Təkbaşına etiraz aksiyası keçirən gənc: 'Buna görə şərlənmişəm'

Təkbaşına etiraz aksiyası keçirən gənc: 'Buna görə şərlənmişəm'
Загрузка...
«Haqqımdakı həbs qərarı mənə qarşı haqsızlıqdır. Mən orada nə polisə, nə də bir başqasına müqavimət göstərmişəm. Dinc aksiya keçirmişəm. Buna görə də şərlənmişəm...», – Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında yanvarın 25-də təkbaşına «Siyasi məhbuslara azadlıq!» tələbi ilə aksiya keçirərkən həbs olunan Rafael Hüseynzadə məhkəmədə belə deyib.
Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində onun 30 günlük inzibati həbsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. R.Hüseynzadə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə - polisin qanuni tələbinə tabe olmayıb ona müqavimət göstərməkdə suçlanır.
Vəkili Cavad Cavadov isə məhkəmədə deyib ki, sosial şəbəkələrdə yayılan videodan da bu ittihamın yalan olduğu görünür.
Müdafiəçi bildirib ki, R.Hüseynzadə əlində plakat qaldırıb, etirazını bu şəkildə ifadə edib: «Youtube kanalına yerləşdirilmiş videodan da görünür ki, orada polisə müqavimət hadisəsi baş verməyib. Məhkəmə polislərin ifadələrinə əsaslanaraq qərar çıxarıb. Həmin video o ifadələrin əsassız olduğunu təsdiqləyir».
Vəkil əlavə edib ki, hətta R.Hüseynzadə bu əməli törətmiş olsa belə, ona İXM-in 535.1 maddəsində nəzərdə tutulan ən ağır cəzanın verilməsi doğru deyil: «O maddədə alternativ tənbeh tədbirləri də var».
R.Hüseynzadə özü də şərləndiyini bildirərək, haqqındakı qərarın ləğv olunmasını istəyib. Hakim Kamran Əkbərov isə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
R.Hüseynzadənin yaxınları AzadlıqRadiosuna bildirib ki, onun həbsi barədə qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək: «Bu adam faktiki ifadə azadlığından istifadə etdiyinə, etirazını bildirdiyinə görə həbs olunub».
R.Hüseynzadənin atası, AXCP fəalı Füzuli Hüseynov özü də bir neçə dəfə metro stansiyaları qarşısında «Siyasi məhbuslara azadlıq!» tələbi ilə tək aksiya keçirib. Hər dəfə o, aksiya zamanı saxlanıb və inzibati həbs cəzası alıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Загрузка...
Загрузка...

Xəbər lenti