Taleh Bağırzadəyə mahnı həsr edən gənc saxlanılıb

Taleh Bağırzadəyə mahnı həsr edən gənc saxlanılıb
Fevralın 5-də daha bir inanclı şəxsin saxlanılaraq naməlum istiqamətə aparıldığı bildirilir. Yaxınlarının Criminal.az-a verdiyi məlumata görə, Elvin Mürvətoğlu adlı inanclı Rusiyadan qayıdarkən Heydər Əliyev adına hava limanında saxlanılıb. "Elvin işlə bağlı 2-3 ay idi Rusiyaya getmişdi. Mədəsində ağrılar vardı, ona görə geri dönmək istəyirdi. Bu gün səhər ölkəyə qayıdırdı. Dostları onu qarşılamağa gedəndə görüblər ki, polis maşınına mindirilib aparıldı”.
Onun hara aparılması barədə dəqiq məlumat olmasa da, "Bandotdel” kimi tanınan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı güman edilir. Elvin Mürvətoğlu şeir və mahnıları ilə tanınır.
Yaxınları hesab edir ki, onun saxlanılmasına səbəb "Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və digər siyasi məhbuslar haqqında səsləndirdiyi mahnılardır. O, bu yaxınlarda Taleh Bağırzadəyə "Azadə qardaş” adlı mahnı həsr edib və bu mahnı sosial şəbəkələrdə yayılıb. "Vətənə dönərkən Elvin Mürvətoğlunun hava limanından aparılması bizi olduqca narahat edir. "Müsəlman Birliyi Hərəkatı"nın fəal üzvünün saxlanılması ilə bağlı aidiyyəti qurumların açıqlamasını gözləyirik. Ümid edirik ki, tez bir zamanda sərbəst buraxılacaq, hər hansı qeyri-qanuni rəftara yol verilməyəcək", - təşkilatın sədr müavini Elçin Qasımov bildirib.
Daxili İşlər Nazirliyi E.Muradovun saxlanması və yeri barədə heç bir məlumat verməyib.

Xəbər lenti