“Tofiq Yaqublunun məhkəməsi həm də investorlar üçün bir siqnaldır”

“Tofiq Yaqublunun məhkəməsi həm də investorlar üçün bir siqnaldır”
Загрузка...
 İqtisadçı: "Özəl sektorda investor üçün ən vacib məsələ ədalətli məhkəmə sistemidir”
2020-ci ilin II rübündə Gürcüstan iqtisadiyyatına 237,8 milyon ABŞ dolları məbləğində xarici investisiya yatırılıb. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib. Sənəddən məlum olur ki, illik müqayisədə sərmayələrin həcmində 0,5 faiz artım qeydə alınıb. Aprel-iyunda Gürcüstana ən çox investisiya yatıran ölkələrin ilk üçlüyünə Böyük Britaniya (58,9 milyon dollar), Niderland (53,2 milyon dollar) və Türkiyə (31,5 milyon dollar) daxil olub. Hesabat dövründə sərmayələrin böyük həcmi maliyyə, energetika və tikinti sektorlarına yönəldilib.
2018-ci ildə Gürcüstan iqtisadiyyatına 1 mlrd. 265 mln dollar, 2019-cu ildə 1 mlrd. 267 mln. dollar, 2020-ci ilin ilk 6 ayında isə 403 mln. 200 min dollar birbaşa investisiya qoyulub. Azərbaycana investisiya yatırımı ilə bağlı açıqlanan ən son statistika 2019-cu ilə aiddir. Həmin il Azərbaycana 4,3 mlrd. xarici investisiya gəlib. Bu məbləğin 78,3 faizi neft-qaz sektoruna daxil olub.
İqtisadçı Natiq Cəfərli deyir ki, Gürcüstanda neft-qaz yoxdur. Bu, o deməkdir ki, qoyulan sərmayə real sektora yönəlir. Hər 30 min dollar, ən azı, 1 iş yeri yaradır. Natiq Cəfərliyə görə, özəl sektorda investor üçün ən vacib məsələ ədalətli məhkəmə sistemidir. Bu, Gürcüstanda var, ancaq Azərbaycanda yoxdur. Buna görə də xarici investorlar Azərbaycanın yox, Gürcüstanın real sektoruna investisiya yatırmağı üstün tutur: 

Natiq Cəfərli
"Baxın, Azərbaycana qoyulan investisiyanın böyük əksəriyyəti neft sektoruna yönəlib. Qeyri-neft sektoruna qoyulan vəsaitin də bir qismi infrastruktur layihələridir ki, o da dövlət zəmanəti ilə icra edilir. Yəni bu, real sektora qoyulan investisiya sayılmır. Qoyulan vəsait böyük sayda iş yeri və əlavə dəyər yaratmır”.
İqtisadçı əlavə edir ki, məsələn, Tofiq Yaqublunun məhkəməsi həm də investorlar üçün bir siqnaldır. "Buralara gəlməyin, öz yatırım xəritənizdən Azərbaycanı silin”, - deməkdir: "Fikirlərinə, siyasi fəaliyyətinə görə həbs edilənlər azad edilməyənə qədər ölkənin iqtisadiyyatı da düzələn deyil. Hüquq-mühafizə, məhkəmə sistemində köklü dəyişikliklər olmalıdır ki, iqtisadiyyat rahat nəfəs alsın, önü açılsın”.

Xəbər lenti