"Sülh yolu ilə həll edə bilirksə, nə üçün müharibəyə çağırışı edək?!"

Загрузка...
Deputatlar sülh danışıqlarına etiraz etdi, parlament rəhbərliyi cavab verdi
"Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bütün tədbirləri görür. Amma biz dünyada tək deyilik”. Bunu aprelin 23-də Milli Məclisin sədri Oqtay Əsədov deyib. O, deputat Fərəc Quliyevin Ermənistanla aparılan danışıqlarla bağlı fikirinə münasibət bildirərkən belə deyib.
Fərəc Quliyev hesab edir ki, torpaqlar azad edilmədən Ermənistanla hər hansı sülhdən söhbət gedə bilməz və ermənilərlə bu cür yumşaq şəkildə davranmaq olmaz: "Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan ərazilərini tərk etməlidir”. 
Oqtay Əsədov isə bildirib ki, əgər məsələ sülh yolu ilə həll olunarsa, bu yoldan imtina etmək olmaz: "Biz Dağlıq Qarabağda yaşayanların Azərbaycan vətəndaşı olduğunu bildiririk. Erməninin ağılsız bir naziri çıxış edir ki, biz Azərbaycanın torpaqlarını işğal edəcəyik, biz buna o cür reaksya verməməliyik. Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı sazişə xələl gətirmək üçün Ermənistan bu yolla Azərbaycanı təxribata çəkməyə çalışır: "Burada müharibə çağrışları etməklə nəsə qazanacağıqmı?! Əgər biz sülh yolu ilə məsələni həll edə biliriksə, nə üçün müharibəyə çağırışı edək?! Niyə də bu yoldan imtina etməyək? Bu təxribat xarakterli fəaliyyətdir və biz bu təxribatlara getməməliyik. Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Bunun başqa yolu yoxdur. Xahiş edirəm, emosional çıxışlar etməyək”.
"Ərazi bütövlüyu sözünü işlətmək lazım deyil”
Deputat Tahir Kərimli isə ərazi bütövlüyü həll olunmadan Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa, Ermənistana səfərinin təşkil edilməsini yolverilməz adlandırıb. O qeyd edib ki, ərazi bütövlüyü təmin edilmədən heç bir vəzifəli şəxs sülh danışıqlarına getməməlidir:
Tahir Kərimli 
"Bəzən arqument gətirirlər ki, faşist Almaniyası ilə SSRİ bir-biri ilə barışdı. Məsələ ondadır ki, faşizmi aparıb öz yuvasına kimi qovub, təslim aktı imzalatdırandan sonra sülh danışıqları oldu. Bu qədər insanlarımız şəhid olub, yaralanıb, hansı sülh danışıqlarına getmək olar?! Xalqları sülhə hazırlamaq nə deməkdir, təslimçiliyə hazırlamaq deməkdirmi, mən başa düşə bilmirəm. Ermənistan rəhbərliyi deyir ki, bacarırsınız, gəlin, torpaqlarınızı alın, bir qarış da torpaq verməyəcəyik, siz qorxaqsınız. Onlar bizi təhqir edirlər. Əgər onların içərisində bir faiz də sülhə meylli deyilsə, hansı sülhdən danışmaq olar? Bu konsepsiyanı dəyişmək lazımdır. Ərazi bütövlüyu sözünü işlətmək lazım deyil, elə birbaşa demək lazımdır ki, Azərbaycan unitar dövlətdir, Dağlıq Qarabağ da onun tərkib hissəsidir”.
"Sülh danışıqları aparıla bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir"
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, amma emosional çıxışlarla insanları qıcıqlandırmağa dəyməz: "Real siyasətdən xəbəri olan hər bir şəxs sözünə dəyər verməlidir. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı mövqeyimizi bildiririk. Hər zaman demişik ki, sülh danışıqları aparıla bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir".
Deputat Siyavuş Novruzov isə deyib ki, Azərbaycan prezidenti bütün görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmadığını bəyan edib və bu mövqe bütün sənədlərdə əksini tapıb.

Siyavuş Novruzov
ATƏT Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşündən sonra xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin Dağlıq Qarabağ və Ermənistana səfərinin təşkilinin mümkün olduğunu bildirmişdi.
"Ermənistan BMT-nin saytında "Artsax” adı altında hesabat yerləşdirib"
Deputat Azay Quliyev bildirib ki, Ermənistan insan haqlarının vəziyyəti ilə bağlı BMT üçün hazırladığı hesabatda təxribata yol verib: "Ermənistan verdiyi hesabatda qondarma "Dağlıq Qarabağ Respublikası” ilə bağlı hesabatı da 6 dildə BMT-nin rəsmi saytında yerləşdirib. Özü də hesabat "Artsax” adı altında verilib. BMT İnsan Hüquqları Şurası səlahiyyətindən kənara çıxaraq, qanunları kobud pozub. Çünki BMT Azərbaycanın ərazi bütövlüyünü və Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Buna müvafiq qurumlar reaksiya verməli və hesabat BMT-nın saytından çıxarmalıdır”.
Загрузка...
Загрузка...

Xəbər lenti