Türkiyəli iş adamının xanımı: Şirvanda polislər yoldaşımı təpiklədi, sürüdü

Türkiyəli iş adamının xanımı: Şirvanda polislər yoldaşımı təpiklədi, sürüdü
Загрузка...
Azərbaycana biznes qurmağa gələn Şonai ailəsi təzyiqlə üzləşdiklərini deyir
"Şirvan Rayon Polis Bölməsinin əməkdaşları yoldaşımı yerdə sürüdülər, əlini qandallayıb Şirvana apardılar. Biz 9 aylıq körpəmizi evdə qoyub, Şirvana getməli olduq. Orda bizi qorxutmağa çalışdılar, hədələdilər. Durduğumuz yerdə başımıza oyun açıldı”.
Türkiyənin hazırda Azərbaycanda yaşayan vətəndaşı Ahu Şonai Meydan TV-yə belə yazır. Bildirir ki, həyat yoldaşı Türkiyədə bizneslə məşğul olub. Bir neçə il öncə oradakı işlərini bağlayıb Azərbaycana köçmək qərarına gəliblər. Burada "Megafun” əyləncə mərkəzi yaxınlığında yaşayırlar. Ahu Şonai deyir ki, sentyabrın 9-da, gecə saat 11-dən sonra qapıları döyülüb. Açıblar ki, 3-4 nəfər polisdir. Polislər ailə başçısı Yazdan Şonai barəsində şikayət olduğunu, buna görə onları Şirvan şəhərinin polis blməsinə aparmaq üçün gəldiklərini söyləyiblər. Ailə gecə vaxtı getməkdən imtina edib. Bu zaman polislər Yazdan Şonai ilə xeyli mübahisə ediblər.
Ahu Şonai deyir ki, mübahisə hətta qızışıb, səslər yüksəlib: "Qapının ağzında xeyli qışqır-bağır saldılar. Həmin gün də bizim azərbaycanlı həkim dostumuz qonağımız idi. Bizə bərk-bərk tapşırdı ki, Şirvana vəkilsiz getməyin. Özü də biz Bakıda yaşayırıq. Barəmizdə hər hansı bir şikayət varsa, niyə Şirvan polisinə edilir? Bu, nə dərəcədə doğrudur? Nə isə birtəhər razılaşdırdıq və səhər tezdən Şirvana gələcəyimizi söyləyib, qapımızı bağladıq. Səhərə qədər nə qədər həyəcan keçirdiyimizi bir biz bilirik”. Ahu Şonai deyir ki, səhər saat 9-un yarısı vəkillə görüşmək üçün evdən çıxanda binalarının önündə onlara bir nəfər kişi yaxınlaşıb. Kimliklərini dəqiqləşdirəndən sonra daha 10 nəfər mülki geyimli ailənin üzərinə hücum çəkib: "Yoldaşımın qolunu qandalladılar. O qışqırıb, kömək istədikcə, yerdə sürüdülər, təpiklədilər, yumruqladılar. Sonra da bizi məcburi maşına mindirib Şirvan Şəhər Polis Şöbəsinə apardılar. Yoldaşım döyüləndə "polis, polis” deyə, qışqırırdı. Daha biz nə bilək ki, bizi döyənlərin özləri elə polisdirlər. Polis bölməsində məlum oldu ki, Cahit Akçan adlı bir türk vətəndaşı barəmizdə şikayət verib. Guya 2015-ci ildə mənim yoldaşım onunla Şirvan şəhərində görüşüb. Cahit Akçan yoldaşıma 2 milyon dollar borc pul verib. Yoldaşım da bu pulu 4 il ərzində geri verməyincə, bu adam bizdən şikayət edib”.
Ahu Şonai deyir ki, nə həyat yoldaşı, nə də o, 2015-ci ildə Azərbaycana gəlib. Ümumiyyətlə, həmin ili bir dəfə də olsun, ölkəyə giriş etməyiblər. Bu sözləri polis əməkdaşlarına desələr də, onları dinləyən olmayıb. Vəkillə əlaqə saxlamalarına imkan verilməyib, telefonları və şəxsi əşyaları müsadirə edilib: "Çox sonra dostlarımızın da köməyi ilə vəkilimiz gəlib çıxdı. Əlində də hava limanından aldığı çıxarışla. Rəsmi şəkildə təsdiq edildi ki, biz həmin il Azərbaycana ayaq basmamışıq, borc almaq məsələsi doğru deyil. Bu zaman polislər yoldaşıma dedilər ki, gəlin, sizi bu adamla barışdıraq. Oturub, bir yeyin, için, barışın. Mən yoldaşıma dedim ki, qəbul etmə, bunlar bizdən pul umurlar. Sonra rəisləri gəldi. Dedi, "Yazdan bəy, bizdə olan məlumata görə sizdə çoxlu pul var”. Yoldaşım da cavabında bildirdi ki, bizdə nəinki 2 milyon dollar, heç 150 manat da yoxdur”.
Bundan sonra ailəni polis bölməsində xeyli saxlayıblar. Ahu Şonai deyir ki, bu müddət ərzində körpə uşağından ayrı qalıb, stress keçirib: "Mən süd verən anayam. Mənə bu qədər stress keçirmək, əsəbiləşmək olmaz. Özü də etmədiyimiz bir şey ücbatından. Mən düşünürəm ki, bu adam bizim Azərbaycana köçdüyümüzü, burada yaşadığımızı və biznes qurduğumuzu duyub, düşünüb ki, indi bunların çoxlu pulu var. Nəticədə düşüb dalımızca, buralaradək gəlib və Şirvan polisini də işin içinə qataraq bizdən pul qoparmağa çalışır. Ağlımıza başqa heç nə gəlmir. Çünki biz Şirvanın heç harada olduğunu bilmirik”. Ahu Şonai deyir ki, sənədlə onların 2015-ci ildə Azərbaycana gəlmədikləri bəlli olanda müstəntiq Cahit Akçana deyib ki, bax, sənin başın ağrıyacaq: "Yaxşı düşün, bəlkə tarixləri səhv salırsan? Bəlkə 2015 yox, 2018 demək istəmisən?”
Bu zaman Cahit Akçan dedi ki, bəli, bəli, mən 2018-lə 2015-i səhv salımışam deyəsən. Biz ona sual verdik ki, bəs, yaxşı, həmin vaxt Şirvanda Yazan Şonai ilə görüşmək üçün hansı telefon nömrəsi ilə əlaqə saxlayıb? Bu sualımıza da cavab verə bilmədi. Bütün bunlardan da görünür ki, o adam yalan danışır. Biz haqsızlığa uğramışıq”. Ahu Şonai Meydan TV vasitəsilə Azərbaycanın aidiyyatı qurumlarına müraciət edir. Deyir, işləmədikləri, etmədikləri bir şeyə görə Şirvan polisində barələrində araşdırma başladılıb: "Haqsız yerə başladılan araşdırmaya görə gecə ilə evimizə gəlib, yoldaşımla dalaşıblar. Səhər binamızın qarşısında bizə hücum olub, zorla Şirvana aparılmışıq. Körpə uşağımızı tək qoyub, getməli olmuşuq. Stress, əsəb keçirmişik. Bunlar hansı ədalətə sığan şeylərdir? Mənim səsimi duyun, bizə qarşı bu haqsızlığı edənləri cəzalandırın. Biz Azərbaycan qanunlarına güvənirik. Ona görə bura köçüb, burada iş qurub, yaşayırıq. Bizə bu zülmü edənlərin cəzalandırılacağına ümid edirəm”.
Şirvan Şəhər Polis Şöbəsindən Meydan TV-yə deyilib ki, bu barədə məlumat vermək səlahiyyətində deyillər. Daxili İşlər Nazirliyindən isə bir neçə gün ərzində münasibət öyrənmək mümkün olmayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti