Türkiyədə Gülənlə əlaqələrdə şübhəli bilinən 700 nəfərin həbsi üçün qərar verilib

Türkiyədə Gülənlə əlaqələrdə şübhəli bilinən 700 nəfərin həbsi üçün qərar verilib
Загрузка...
Prokurorlar hərbi və ədliyyə işçiləri barədə qərar çıxarıblar Türkiyədə prokurorlar çərşənbə axşamı hərbi və ədliyyə nazirliyinin işçiləri də daxil olmaqla 700-ə yaxın insanın həbsinə qərar verib. "Reuters” xəbər verir ki, həbslər 2016-cı ildə dövlət çevrilişində ittiham edilən Fətullah Gülən camaatına qarşı gücləndirilmiş tədbirlər çərçivəsində baş verir. ABŞ-da məskunlaşmış din xadimi Fəthullah Gülənin tərəfdarlarına qarşı 2016-cı ilin iyulundan bəri başlamış təqib əsnasında təxminən 250 nəfərin öldürüldüyü bildirilir.
Polis müntəzəm olaraq şübhəliləri hədəf alan reydlər keçirir. Prezident Rəcəb Tayyib Ərdoğanın bir zamanlar müttəfiqi olan, daha sonra isə onun əzəli düşməninə çevrilmiş Gülənin tərəfdarlarına qarşı polisin keçirdiyi əməliyyatlar artmaqdadır. 1999-cu ildən bəri Pensilvaniyada öz seçimiylə mühacirətdə yaşayan Gülən çevriliş cəhdində iştirakını rədd edir.
"Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, son əməliyyatlar zamanı prokurorluq Türkiyə Silahlı Qüvvələrinin istintaqı çərçivəsində 157 nəfərin, o cümlədən 101 xidməti zabitin həbs edilməsinə göstəriş verib. "Demirören” xəbər agentliyi bildirir ki, bu əməliyyatda təxminən 100 adam nəzarət altına alınıb. Paytaxt Ankarada Gülən tərəfdarlarını hədəf alan istintaq çərçivəsində ədliyyə nazirliyindən 71 nəfərin tutulması gözlənilir.
Agentlik xatırladıb ki, dövlət çevrilişi cəhdindən sonra təxminən 80 min insan mühakimə olunmadan həbs altında saxlanılır. 150 minə yaxın məmur, hərbi işçi və digərləri işdən çıxarılıb. Avropa Birliyi də daxil olmaqla Türkiyənin Qərb müttəfiqləri və hüquq müdafiə təşkilatları Ankaranın davam etməkdə olan basqısını tənqid edir. Ankara isə atılmış addımların dövlətin təhlükəsizliyi üçün zəruri olduğunu bildirir.

Xəbər lenti