Tutulan icra başçısı səfirin çox yaxın qohumu imiş

Tutulan icra başçısı səfirin çox yaxın qohumu imiş
Azərbaycanda yüksək postlara təyinat və təqdimat məsələləri daha çox qohumluq əlaqələrinə söykənməsi heç kimə sirr deyil. Bu isə nəticədə özünü bərbad idarəçilikdə göstərirdi.
Belə təyinatlardan biri də 2017-ci ildə dünyanın nəfəng dövlətlərindən olan Çin Xalq Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə bağlıdır. Həmin ölkədəki səfir Əkrəm Zeynallı bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun qardaşı oğludur.
 
Əkrəm Zeynallı 
Criminal.az saytının əldə etdiyi məlumata görə, N.Zeynalov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın qohumudur. N.Zeynalov cənab Fərəcovun qudası, əvvəllər icra başçısının müavini işləmiş Akif Zeynalovun qardaşıdır. 

Zakir Fərəcov 
Səfir Ə.Zeynallı isə A.Zeynalovun oğludur və Z.Fərəcovun qızı ilə ailə qurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları Namiq Zeynalovu dekabrın əvvəllərində həbs edib. 

Namiq Zeynalov 
2018-ci ilin fevralın 6-da bu posta təyinat alan Namiq Zeynalov rüşvət alarkən tutulub. Musavat.com yazır ki, o, Azərbaycan Respublikası Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır. Namiq Zeynalovun həbsi başçıların rüşvət və korrupsiya cinayətlərinə görə 2018-ci ildən başlanan həbslərin yeni dalğası hesab edilir. 

Kərəm Həsənov 
N.Zeynalov başçı təyinatına qədər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb və yenə rüşvəti "peşə seçib”.
"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bir neçə gün əvvəl yerli mediada N.Zeynalov haqda olduqca sensasion fikirlər də səsləndirmişdi. Bildirmişdi ki, Namiq Zeynalov 2018-ci ilin fevralında vəzifəyə təyinat alandan sonra rayonda ilk işi rüşvət yığmaq olub. Bir şəhidin yas çadırının qurulmasına icazə vermək üçün 2 min 700 manat alıb. 
Xatırladaq ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Namiq Zeynalovun saxlanılaraq Bakıya gətirildiyi bildirilirdi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Sənədə əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Məhkəmə istintaq orqanının təqdimatını qəbul etdi Dekabrın 9-da Səbail Rayon Məhkəməsi Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. 

Xəbər lenti