Taleh Bağırzadə: Bizim ailədən üzr istəmək əvəzinə, yenə də öz amplualarındadılar

Taleh Bağırzadə: Bizim ailədən üzr istəmək əvəzinə, yenə də öz amplualarındadılar
Загрузка...
 "Biz bunların simasını, iç üzünü, necə zülmlər etdiklərini yaxşı bilirik”
"Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilməsini Ədliyyə Nazirliyi humanist qərar kimi təqdim edib. Ədliyyə Nazirliyinin bu barədə yaydığı rəsmi açıqlamada iddia olunur ki, L.İsmayılzadə Qobustan həbsxanasında həyat yoldaşına mobil telefon ötürməyə cəhd edib və onun əməlində cinayət tərkibi var:
"Əməlin böyük ictimai təhlükə törətmədiyi, himayəsində dörd azyaşlı uşağının olması, mövcud ailə vəziyyəti nəzərə alınaraq, səmimi peşman olduğu halda, barəsində cinayət təqibinə xitam verilməsinin mümkünlüyü nəzərdən keçirilib. Leyla İsmayılzadə törətdiyi əməldən səmimi peşmanlığını bildirərək, təqsirindən keçilməsini xahiş edib. Bu əsaslarla istintaq tərəfindən prosessual qaydalara uyğun olaraq, onun barəsində humanist qərar qəbul olunaraq cinayət təqibinə Baş Prokurorluğun razılığı ilə xitam verilib”.
L.İsmayılzadə isə Meydan TV-yə özünü qətiyyən təqsirli bilmədiyini, törətmədiyi cinayətə görə peşmanlığının da mümkün olmadığını bildirib. Taleh Bağırzadə də həyat yoldaşının barəsində cinayət işinin başlanması, sonradan bu işə xitam veriləməsinə dair Ədliyyə Nazirliyinin açıqlamasına münasibət bildirib. "Bunlar şər-böhtan atdıqlarına, cinayət olmayan əməli cinayət kimi təqdim etdiklərinə görə xalqdan, şəxsən bizim ailədən üzr istəmək əvəzinə, yenə də öz amplualarındadılar. Guya cinayət olub, bunlar da humanist davranıblar. Halbuki, hamıya məlumdur ki, Azərbaycan xalqının, cəmiyyətin iradəsi olmasaydı, cinayət işinə xitam verməyəcəkdilər. Biz bunların simasını, iç üzünü, necə zülmlər etdiklərini yaxşı bilirik. Sadəcə, cəmiyyətin iradəsini görəndən sonra məcburiyyət qarşısında qalıb, "humanizm” tətbiq ediblər. Bu məsələdə bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”, - T.Bağırzadə ailəsi vasitəsilə Meydan TV-yə bildirib.
L.İsmayılzadə bu ilin martında üç azyaşlı övladı ilə birlikdə Novruz bayramı ərəfəsində Qobustan həbsxanasında saxlanılan həyat yoldaşıyla uzunmüddətli (üç günlük) görüşə gedərkən ona telefon keçirməyə cəhddə günahlandırılırdı. Bununla əlaqədar Penitensiar Xidmət də rəsmi açıqlama yayaraq, L.İsmayılzadənin əşyalarına və gətirdiyi sovqata baxış keçirilərkən uşaq çantasından oyuncaqların arasından "Samsung” markalı telefon tapıldığını bildirmişdi.
L.İsmayılzadə isə sözügedən telefonun işlək vəziyyətdə olmadığını, üç yaşlı övladı Abbasın babasına məxsus həmin telefondan oyuncaq kimi istifadə etdiyini, həbsxanaya gedərkən yaddan çıxıb oyuncaqların arasında qaldığını demişdi: "Qərəzsiz yanaşan istənilən adam görür ki, cinayət yoxdur. Mən telefonu gizlətməmişəm. Hamı bilir ki, Hacı (Taleh Bağırzadəni nəzərdə tutur) həbsxanada təzyiq altında olub, onun yanına gedənlər necə yoxlanılır. Birincisi, mən gizli telefon keçirməyi özümə sığışdırmaram.
İkincisi, insan nə qədər ağlını itirməlidir ki, belə yoxlamanı bilə-bilə telefon keçirməyə cəhd eləsin. Uşaq ondan oyuncaq kimi istifadə edib. Özləri də araşdırıb gördülər ki, işlək telefon deyil. Telefonun enerji dolduran qurğusu, işlək nömrəsi yoxdursa, nəyə lazımdır o?” Onun fikrincə, məsələnin böyüdülməsi və barəsində cinayət işi başlanması, məhkəmə qarşısına çıxarılması həyat yoldaşının prinsipial mövqeyinə görə ona təzyiq göstərmək məqsədi güdürdü.
T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib. T.Bağırzadə ona qarşı irəli sürülmüş dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ittihamlarını qəbul etmir, təqsirsiz olduğunu deyir.
Загрузка...
Загрузка...

Xəbər lenti