Tofiq Yaqublunun avtomobili və telefonu niyə qaytarılmır?

Tofiq Yaqublunun avtomobili və telefonu niyə qaytarılmır?
Загрузка...
Müxalifətçinin apelyasiya şikayəti təmin olunmadı
Mayın 4-də Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması məsələsinə baxılıb. Nizami Rayon Məhkəməsi aprelin 21-də T.Yaqublunu ev dustaqlığına buraxmaqdan imtina etmiş, vəkil Elçin Sadıqov da həmin qərardan apelyasiya şikayəti vermişdi. Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən qapalı prosesdə T.Yaqublu özü də iştirak edib.
Vəkil Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublu bu məhkəmədə də təqsirsiz olduğunu vurğulayıb. Deyib ki, xüsusən "Facebook” sosial şəbəkəsindəki paylaşımlarına, hökuməti tənqid edən fikirlərinə görə siyasi sifarişlə həbs olunub. Hakim T.Yaqublunun ev dustaqlığına buraxılmasına əsas olmadığını bildirərək, apelyasiya şikayətini təmin etməyib. "Bununla da Tofiq Yaqublu haqqında həbs qərarıyla əlaqədar ölkə daxilində bütün hüquqi müdafiə vasitələrini tükəndirdik. Ona görə də növbəti addımımız Avropa insan Haqları Məhkəməsinə şikayət etmək olacaq”, - deyə vəkil E.Sadıqov bildirib.
T.Yaqublunun səhhətində problemlər olmadığını, amma ailəsinin ona geyim və başqa zəruri vasitələr çatdırmasında çətinliklər yaşandığını deyən vəkilin sözlərinə görə, bununla əlaqədar müvafiq qurumlara müraciət olunub. Lakin müraciətlər hələlik nəticə verməyib. Vəkil onu da əlavə edib ki, T.Yaqublunun maşını və telefonunu hələ də ailə üzvlərinə qaytarmayıblar. Bununla əlaqədar müstəntiqə vəsatət də təqdim edilib: "Əvvəl demişdilər ki, avtomobil ekspertizadan sonra qaytarılacaq. Ekspertiza keçirilib, lakin yenə də qaytarmırlar”.
E.Sadıqovun sözlərinə görə, müstəntiq telefonunun da polislərdə olduğunu şifahi şəkildə təsdiqləyib. T.Yaqublu məhkəmə iclaslarının birində deyib ki, həbsinə səbəb kimi göstərilən avtoqəza hadisəsini telefonuyla lentə almışdı: "Həmin görüntülərə baxanda açıq-aşkar görünür ki, mənim avtomobilim dayanıb, digər avtomobil gəlib qəsdən vurur, sonra da içindən düşüb mənə hücum edirlər. Bu görüntülər mənim təqsirsizliyimi, həmin hadisənin əvvəlcədən planlaşdırılmış təxribat olduğunu sübut edir. Ona görə də həqiqəti ört-basdır eləmək üçün telefonu götürüblər ki, görüntüləri silsinlər”.
Tofiq Yaqublu martın 22-də həbs olunub. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib. T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl "Facebook” hesabında yazmışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. "8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır...”
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi. Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Xəbər lenti