Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"

Vəkil:
Saxlanıldığı10 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayan keçmiş deputat Hüseyn Abdullayevin vəziyyəti ağırlaşıb. Bu barədə vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, ötən gün Hüseyn Abdullayevlə görüşüb: "Onun çəkisini və təzyiqini hələ yoxlanılmadığını bildirdi. Kəskin baş ağrılarından, ürək bulanmadan, qarın nahiyəsi və aşağı hissədə kəskin sancılardan əziyyət çəkdiyini bildirdi. Dodaq və ətrafında yaralar əmələ gəlmişdi. Heç olmasa su içməyini israrla xahiş etdim. Bu gün məlumat aldım ki, Hüseyn Abdullayevin bağısağından qan açılıb". 
Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyəyə gəlib və İstanbulda saxlanılıb. Bir gün sonra o, Bakıya gətirilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Yuxarı məhkəmə instansiyaları da bu hökmü qüvvədə saxlayıb. Hüseyn Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Zeynəb Abdullayeva 4 min manat cərimə cəzasına məhkum edilib. Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir. "Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”, - deyə keçmiş deputat bildirib.

Xəbər lenti