''Uşaqları qışda otaqda, yayda ayaqyolunda çimizdirirəm''

''Uşaqları qışda otaqda, yayda ayaqyolunda çimizdirirəm''
Загрузка...

"Uşaqları qışda otaqda, yayda ayaqyolunda çimizdirirəm”

İmkansızlıqdan əziyyət çəkən İsmayıllı sakini həyat yoldaşının həbsdən azad olunmasını istəyir

"Ailə başçısı həbsdədir. Özüm də işləmirəm, daha doğrusu, iş tapa bilmirəm. İki oğlum var, məktəblidirlər. Uşaqların dəftəri-qələmi olmur, müəllimi kömək edir, sağ olsun. Geyimlərini də qohum-əqrabanın köməyi sayəsində alırıq. Çox zülm çəkirəm".

Bunu İsmayıllı rayonu, Mican kənd sakini Qənirə Bayramova Meydan TV-yə deyir. Söyləyir ki, həyat yoldaşı, 1974-cü il təvəllüdlü İmran İnqilab oğlu Bayramov narkotik maddələrin istifadəsinə görə 6 il müddətinə həbs edilib:

"Cəzasını 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Onunla ailə quranda, narkoman olduğunu bilməmişdim. Artıq üçüncü dəfədir ki, həbsdə yatır. Bu dəfə onu aldatdılar. Dəmirçi yanında köməkçi işləyirdi. Usta da ona 3-5 manat verirdi. Bir oğlan gəlib, aparıb ki, gedək Lənkərana. Orada narkotik alıblar, həmin vaxt ilişdirərək, tutublar".

 

Narkotik satan qalıb qıraqda…

Dolanışığının çətinliyindən şikayətlənən Q.Bayramovanın əsas istəyi həyat yoldaşının azadlığa buraxılmasıdır:
"Birinci vitse-prezident Mehriban Əliyevaya, ökə başçısı İlham Əliyevə məktub yazmaq istəyirəm. Həyat yoldaşımın əfv olunmasına kömək etsinlər, müalicəsinə yardımçı olsunlar. Belə olmaz axı, üç ildən bir tutulur, yatır, çıxır. Uşaqları da başsız qalıb. Narkotik satan qalıb bir kənarda, tutulmur, amma asılı olanı tutublar. Bu zəhrimar yoldaşımın qanına işləyib. Müalicə lazımdır. Özü də bezib, deyir ki, sağalmaq istəyir. Uşaqlar tək saxlaya bilmirəm".

Sosial yardım ala bilmirəm

"Qayınamamın pensiyası ilə dolanırıq. Köməyə ehtiyacımız var. Həmişə sosial yardım alırdım. Onu da iki ilə yaxındır ki, kəsiblər. 100 manatdan çox pul idi. Elektron varianta keçəndən sonra hər dəfə müraciət edirəm, imtina gəlir. Quruma getmişəm (DSMF-nun İsmayıllı Rayon Şöbəsi-red), deyiblər ki, bizlik deyil, nazirlikdən belədir. Şəhərə gedə, nazirliklə əlaqə yarada bilmirəm. Nazirliyin "qaynar xətt”indən bildiriblər ki, elektron sorğuda nəsə problem var. Yoldaşım həbsdədir, hamı da deyir ki, ona ünvanlı sosial yardım düşməlidir. Düşməlidir, amma ala bilmirəm", - şikayətçi deyir.

Tərbiyəçiyəm, iş yoxdur

Q.Bayramova iş üçün İsmayıllı rayon Məşğulluq Mərkəzinə müraciət edib:

"Süpürgəçilik təklif olundu, buna da qayınanam razılaşmadı. Kurs bitirmişəm, bağçada tərbiyəçi işləmişəm. Yenə də bağçada işləmək istəyirəm, orada da yer doludur. Həyətimin hasarı yoxdur, açıqdır. Qayınanam da çox qocadır, 80 yaşı var. Gecələr səksəkə içində yatıram. Bu gedişlə nə edəcəyəm, bilmirəm? 12 il öncə bu evə gəlin köçmüşəm. Ev sökülüb-dağılır, hamam-tualeti yoxdur. Qışda qayınanamı da, uşaqlarımı da otaqda vannada çimizdirirəm. Yayda isə ayaqyolunda çimirik. Tək istəyim həyat yoldaşımın azadlığa buraxılmasıdır. Çünki ailə başçısı olmadan yaşamaq çox əziyyətlidir. Həyat yoldaşım da fasilələrlə üç dəfə həbsdə olub. Uşaqlarım atalarının üzünü əməlli-başlı görməyiblər".

 

İmtinalar əsaslandırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Meydan TV-yə deyib ki, insanlar ünvanlı sosial yardım üçün elektron müraciəti düzgün doldurmurlar:

"Ünvanlı sosial yardımla bağlı müraciət və onun cavablandırlması, təyinatı, avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçirilir. Elektron informasiya sistemləri vasitəsilə edilən müraciət dəqiqləşdirilir. Müraciətdə göstərilən məlumatlar dəqiqləşdirilir, uzlaşdırlır. Hər bir şikayətçiyə elektron müraciət vasitəsilə imtina səbəbləri göstərilir. İmtina səbəbləri tutarsız ola bilməz, hər biri əsaslandırılmış olur. Ola bilsin ki, imtinaya səbəb rabitə və kommunal xərcləri normadan artıq sərf edilməsi olur. Yaxud ola bilər, ailə tərkibi ilə bağlı hər hansı bir yanlış məlumat daxil edilib. Ya da ailə üzvünün işləməsi ilə bağlı məlumatlar düzgün deyil. Hətta ünvanla bağlı yanlışlıqlar da ola bilər. Yaxud da müraciət edən adamın mülkiyyətində torpağı var. Yəni hər bir şey sistem vasitəsilə təyin olunur. Sənədlər qaydasında olandan sonra müraciət edən şəxslər sosial yardımı ala bilirlər".

Hüquqşünas Əsabəli Mustafayev Meydan TV-yə bildirib ki, həbsdə olan İmran Bayramovla bağlı yuxarı instansiyalara müraciət etmək müsbət nəticə verməyə bilər:

"Çünki İmran Bayramov 6 illik azadlıqdan məhrumetmə müddətinin yalnız 1 ilini həbsdə olub. Qanuna görə, o, cəzasının yarısını - 3 ilini çəkməlidir. Bundan sonra onun əfvə düşmək imkanı yaranır. Həbs müddətinin yarısını yatdıqdan sonra həmin şəxs rəsmi müraciət edə bilər".

Загрузка...
Загрузка...

Xəbər lenti