunan xəstəlik deyil. Bu xəstəliyinin müalicəsinə gərəkən dərmanlar bahadır. 2008-ci ildən dövlət məsələni tənzimləməyə çalışaraq, pulsuz dərmanlar paylamağa başladı. 2010-cu ildən sonra beynəlxalq təşkilatların köməyi ilə xüsusi proqramlar hazırlandı. Xəstələrin say nisbətində adambaşına təxminən 100 manatlıq dərman pulsuz verilirdi. Amma gördülər ki, çatdıra bilmirlər. Çünki xəstələrin sayı ayrılan dərmanlardan qat-qat çoxdur. Minlərlə xəstə varsa, hər dərmandan 100-200 preparat onlara necə çatsın?».
Vərəmin müayinəsi ​
İ.Əsədli bildirir ki, vərəmin müalicəsinə gərəkən dərmanlar baha olmaqla yanaşı, həm də başqa orqanlara çox ciddi ziyan verir. Bu xəstəliyin müalicəsindən ötrü dərmanlar üç cərgəyə bölünür. Ftiziatrın sözlərinə görə, birinci cərgə dərmanlar xəstələrə daha əlçatandır, demək olar ki, bütün dispanserlərdə var. İkinci və üçüncü cərgəyə aid, daha bahalı dərmanları isə ancaq Səhiyyə Nazirliyindəki xüsusi komissiyanın razılığından sonra xəstə pulsuz əldə edə bilər: «Bir çox xəstələr birinci cərgəyə aid, pulsuz əldə etdikləri dərmanlardan da tam istifadə eləyə bilmir. Çünki dövlət o dərmanların özünü versə də, yan təsirlərin qarşısını almaq üçün preparatlar verilmir. Həmin dərmanların isə xüsusən qaraciyərə çox mənfi təsiri olur. Əvvəllər qaraciyər qoruyucuları da verilirdi, sonra gördülər ki, çatdıra bilmirlər, vermədilər. Bir tərəfdən dövlət nəsə eləməyə çalışır. Lakin bu, çox cüzidir. Beş-on nəfərə dərman çatdırmaqla demək olmaz ki. biz bunun öhdəsindən gəlirik. Tutaq ki, 5 min xəstə var, onun 500-nə pulsuz dərmanlar çatdırmaq olar, qalan 4 min 500 nəfər qalır, axı. Ona görə də, nə demək olmaz ki, pulsuz dərman verilmir, nə də demək olmur ki, dövlət pulsuz dərmanla tam təmin edir».
Ötən il 440 nəfər vərəmdən ölüb
Azərbaycanda vərəmli xəstələrin sayı ilə bağlı 2018-ci ilin rəsmi göstəriciləri, hələlik, bəlli deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 3871 nəfərdə vərəm aşkarlanıb. Onların da 2530-u kişi, qalanı qadın olub. Diqqətçəkən məqamlardan biri odur ki, vərəmə yoluxanların təxminən üçdə biri – 1306 nəfəri 18-29 yaşlı gənclər olub. Ötən il ölkədə 440 nəfər vərəmdən dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təxminən on gün öncə elmi-praktik konfransda çıxışında demişdi ki, bu ilin ilk altı ayı ərzində Azərbaycanda vərəmə yoluxanların sayı 1886 nəfər olub. Onun sözlərinə görə, vərəmli xəstələrin əksəriyyəti (2/3) kişilərdir, amma zamanla qadınlar arasında vərəmlə xəstələnmə göstəriciləri artır: «2017-ci ildə aşkar olunan vərəmli xəstələrin 60 faizi kişi, 30 faizi qadın, 10 faizi uşaqlardır. Dərmana davamlı vərəmli xəstələrin müalicəyə cəlb olunması 98 faiz təşkil edib. Keçən il 3258 təkrar müalicə olunan vərəmli xəstə qeydə alınıb».
Загрузка...
Загрузка...

Xəbər lenti