Sülhəddin Əkbər: Zakir Həsənov qurban verilə bilər

Sülhəddin Əkbər: Zakir Həsənov qurban verilə bilər
Загрузка...
 "Hakimiyyət daxilində heç də bütün qruplar İlham Əliyevə sadiq deyil”
Azərbaycan müdafiə naziri Zakir Həsənovun ötən ay yerli media nümayəndələrinə verdiyi müsahibədə 2016-cı ilin aprel ayında olan döyüşlərə dair səsləndirdiyi fikirlər həm yerli, həm də Rusiya mediasında müzakirə doğurub. Zakir Həsənov döyüşlərin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ona etdiyi telefon zəngindən sonra dayandırıldığını deyib. Bu kontekstdə Bakı-Moskva münasibətləri barədə müxtəlif fikirlər gündəmin müzakirəsinə çevrilib. Meydan TV Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər ilə söhbətində qeyd olunan məsələlərə aydlınlıq gətirməyə çalışıb.
- Sülhəddin bəy, Azərbaycanın müdafiə naziri Zakir Həsənov niyə məhz 4 il sonra rusiyalı həmkarı Şoyqu ilə telefon danışığının detallarını açıqladı?
- Məsələyə bir qədər geniş kontekstdə yanaşmalıyıq. Müdafiə naziri Zakir Həsənov 22 iyunda müsahibə verəndən iki gün sonra Moskvaya gedəcəyini bilirdi. İyunun 25-də prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışında iştirakı zamanı uzun bir çıxış etdi. Əliyevin çıxışının mətnaltı Rusiya əleyhinə olduğu sezilirdi və Moskvaya qarşı narazılıq notları açıq şəkildə hiss edilirdi.
İyunun 27-də isə "Ayna.az” saytında politoloq Nəzakət Məmmədovanın maraqlı müsahibəsi yayımlandı. Müsahibənin həmin vaxt yayılmasını təsadüfi hesab etmirəm. Politoloq əvvəlcə Avropa İttifaqı ilə Assosiasiya Sazişinin ləngiməsini Rusiya ilə əlaqələndirir. Amma bir məqamı dəqiqləşdirim. Bu saziş Gürcüstan və Ukraynanın imzaladığı Assosiasiya Sazişi deyil. Bu, daha çox ticarət-iqtisadi məsələlərin ön plana çıxdığı tərəfdaşlıq sazişidir. Nəzakət Məmmədova Rusiyanın Azərbaycan daxilində ən böyük "beşinci kolon”a sahib olduğunu deyir. Üçüncü məqam isə o, Bakının yaxın illərdə Moskvanın iradəsindən kənar heç bir addım ata bilməyəcəyini vurğulayır. Nəhayət, yekun vuraraq deyir ki, İlham Əliyev ölkə daxilində ciddi təxribat şübhəsindən narahat olduğu üçün Moskvada parada qatılmaqdan imtina etdi. Rusiya Azərbaycanda hakimiyyət daxilində bir neçə iddialı qruplarla işləyir və onların heç də hamısı İlham Əliyevə sadiq deyil. Müxtəlif dəyərləndirmələr olsa da, Rusiyaya ciddi bağlı olan köhnə komanda nəhayət uzaqlaşdırılır. Amma proses başa çatmayıb və təəssüf ki, bu istiqamətdə atılan addımlar yarımçıqdır. Onların Azərbaycanın daxili siyasətinə müdaxilə edəcəyi gözlənilir. Görünür, hakimiyyətdə onların Rusiya tərəfindən dəstəklənməsi barədə məlumatlar var və hansısa təxribata hazırlıq gedir. Yəni belə bir cəhd edə bilərlər.
- Siz özünüz də dəfələrlə demisiniz ki, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndən sonra Azərbaycan Rusiya ilə daha da yaxınlaşıb, Qərbdən uzaqlaşıb...
- Bəli, dəqiqləşdirim, 2004-cü ilin 12 dekabrından sonra. - Əgər belədirsə, Azərbaycan hakimiyyəti Rusiyanı niyə qane etməməlidir? - Rusiya onunla ittifaq sazişi imzalayan Belarusdan da razı deyil. Məsələ ondadır ki, Rusiya hələ istədiyi strateji hədəflərə çatmayıb. Daha dəqiq desək, Moskva imperiyanı yeni şəraitə uyğun şəkildə bərpa etmək istəyir və buna müqavimət göstərən bütün qüvvələrə də təzyiq göstərir. Postsovet məkanında hazırda yaranan gərginlik də yalnız Bakı-Moskva münasibətlərinə aid deyil. Eyni zamanda, Rusiyanın Ermənistanla, Qazaxıstanla, Belarusla, Ukrayna ilə münasibərləri gərgindir. Kremlin başlıca hədəfi həmin ölkələrin rəhbərlərinə daha da təzyiq edərək istədiyi strateji hədəflər çərçivəsində razı salmaqdır. Moskva onları razı sala bilməyəcəksə, biz daha sərt addımların şahidi olacağıq.
- Strateji hədəflər SSRİ-nin başqa formada bərpasıdır, yoxsa digər məsələlər də var?
- Rusiya dövləti mövcud qlobal və regional şəraitə uyğun olaraq keçmiş Sovet İttifaqını yeni şərtlərə uyğun şəkildə bərpa etmək istəyir. Bunun bir neçə institutu var: Gömrük İttifaqı, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi. Eyni zamanda, Rusiyanın Belarusla ittifaq müqaviləsi, Ermənistanla ikitərəfli strateji müttəfiqlik sazişi var. Təbii ki, Moskvanın planında Baltikyanı respublikalar nəzərdə tutulmur.
- Həm Rusiya politoloqları, həm də iqtisadçıları ölkənin dərin böhranda olduğunu deyirsə, imperiyanı yenidən bərpa etmək necə mümkündür? Ümumiyyətlə, dediyiniz inteqrasiyanın dərinləşməsi üçün zəmin varmı?
- Diqqət edirsinizsə, ABŞ 2012-ci ildən artıq Rusiyanı deyil, Çini özünə bir nömrəli rəqib hesab edir. Bu, Çinin iqtisadi və artan hərbi gücü ilə bağlıdır. Təbii ki, Çinin əhalisinin sayını və texnologiya sahəsində nailiyyətləri də əlavə etsək, bu dövlət ön plana çıxır. Rusiya isə Çindən sonra gəlir. ABŞ Rusiyanı bu gün əsasən hərbi gücünə və nüvə silahına görə strateji rəqib saysa da, strateji çəki baxımından şimal qonşumuz Çindən geri qalır. Bir daha təkrar edirəm, Rusiyanın hərbi gücü, nüvə silahı, ən başlıcası Çindən də aqressiv xarici siyasət aparması, Avropa ilə qonşu olması, yəni NATO təhlükəsizlik sistemini təhdid etməsi də diqqət mərkəzindədir. Xatırlayırsınızsa, bir dəfə demişdim ki, dünya güclərinin 2021-ci ildə strateji planı dəyişməzsə, həmin il Rusiya gündəmə gələcək. Buna bütün hazırlıqlar bu il başa çatır. Dünyada qlobal qarşıdurma həlledici mərhələyə daxil olub. Eyni zamanda, pandemiya bu prosesi daha da sürətləndirdi. İndiki şəraitdə ABŞ-da gedən iki proses həlledici olacaq: birinci, Amerikada dərin dövlət daxilindəki iki qrup arasında savaş necə nəticələnəcək? İkincisi, ABŞ-da payız seçkiləri necə başa çatacaq? Bunlar bir-biri ilə sıx bağlıdır. Ondan sonra ilin sonuna biz dəqiq strateji proqnoz verə bilərik ki, 2021-ci ildə həqiqətən də hansı strateji hədəf öncəlik qazanacaq. Yəni bu, Çin, yoxsa Rusiya istiqamətində ola bilər.
- Yenidən Zakir Həsənovun çıxışına qayıdaq. Müdafiə naziri dövlət başçısı İlham Əliyevin icazəsi olmadan belə bir açıqlama verə bilərdimi, ümumiyyətlə, həmin bəyanat nədən qaynaqlanıb?
- Müdafiə naziri yalnız istefa verməyə hazırlaşırsa, yaxud vəzifəsindən azad olunacağını dəqiq bilirsə belə bir açıqlama verə bilərdi. Amma böyük ehtimalla nazir açıqlamanı razılaşdırıb vermişdi. Azərbaycandakı siyasi rejimin mahiyyətini nəzərə alsaq, nazir həmin açıqlamanı nəinki Əliyevlə razılaşdırıb, hətta deyərdim ki, onun tapşırığı ilə verib. Nazirin dediyi məsələ yeni deyil. Burada yeni olan onun kontekstidir. Yəni Moskva-Bakı münasibətlərinin konteksti dəyişib. Məgər, 2016-cı ildə əməliyyatlardan sonra bilinmirdi ki, Moskva ilə Bakı arasında telefon danışıqları olub? Bunlar mətbuatın gözü önündəydi.
- Amma Rusiya mətbuatı Zakir Həsənovu dövlət sirrini açmaqda ittiham edib. Doğrudanmı, o, dövlət sirrini açıb?
- Heç bir dövlət sirrindən söhbət gedə bilməz. Rusiyanın belə reaksiya verməsinin başlıca səbəbi iki dövlət münasibətlərində yeni kontekstin yaranmasıdır. Moskvadakılar anlayır ki, prezident Əliyevin Kremlə münasibəti dolayı yolla dəyişib.
- Müdafiə naziri və Baş Qərargah rəisinin Rusiyadan asılı olması barədə ara-sıra fikirlər səsləndirilir. Sizin yanaşmanız necədir?
- 1992-ci il Azərbaycan olayları, demokratik Gürcüstan və təcavüzkar Ermənistanın təcrübəsini nəzərə alsaq, əminliklə deyə bilərik ki, Rusiya Azərbaycan da daxil olmaqla postsovet ölklərinin hərbi nazirliklərində güclü təsirə malikdir.
- Konkretləşdirək, nazir Həsənov və Baş Qərargah rəisi Sadıqov hansı səviyyədə Rusiyadan asılıdırlar?
- Demokratik yolla seçilən və Amerika ilə strateji hədəf götürən Mixail Saakaşvili açıq şəkildə bir dəfə demişdi ki, Putin ona zəng edib müdafiə naziri məsələsində təzyiq edirdi. Təsəvvür edin ki, Gürcüstanla müqayisədə Rusiya ilə yaxın münasibətləri olan Azərbaycanda vəziyyət necədir?!
- Amma bayaq dediniz ki, müdafiə naziri prezidentin tapşırığı olmadan məlum açıqlamanı verməzdi...
- Zakir Həsənov iyunun 22-də danışıb. İndi isə artıq iyuldur. Əgər o vəzifəsindədirsə, deməli, dövlət başçısının nəinki razılığı, hətta tapşırığı ilə həmin açıqlamanı verib.- Ümumiyyətlə, Rusiya mediasının Kremlin razılığı ilə olan reaksiyası Zakir Həsənovun istefasına səbəb ola bilərmi?
- Əgər indiki həssas məqamda Kremlin Bakıya təzyiqləri güclənəcəksə, heç şübhə etmirəm ki, Zakir Həsənov qurban verilə bilər.
- Sülhəddin bəy, İlham Əliyevin Moskvada parada getməməsi yalnız pandemiya ilə bağlıydı, yoxsa başqa səbəblər də var?
- Görünür, başqa səbəblər də var. Çünki yalnız pandemiya ilə bağlı olsaydı, mənə elə gəlir ki, İlham Əliyev paradda iştirak etmək fürsətini əldən verməzdi. İndiki həssas məqamda dövlət başçısı görünür ölkəni tərk etmək istəməyib. Digər tərəfdən də, Putinlə qarşılaşmaq istəməyib. Diqqət etdinizsə, paradda Belarus prezidenti Lukaşenko hansı vəziyyətə düşdü. O, dayanmadan tərini silməklə məşğul idi.
- Yekuna gələk. Rusiyada 1 iyul referendumunun nəticələri və bu ölkənin daxildə və xaricdə olan müstəqil politoloqlarının proqnozları baxımından mənzərəni necə şərh edərdiniz?
- Əvvəla, referendum Putinə ona görə lazım idi ki, o, yaxın ətrafını daha sıx birləşdirə bilsin. Bu, Putinin yaxın ətrafına elanıdır ki, gözünüz orda-burda olmasın, ölənə qədər prezidentəm. Referendum formal xarakter daşıyırdı. Konstitusiyaya düzəlişlər də tam qəbul olunub. Sadəcə, 1 iyul referendumu Putinə "ictimai legitimlik” üçün lazım idi. Özü demişdi ki, referendumdan müsbət rəy olarsa, sənədi imzalayacaq. Bu, onun piar gedişidir. Məncə, Putin siyasi planda son addımlarından birini atdı. Artıq ondan daxili və xarici siyasi həyatda hər hansı gözlənti yoxdur. Yəni Putin bütün gözləntilərə son qoydu.
- Sualımı konkretləşdirim, Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalacağı realdırmı?
- Bu, gələcəyə yönəlik sualdır. Onu deyə bilərəm ki, 1 iyul Putin üçün çətin günlərin başlanğıcıdır. Əgər ABŞ dərin dövlət daxilində mübarizə anqlo-saksların xeyrinə bitəcəksə, yaxud sonucda bir barışıq əldə olunacaqsa və seçkidən kimin qalib gəlməyindən asılı olmayaraq ilin sonunda Amerika Milli Təhlükəsizlik Şurasının iclasında 2021-ci il üçün strateji hədəf olaraq Rusiya seçiləcəksə, bunu açıq şəkildə hamı görəcək.

Xəbər lenti