Şuşa ətrafında atəşkəsin pozulub

Şuşa ətrafında atəşkəsin pozulub
İyulun 13-də Şuşa şəhəri ətrafında atəşkəsin pozulduğu bildirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan ordusunun mövqelərinin pulemyot və avtomatlardan atəşə tutulub: "Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur".
Azərbaycanın işğal altında olan ərazisində yaradılmış tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın Ombudsmanı Qeqam Stepanyan atəşkəsin pozulduğunu təsdiqləyib, amma o, məsuliyyəti Azərbaycan tərəfinin üstünə atıb. Stepanyan məlumatı "Facebook" səhifəsində yayıb: "Mənə pulemyotlardan havaya atəş açıldığı, ancaq hədəflərə atəş olmadığını dedilər. Silahlı Qüvvələrimiz lazımi profilaktik addımlar atdı, nəticədə Azərbaycan tərəfi atəşi dayandırdı".
Ermənistan Müdafiə Nazirliyi iyulun 13-də Yerasx bölgəsində Azərbaycan Silahlı Qüvvələri ilə atışmada bir erməni əsgərinin öldürüldüyü haqda məlumat yayıb. Nazirlik iddia edib ki, iyulun 13-də saat 10:30 radələrində Yerasx bölgəsi ilə Ermənistan-Azərbaycan sərhədində qeydə alınıb: Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mövqelərini irəlilə çəkmək üçün mühəndislik işləri aparmağa çalışırdı. Erməni tərəfi onları dayandırmağa məcbur etmək üçün bir sıra tədbirlər gördü. Amma Azərbaycan hərbçiləri erməni mövqelərinə hədəf atəş açdılar. Atışma nəticəsində bir erməni əsgəri ölümcül yaralanıb".
Azərbaycan Müdafiə Nazirliyi isə hələ ki bu barədə hər hansı bir məlumat yaymayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi. Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı. Noyabrın 10-dan, atəşkəs razılaşmasından bu yana Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.

Xəbər lenti