Tofiq Yaqublunun şikayəti təmin edilmədi

Tofiq Yaqublunun şikayəti təmin edilmədi
Загрузка...
Bakı Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbirinin uzadılmasına dair qərardan şikayətə baxılıb. İyunun 24-də hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmə iclasında T.Yaqublu özü də iştirak edib. T.Yaqublunun qızı Nigar Həzi Meydan TV-yə bildirib ki, atasının vəkili Aqil Layıc məhkəmə zalında hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşlarının iştirakına etiraz edib.
Müdafiəçi deyib ki, bu şəxslər prosesdə tərəf olmadığına görə qapalı məhkəmə iclasında da iştirak edə bilməzlər. Vəkilin etirazından sonra kənar şəxslər məhkəmə zalından çıxarılıb.
Məhkəmədə T.Yaqublu özünü təqsirli bilməyib. N.Yaqublunun sözlərinə görə, T.Yaqublunun əvvəllər cinayət törətməsi barədə arqumentinə də atası kəskin cavab verib: "Deyib ki, cinayətkar özünüzsünüz, günahsız insanların ömrünü oğurlayırsınız”.
Vəkil Aqil Layıc da məsələnin hüquqi tərəflərini əsaslandırıb. Deyib ki, Tofiq Yaqublunun həbsdə saxlanma müddətinin uzadılması üçün heç bir maddi və prosessual əsas yoxdur. Konkret arqumentlər səsləndirib. Amma xeyri olmayıb. Həbs müddətinin avqustun 22-nə qədər uzadılması haqda qərar qüvvədə saxlanılıb”.
A.Layıc Meydan TV-yə bildirib ki, T.Yaqublu haqqında həbs-qətimkan tədbirinin seçilməsilə əlaqədar ölkə daxilində hüquqi müdafiə vasitələri tükəndirilib: "Bildiyimə görə, artıq bu işdə digər müdafiəçi olan həmkarım Elçin Sadıqov həbs qərarından şikayəti Avropa İnsan Haqları Məhkəməsinə göndərib”.
T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) ittihamı irəli sürülüb. İddia olunur ki, T.Yaqublunun avtomobili ilə Elxan Cəbrayılovun idarə etdiyi maşın toqquşub. Bu zaman T.Yaqublu düşüb, o biri avtomobilin sürücüsü Elxan Cəbrayılov və həyat yoldaşı Cəvahir Cəbrayılovanı vurub, vintaçanla xəsarət yetirib.
T.Yaqublu isə bu ittihamın saxta olduğunu, "8-ci kilometr” bazarının qarşısında maşını dayandığı yerdə vurulduğunu, ardınca özünün hücuma məruz qaldığını bildirib. Həmin vaxt T.Yaqublu sosial media hesabında təxribatla üzləşdiyini yazmışdı. T.Yaqublu deyir ki, həm avtomobilindəki video-qeydiyyat cizahı, həm də telefonu ilə baş verənləri çəkib. Lakin istintaq orqanı həqiqətin üzə çıxmaması üçün nə telefonu qaytarır, nə də avtomobili. T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Xəbər lenti