Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır

Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
 Sabah, avqustun 4-də Bakı Apelyasiya Məhkəməsində hakim İlham Kərimliyin sədrliy ilə Azərbaycanının Ukraynadakı səfiri Elmira Axundovanın qocaman jurnalist Firuz Haşımova qarşı şikayəti üzrə proses davam edəcək. Geniş ictimaiyyətin diqqət mərkəzində olan bu iş illərdir ki, davam edir.
Elmira Axudnovanın, onun oğlu Həbib Axundovun adı 8 milyonluq dələduzluq, model Günel Mirzəyevanın müəmmalı ölüm işlərinə qarışıb.
Dələduzluq = harınlıq!
Dələduzluq məsələsi gündəmə gələndən sonra mətbuatda bu haqda müxtəlif səpkili yazılar dərc olunub, iş üzrə zərərçəkənlərin prezidentə yazdıqları məktublar işıqlandırılıb. Həmin yazılardan birində Həbib Axundovun həyat tərzi, eyş-işrət məclisləri, bahalı maşınlar, yanındakı gözəlçələrin əllərinə dollar paçkaları verib fotolara poz verməsi kimi müşayətedici materillar da əlavə olunub.
Qocaman jurnalist Firuz Haşımovun bu xüsusda qələmə aldığı məqalələrdə "məmləkətin indiki halında harınlıq milli xəyanətə bərabərdir” qiymətverici mülahizələri yer alıb. Elmira Axundova bu mülahizələrə görə iş üzrə Firuz Haşımovu məhkəmə qaydasında cərimə olunmasına nail olub.
Səfir vətəndaşların prezidentə məktub yazmasını qadağan etdirmək istəyib!
Bundan başqa ondan pullarını tələb edən zərərçəkənləri də susdurmaq üçün məhkəmə üz tutub. Zərərçəkənlərin prezidentə müraciətlərinin dayandırılması kimi absurd iddia ortaya qoyub.
Tam qanunsuz olsa da, hakimlər Elmira Axundovanın istədiyi qərarı veriblər - zərərçəkənlərin hər birini 10 min manat cərimə etdirib. Üstəlik özünün bu cinayətə aidiyyatını subut edən səs yazılarının yayılmasını məhkəmə qaydasında qadağan etdirmək kimi mürtəce iddiaya da baş vurub.
Elmira Axundovanın, onun oğlu Həbib Axundovun əməllərindən zərərçəkənlə bu gün də borc içində çətin günlər yaşayırlar. Elmira Axundovanın oğlu Həbib Axundov gündə bir maşın dəyişir, yaxtalarda, villalarda ərəb şeyxlərindən geri qalmayan həyat tərzini gizlətmir. Model xanımlarla əyləncələri də Həbib Axundovun həyat tərzi haqda Firuz Haşımovun qiymətverici mülahizələrinə tam uyğun gəlir.
Binəqədi məhkəməsi Konvensiyanın 10-cu maddəsi tapdamaqla biabırçı qətnamə çıxarıb
Bu məqamları iş üzrə ötən məhkəmə prosesində Firuz Haşımovun vəkili Elçin Sadıqov məhkəmənin diqqətinə çatdırıb.
Deyib ki, Binəqədi Rayon Məhkəməsi həmin məlumatların subyektiv mülahizə xarakteri daşımaqla Axundovların şərəf və ləyaqətini ləkələdiyini hesab edib.
Vəkil məhkəmənin bu cür yanaşmasının yolverilməz olduğunu, Avropa İnsan Haqları Konvensiyanının tələblərini pozduğunu söyləyib.
Vəkilin məhkəmədəki nitqindən sitat:"Binəqədi məhkəməsi hesab edib ki, cavabdehlər həmin məlumatların doğruluğunu sübut edə bilməyiblər. Məhkəmə məqalələrdəki faktlara qiymətverici mülahizə kimi yanaşıb və sübut olunmasını tələb edib. Hakim yazır ki, bunu sübut edə bilmədilər. Avropa Məhkəməsinin birmənalı mövqeyi ondan ibarətdir ki, faktın doğruluğunu sübut etmək vəzifəsi qarşı tərəfin üzərinə qoyulmalı qanuni vəzifələrdən olsa da, qiymətverici mülahizələrin sübut olunmasını tələb etmək Konvensiyanın 10-cü(ifadə azadlığı) maddəsinə ziddir. Məhkəmə həmin məqalələrdəki fikirlərə mülahizə kimi yanaşdığından mülahizənin doğrulunu sübut etməni tələb etməsi əsassız olub”.
Həbib Axundovun eyş-işrət, harınlığı ehtiva edən fotoları məhkəməyə təqdim olundu, işə əlavə edildi
Vəkil Elçin Sadıqov Bakı Apelyasiya Məhkəməsindəki proses zamanı deyib ki, qiymətləndirici mülahizənin deyilməsi üçün faktual baza var və əlindəki foto, video materilları, Elmira Axundovanın, onun oğlu Həbib Axundovun adı keçən dələduzluq işi üzrə sənəd və subutları hazırki işə əlavə edilməsi üçün sədarətə təqdim edib.
Hörmətli sədr, baxın... bu da Axundov Həbibin fotolarıdır
Vəkil məhkəməyə təqdim etdiyi materiallarla bağlı izahlar verib: "Birinci instansiya məhkəməsində də sənədlər təqdim etmişik. Hazırda da faktları məhkəməyə təqdim edirik. Həbib Ramiz oğlu Axundov "Amalya” Məhdud Məsuliyyətli Cəmiyyətdə 40 faiz paya sahibdir. Daşınmaz Əmlakın Dövlət Reyestrində pulun mənimsənildiyi dövrdə əmlaklar əldə edib.
Məhkəməyə Həbib Ramiz oğlu Axundova məxsus avtomobillərin siyahısını da təqdim edirik. Bu sənəd Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilib və onun 111 nömrəsi ilə olan avtomobillərinin siyahısıdır. Adamın sürdüyü avtomobillərin nömrəsi hamısı 111-lədir. Bu da ona məxsus villaların fotolarıdır. Bu siyahıda isə Axundovlara məxsus daşınmaz əmlakların siyahısıdır.
Hörmətli sədr, baxın, deyirlər ki, Firuz Haşımov harınlıq milli xəyanətə bərabərdir qiymətləndirici mülahizə yazıb. Bu da Axundov Həbibin fotolarıdır, mətbuatda yayılıb.
"Bu da bir başqa fotodur, yenə də Həbib Axundov dilini çölə çıxarıb”
Xalq necə yaşayır, onun da yanında olan gəzdiyi qızın əlində 50 min dollar var. Möhtərəm hakim, bu foto da həmin qızla təyyarədə çəkilib, baxın Axundov Həbib dilini çıxarıb, bu da bir başqa fotodur, yenə də Həbib Axundov dilini çölə çıxarıb. Bu da həmin qızla bir başqa fotosudur Həbib Axundovun, yenə də əllərində pul paçkalarıdır. Xahiş edirəm bunları işə əlavə edin. Bu da Hafiz İbrahimovun fotosudur, cinayət işinin materiallarında onun bir gündən bir Elmira Axundovaya 5 min manat pul aparan şəxs kimi keçir.
Hazırda dələduzluğa görə həbsdə olan Elnur İbrahimovun əmisi oğludur. Məhkəməmə götürüb qətmanə çıxarıb ki, iş üzrə cavabdehlərin hər biri 10 min manat cərimələnməlidir. Məhkəmə aydınlaşdırmayıb ki, həqiqətən iddiaçılara zərər vurulubmu? Pul kompensasiyanın ödənilməsinə yönəlir yoxsa cavabdehləri cəzalandırmaq məqsədi daşıyır? Burada açıq-aşkar məhkəmə 10 min manatın haradan götürüldüyünü müəyyən etmir. Aydınlaşdırmayıb ki, iddiaçının şərəf və ləyaqətinin müdafiəsi məqsədi daşıyıb ya yox. Qarşı tərəfin iddiası cavabdehləri cəzalandırmaq və öz yolundan döndərmək məqsədinə xidmət edib. İş materiallarında ərizə var, cavabdehlərdən biri yazılan ifadələrdən imtina edir və hər iki şəxs – Elmira Axundova və oğlu Həbib Axundov həmin gün ərizə verirlər ki, biz həmin cavabdehə qarşı iddia tələbindən imtina edirik. Yaxşı, əgər iddiaçılara zərər vurulmuşdusa, necə ola bilər ki, cavabdeh geri götürən kimi məsələ bitir?
Bu iddia faktiki olaraq bu işdə cavabdeh olan, digər işdəsə zərərçəkən olan şəxslərin iddialarından əl çəkməsinə hesablanıb. Hazırda isə məqsəd odur ki, müdafiə etdiyim şəxsi öz fikrilərindən dönməyə məcbur etsinlər. Yəni bir ərizə yazsın ki, belə bir şey olmayıb”.
Elçin Sadıqov məhkməyə Elmira və Həbib Axundovların dövlət qurumlarından verilən çoxsaylı avtomobillərinin, mal-mülklərinin siyahılarını da təqdim edib. Bundan başqa KİV-lərin sorğulara verdiyi cavablar da məhkəməyə təqdim olunub. İddiada yer alan məqalələrin müəllifinin Firuz Haşımov olmadığı bir daha təsdiq olunur.
İş üzrə prosesin gedişatı haqda məlumat verəcəyik.

Xəbər lenti