Şuşa uğrunda döyüşlər: vəziyyət necədir?

Şuşa uğrunda döyüşlər: vəziyyət necədir?
BBC News Rusca yazır ki, hər iki tərəfin müdafiə idarələrindən alınan məlumatlardan ehtimal etmək olar ki, Azərbaycan ordusu cəbhənin bir neçə istiqamətində hücuma keçir. Lakin əsl strateji əhəmiyyət Şuşa yaxınlığında və Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın yolu istiqamətindəki döyüşlərdir. Müharibənin nəticəsini həll edəcək məqam yaxınlaşıb, Asia Times üçün reportajında kanadalı jurnalist Neil Hauer yazır.
Şuşa-Laçın yolu bir neçə gündür ki, mülkilər üçün bağlıdır və onun nəzarəti uğrunda şiddətli döyüşlər gedir. Cümə axşamı günü Qarabağda qalan rusiyalı jurnalistlər bu yoldakı atışmaları təsvir edən video görüntülər dərc etmişdilər. Cümə günü Eurasianet nəşrində çıxan reportajda bu yolun müdafiəsinə hazırlaşan erməni əsgərlərin yol boyunca səngərlər qazdığı bildirilir. Ermənistan Müdafiə Nazirliyi cümə axşamı günü məhz bu yolda Azərbaycan silahlı qüvvələrinə qurulan pusqunun nəticələrini əks etdirən video dərc etmişdi. Azərbaycan Şuşa uğrunda döyüş getməsi ilə bağlı hər hansı rəsmi məlumat yaymayıb. Yol erməni qüvvələrin nəzarəti altında qalmaqdadır – bunu rəsmi Bakı da təsdiqləyir.
Lakin Azərbaycan qoşunları lap yaxında – Şuşanın bir neçə kilometliyindədir. "Bu nə deməkdir? Sadəcə, noyabrın ortalarında Qarabağda müharibənin son nəticələri həll oluna bilər. Hər hansısa yolla ermənilər azərbaycanlıları gerilədib öz mövqelərini yüksəkliklərdə qorumağa nail ola bilsələr, onların vəziyyəti sabitləşdirmək və müharibəni çıxılmaz vəziyyətə salmaq imkanı olar,” - Neil Hauer yazır.
"Lakin əgər Azərbaycan qüvvələri Şuşaya qalxıb onu ələ keçirsələr, onlar Qarabağın qalan hissələri üzərində hakim mövqe əldə etmiş olar – və xüsusilə də on kilometrlikdə dağın ətəyində yerləşən Stepanakert üzərində”, o qeyd edir.

Xəbər lenti