Vəkili yenə Aqil Hümbətovla görüşə bilmir

Vəkili yenə Aqil Hümbətovla görüşə bilmir
Загрузка...
Nemət Kərimli: "Yenə əvvəlki kimi süni əngəllər yaradırlar”
Psixiatriya xəstəxanasına salınan AXCP üzvü Aqil Hümbətovun vəkili Nemət Kərimli onunla görüşə bilmədiyini deyir. Bu barədə Meydan TV-yə məlumat verən vəkil bildirib ki, iyunun 9-da Respublika Psixiatriya Xəstəxanasına getsə də, A.Hümbətovla görüşməyə izacə verilməyib.
"Dedilər ki, karantin rejiminə görə olmaz. Halbuki, bundan əvvəl karantin rejimində bir neçə dəfə görüşmüşük. Bu cür bəhanələrlə vəkilin müvəkkili ilə görüşünün qarşısının alınması qanunsuzdur. Bundan əvvəl də bir neçə dəfə görüşməyimə imkan verilməmişdi. Ombudsman Aparatına müraciət etmişdim. Bu qurumun müdaxiləsindən sonra görüşə icazə verildi. Yenə əvvəlki kimi süni əngəllər yaradırlar”, - deyə vəkil bildirib.
Müdafiəçi əlavə edib ki, A.Hümbətovun məcburi psixiatriya xəstəxanasına salınmasıyla əlaqədar həm Ali Məhkəməyə, həm də Avropa Məhkəməsinə şikayətlər göndərilib. Avropa Məhkəməsi işi artıq icraata götürüb: "Bu məsələlərlə əlaqədar məsləhətləşməliyik. Bunun üçün də görüşməyimiz vacibdir. Hazırda Avropa Məhkəməsilə yazışmalar gedir”.
Küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandıran, sosial şəbəkələrdə hökuməti tənqid edib, uşaqpulu tələb edən A.Hümbətov martın 29-da belə çıxışlarından bir gün sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra onu bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada saxlandığı müddətdə xəstəxananın baş həkimi Ağahəsən Rəsulov onun məcburi müalicəyə cəlb olunmasına icazə almaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib. Lakin hakim Samir Talıbov aprelin 1-də baş həkimin ərizəsinə baxaraq, onu təmin etməyib. Həmin gün də o, evə buraxılıb.
Aprelin 1-də yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri açıqlayan A.Hümbətov ertəsi gün günorta yenidən zorla xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov onun şikayətini təmin edib və dərhal da A.Hümbətov xəstəxanaya salınıb. O vaxtdan da oradan buraxılmayıb.
İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub. Amma A.Hümbətovun xanımı deyir ki, şikayətçi kimi adı keçən üç nəfərdən onların yaşadığı Zirə qəsəbəsində adamları şərləmək məqsədilə tez-tez istifadə olunur.

Xəbər lenti