Vəkilin məktubları yenə “yoxa çıxıb”

Vəkilin məktubları yenə “yoxa çıxıb”
Загрузка...
Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) gedən şikayətlər "itməkdə" davam edir. Vəkil Əsabəli Mustafayev bildirib ki, hər ay "Azərpoçt" MMC vasitəsilə Strasburqa göndərdiyi məktublar yoxa çıxır. Qurum özü də məktubların itməsini etiraf etsə də, bununla bağlı heç bir tədbir görmür və mayda göndərdiyi iki şikayət yenə yoxa çıxıb. Ə.Mustafayevin sözlərinə görə, əvvəllər məktubların itməsi ilə bağlı "Azərpoçt"a zəng vurub məlumat almaq mümkün idi, ancaq indi qurumla əlaqə saxlamaq mümkün deyil.
"10-15 ildir poçt vasitəsilə Avropa məhkəməsinə məktublar göndərirəm, poçt işçilərinin şəhər nömrələri var məndə, problem olan kimi onlarla əlaqə saxlayırdım. İndi bu nömrələr işləmir, "qaynar xətt"ə isə düşmək mümkün deyil. Elektron məktublara da cavab vermirlər", - vəkil bildirib.
Onun sözlərinə görə, "Azərpoçt" itirilmiş məktublarla bağlı yalnız poçt vasitəsilə göndərilmiş sorğulara cavab verir. "Bu, işi çətinləşdirir. Üstəlik, sorğu itmiş məktub göndərildiyi poçtdan göndərilməlidir. Dedikləri islahatlar budur?", - vəkil əlavə edib.
"Azərpoçt"da Turan-a itirilmiş poçt göndərişlərilə bağlı sorğunun yalnız poçtla göndərilməsinin lazım olduğunu təsdiq etsələr də, bu qaydaların hansı qanunla tənzimləndiyini deməyə çətinlik çəkiblər. "Azərpoçt"un nümayəndəsi əlavə edib ki, şikayətçi poçta gəlməyə çətinlik çəkirsə, sorğunu qurumun saytı vasitəsilə göndərə bilər. Qurumdan həmçinin məktubların itməsini təsdiq ediblər.
Bundan öncə "Azәrpoçt"dan oxşar şikayətlə bağlı "Azadlıq" radiosunun sualına cavab olaraq bildirmişdilər ki, belə hallar hər bir ölkədə baş verə bilər: "İstənilən ölkədə itki ola bilər. Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil", - "Azərpoçt"un işçisi deyib.
AHİM-ə göndərilən bəzi şikayət məktublarının bilərəkdən itirilməsi ilə bağlı iddiaları digər rəsmi qurumlar təsdiq etməyiblər. Lakin bundan əvvəl müxalifətçi siyasətçilər Murad Ədilov, Nemət Pənahlı, jurnalistlər Əfqan Muxtarlı, Seymur Həzi və gənc fəal Bayram Məmmədov Avropa məhkəməsinə göndərilən şikayətlərin bilərəkdən itirildiyini bildiriblər.
Загрузка...
Загрузка...

Xəbər lenti