Sumqayıtdakı doğum evində koronavirus aşkarlanıb, ölən var

Sumqayıtdakı doğum evində koronavirus aşkarlanıb, ölən var
Baş həkim: "Doğum evi ölən işçiyə görə bağlanmayıb, dezinfeksiya tədbirləri aparılır”
Sumqayıt şəhərində yerləşən 2 saylı doğum evində 18 nəfərin COVİD-19 infeksiyasına yoluxduğu, bir işçinin isə öldüyü deyilir. Bu barədə Meydan TV-yə məlumatı sözügedən doğum evinin adının açıqlanmasını istəməyən əməkdaşı verib. Onun sözlərinə görə, həyatını itirən şəxs doğum evinin yeməkxanasında çalışıb. Bu səbəbdən Sumqayıt 2 saylı doğum evi naməlum müddətə bağlanıb. Doğum evinə gələn şəxsləri isə Sumqayıt 1 saylı doğum evinə yönəldirlər.
Başqa bir mənbənin sözlərinə görə isə 2 saylı doğum evinin arxasında yerləşən Yoluxucu Xəstəliklər Xəstəxanasında da 1 nəfər də COVİD-19 infeksiyasından vəfat edib. Sumqayıt 2 saylı doğum evinin Baş həkimi Xədicə Binnətzadə məlumatı qismən təsdiqləyib və xəstəxanın iyunun 27-dən fəaliyyətini bərpa edəcəyini əlavə edib: "Doğum evi ölən işçiyə görə bağlanmayıb, dezinfeksiya tədbirləri aparılır. Sabahdan açılacaq”.
Baş həkim xəstəxanada COVİD-19 infeksiyasına yoluxma hallarının olduğunu bildirib: "Əgər bütün respublikada yoluxma varsa, bizdə çalışanlar xüsusi adamlar deyil, qohumlarından da keçə bilər. Yeməkxana işçisi isə ağır xəstə idi, dedilər ki, koronavirusa yoluxub, amma bizə ölüm kağızı vermədilər. 1 saylı xəstəxanada yatırdı”.
Rəsmi məlumata görə, pandemiya elan olunandan Azərbaycanda 7 həkim vəfat edib. Azərbaycanda indiyə qədər 14 min 852 nəfər COVİD-19 infeksiyasına yoluxub. Onlardan 8059 nəfər müalicə olunaraq sağalıb, 180 xəstə ölüb. Aktiv xəstə sayı 6613 nəfərdir.

Xəbər lenti