Vəfa Nağının məhkəməsi başladı

Vəfa Nağının məhkəməsi başladı
Загрузка...
 Vəkil işlə tanış olmaq üçün vaxt istəyib Neftçala rayonunun Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağının məhkəməsi başlayıb. İyulun 30-da Neftçala Rayon Məhkəməsində Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimov və kəndin Mədəniyyət Evinin rəhbəri İlham Hüseynovun V.Nağıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılıb.
Onlar bələdiyyə üzvünün Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. Məhkəmə iclası V.Nağının iştirakı olmadan keçirilib. Onun vəkili Nemət Kərimli iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Vəkil həmçinin prosesin V.Nağının özünün iştirakıyla keçirilməsinin vacibliyini vurğulayıb. Müdafiəçi bu iki səbəbi əsas gətirərək, prosesin təxirə salınması haqda vəsatət qaldırıb. Vəsatət təmin edilib və məhkəmə avqustun 12-nə saxlanılıb.
Məhkəmə iclasında xüsusi ittihamçılar Ə.Səlimov və İ.Hüseynov da iştirak edib. Bələdiyyə sədri iddia ərizəsində yazıb ki, V.Nağı mediaya müsahibələrində, sosial şəbəkə hesablarından paylaşdığı yazılarında onu təhqir edib, böhtan atıb. İ.Hüseynov isə iyunun 24-də rəhbəri olduğu Mədəniyyət Evində bələdiyyənin iclasından sonra V.Nağının başqalarının yanında onu təhqir etdiyini iddia edir.
V.Nağı isə hesab edir ki, məqsəd bu yolla onu susdurmaqdır: "Gördülər ki, digər təzyiq formaları - şəkillərimi yaymaqla biabır eləyib kənddən çıxarmaq cəhdi nəticə vermədi, indi bu üsula əl atıblar. İstəyirlər ki, məni susdursunlar, yol verdikləri qanunsuzluqlar, korrupsiya əməlləri haqda danışmayım. Amma alınmayacaq”.
Bələdiyyə sədri Ə.Səlimov isə V.Nağının şəkillərinin yayılmasına göstəriş verməsi, korrupsiya ittihamları barədə ünvanına səslənən fikirlərin böhtan olduğunu bildirib. Onun sözlərinə görə, bələdiyyə üzvü müxtəlif dövlət orqanlarına ondan şikayıt edib, amma deyilənlər təsdiqini tapmayıb.

Xəbər lenti