Tahir İmanov Yunis Səfərovun çağırışına cavab verdi: "Onları tanımamağa ixtiyarım var?"

Tahir İmanov Yunis Səfərovun çağırışına cavab verdi:
Загрузка...
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə ittiham olunan Yunis Səfərov bir neçə gün əvvəl bir sıra tanınmış şəxsləri prosesdə görmək istədiyini açıqlayıb. O, yaxınları vasitəsilə mesaj göndərərək, həmin adamları məhkəməsini izləməyə çağırıb. Bu barədə Y.Səfərovun dayısı Füzuli İsmayılov bildirib.
"Məhkəməsi başlayandan sonra mənə xəbər göndərdi ki, onun bu istəyini ictimailəşdirim. Dedi ki, yazıçı Çingiz Abdullayev, əməkdar artistlər - "Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanov və teatrın aktyoru Bəhram Bağırzadəni məhkəməsində görmək istəyir. Daha doğrusu, istəyir ki, bu adamlar gəlib, orada olanları özləri görsünlər. Düzü, bilmədim ki, niyə məhz bu adamlar? Vəkil vasitəsilə xəbər göndərib soruşdum”, - deyə F.İsmayılov bildirib.
Y.Səfərovun vəkili Bəxtiyar Hacıyev də Meydan TV-yə məlumatı təsdiqləyib. O bildirib ki, Y.Səfərovla görüşündə bu barədə danışıblar: "Dayısı dedi, mən də soruşdum. Dedi ki, tanınmış, nüfuzlu insanlardır. O insanlara, onların da vasitəsilə cəmiyyətə həqiqətləri çatdırmaq istəyir. Dedi ki, Çingiz Abdullayev siyasi detektiv janrında əsərləri ilə məşhur olan yazıçıdır. Həbsdə olduğu müddətdə televizorda "Planet Parni iz Baku”nun tamaşalarına baxıb. Görüb ki, o tamaşalarda məmur harınlığı tənqid olunur, sadə insanlara qarşı neqativ halları cəmiyyətə çatdırılır. Hesab edir ki, məhkəmədə səslənəcək həqiqətlər bu adamların yaradıcılığı üçün də material ola bilər”.
Criminal.az "Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanovla əlaqə saxlayaraq Y.Səfərovun çağırışına reaksiyasını öyrənib.
 
Tahir İmanov 
T.İmanov bildirib ki, Yunis Səfərovu tanımır. Onun sözlərinə görə, dövlət nümayəndələri mənə zəng edib nəsə soruşarsa, ancaq o halda onlara cavab verə bilərəm: "Nitqimin əvvəlində də dedim ki, Yunis Səfərovu tanımıram. Elmar Vəliyevi və Yunis Səfərovu tanımamağa ixtiyarım var? Siz məni niyə məcbur edirsiniz ki, sözümü bir neçə dəfə təkrar edim. Dövlət nümayəndələrinin bütün suallarına cavab verə bilərəm. Sənətimlə bağlı sualınız var? "Planet Parni iz Baku” KVN Teatrının fəaliyyəti ilə bağlı sualınız var? Yoxdursa, başqa suallara cavab verməyəcəm".
Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncədə sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazov güllələnib. Sui-qəsdi törətməkdə şübhəli bilinən Yunis Səfərov həbs olunub. Bir neçə gün sonra Y.Səfərovun üzərində zorakılıq əlamətləri olan fotoları yayılıb, onun polis idarəsində işgəncəyə məruz qalması barədə iddialar səslənib. Ardınca iyulun 10-da Gəncədə etiraz aksiyası keçirilib. Aksiyada iki polis polkovniki qətlə yetirilib.
Bundan sonra 80-ə yaxın adam həbs edilib. Daha bir neçə nəfər isə tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Öldürülənlər arasında polis polkovniklərini xəncərlə qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyev də var. Həbs olunanların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Onlara 6 ildən 20 ilə qədər həbs cəzası verilib. Sonradan apelyasiya məhkəməsi hökmləri dəyişib, cəzaları azaldıb.
Həbs olunanlardan təxminən on nəfər artıq azadlığa buraxılıb. Yunis Səfərov və onunla eyni qrupda olan daha 11 nəfərin məhkəməsi isə yeni başlayıb. Bu qrupdakı 12 nəfərdən ikisi artıq həyatda yoxdur. Anar Bağırov və Ağa Sərxani də tutularkən öldürülənlərdəndir. Amma onların adı təqsirləndirilən şəxs qismində cinayət işinin materiallarına əlavə olunub.

Xəbər lenti