Tofiq Yaqublunun üzərində hələ də xəsarətlər var

Tofiq Yaqublunun üzərində hələ də xəsarətlər var
Загрузка...
Onunla bağlı məhkəmə işi geri qaytarıldı
Milli Şuranın 19 oktyabr mitinqində saxlanılan Müsavat fəalı Tofiq Yaqublunun 30 sutkalıq inzibati həbsi barədə qərardan verilən apelyasiya şikayətinə baxılıb. Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə keçirilən məhkəmədə T.Yaqublunun vəkili Nemət Kərimli işgəncə şikayətlərinin araşdırılması barədə vəsatət qaldırıb. Bildirib ki, T.Yaqublunun həbsindən iki gün sonra - oktyabrın 21-də Binəqədidə inzibati həbs olunanların saxlanma yerində onunla görüşüb. Həmin vaxt da üzərində xəsarətlər görüb:
"Üzündə qançırlar, başında şişlər vardı. Dediyinə görə, Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılanda daha pis vəziyyətdə olub. Özü də işgəncəyə məruz qaldığını deyib. Lakin hakim xəsarətlərin və işgəncə şikayətinin araşdırılması üçün addım atmayıb, ekspertiza təyin etməyib. Halbuki, Ali Məhkəmənin qərarı var. Həmin qərarla hakimin üzərinə vəzifə qoyulub ki, əgər o, işgəncə izi görürsə, ekspertiza təyin etməlidir. O məhkəmə eləməyib. Xahiş edirik, siz ekspertiza təyin edin. Hələ də biləyində qançırlar var. O xəsarətlərlə bağlı rəy alınsın".
T.Yaqublu vəkilinə deyib ki, o, işgəncəyə məruz qalandan sonra durumunun ağır olduğunu görüb, Daxili İşlər Nazirliyinin hospitalına aparıblar. Vəkil həm hospitaldan, həm də T.Yaqublunun saxlandığı təcridxanadan da rəy alınmasını istəyib.
Bildirib ki, T.Yaqublu təcridxanaya qəbul ediləndə də həkim müayinəsindən keçirilib və həmin müayinənin də nəticələri alınmalıdır. N.Kərimlinin daha bir vəsatəti məhkəmə iclas protokollarıyla tanışlığa şərait yaradılması olub. Müdafiəçinin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsində yazılan protokol onlara verilməyib. Ona görə də protokolda nə yazıldığından xəbərsizdilər:
"Amma məhkəmənin qərarından belə görünür ki, Tofiq Yaqublunun işgəncəyə aid olmayan, üç-dörd cümlə fikrini yazıblar". Hakim məhkəmə prosesində fasilə elan edərək, protokolları tanışlıq üçün T.Yaqublu və vəkilinə təqdim edib. Onlar tanış olandan sonra vəkil bildirib ki, protokoldakı ifadələr saxtalaşdırılıb. N.Kərimli bu barədə qeydlərini də təqdim edib. Apelyasiya Məhkəməsi həmin qeydləri rəy bildirilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərəcək. Oradan cavab (rəy) alınandan sonra apelyasiya şikayəti üzrə proses davam etdiriləcək.
Загрузка...
Загрузка...

Xəbər lenti