"Stop"lu jurnalistlər

Загрузка...
Azərbaycan koronavirusun yayılmasını yavaşlatmaq səyləri çərçivəsində insanların hərəkətini ciddi şəkildə məhdudlaşdırıb. Sərhədlər bağlıdır, insanlar evlərini tərk etməzdən əvvəl polisə xəbər verməlidirlər. Əksəriyyət üçün tez-tələsik tətbiq olunan məhdudiyyətlərə öyrəşmək çətin olsa da, illərdir ölkəni tərk etməyinə qadağa qoyulmuş onlarla jurnalist üçün yeni qaydalar hüquq və azadlıqlarının məhdudlaşdırılmasını xatırlatdı.
Azərbaycan hökuməti aprelin 5-də insanlara evdən çıxmamalı olduqlarını bildirəndə 19 yaşlı Fatimə Mövlamlı dejavü yaşayıb. "Hökumət sağ olsun, koronavirusdan sonra dünyadan ikiqat izolyasiya oldum”, o deyir.
Vətəndaş jurnalistikası ilə məşğul olan Mövlamlı 2018-ci ildə Gürcüstana getməyə cəhd edərkən ölkədən çıxmasına qadağa qoyulduğunu öyrənib. O hesab edir ki, bu məhdudlaşdırma müxalif etirazları işıqlandırdığına görə tutulduğu zaman qoyulub. O, ölkədən çıxmasına qadağa qoyulmuş onlarla jurnalist və müxaliflərdən biridir.
Ölkədən çıxışına stop qoyulmuş iki jurnalisti - Şahvələd Çobanoğlu və Anar Məmmədovu təmsil edən vəkil Zibeydə Sadıqova bu məhdudiyyətin qanunsuz olduğunu qeyd edir. 

Bu qadağalar 2014-cü ildə hökumətin vətəndaş cəmiyyətinə kütləvi təzyiqlərindən sonra ortaya çıxmışdı. Həmin periodda qeyri-hökumət təşkilatları, Meydan TV, Azadlıq Radiosu ilə işə cəlb edilmiş xeyli insan qurumlara qarşı açılmış cinayət işlərinə şahid qismində dindirilmək üçün çağrılmışdı. Lakin onlar həmin işlərdə konkret təqsirləndirilən şəxslər olmayıb. "Şahid kimi dindirilən şəxslərin - bəziləri istisnadır - hərəkət azadlığı məhdudlaşdırıldı. Məqsəd tənqidi fikir söyləyən mətbuatı, şəxsləri susdurmaq idi. Jurnalistləri təzyiq altında saxlamaq idi. Qorxu içində saxlamaq istəyirdilər ki, hər an barələrində cinayət işi başlaya bilər”, Sadıqova əlavə edir.
"Vətəndaşın ölkədən getmək hüququ yalnız Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək məhdudlaşdırıla bilər”, Sadıqova bildirir. Lakin hüquqşünas əlavə edir ki, praktikada hərəkət azadlığı məhdudlaşdırılmış şəxslər sadəcə şahid kimi dindirildiyi halda belə, heç bir məhkəmə qərarı olmadan hərəkət azadlıqları məhdudlaşdırılıb. Avropa İnsan Haqları Məhkəməsinin son qərarlarından sonra kütləvi şəkildə qoyulan məhdudiyyətlər götürülsə də, bu, Şahvələd Çobanoğluya aid edilməyib.
"Məhkəmə proseslərində də Prokurorluğun nümayəndəsi etiraf edirdi ki, həqiqətən də stop qoyurlar və heç bir məhkəmə qərarları da yoxdur. İşin pis tərəfi odur ki, məhkəmələr bu işlərdə ədalət nümayiş etdirə bilmirlər. Nə Konstitusiyanı, nə Miqrasiya Məcəlləsini, nə də Konvensiyanı nəzərə alırlar. Sadəcə müxtəlif bəhanələrlə olsa da, Prokurorluğun qərarını haqlı hesab edirlər” - deyə, Zibeydə Sadıqova izah edir.

51 yaşlı jurnalist Şahvələd Çobanoğlu 6 ildir ki, ölkədən kənara çıxa bilmir. Deyir ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi 2014-cü ildən bəri onunla bağlı hansısa araşdırma apardığı üçün çıxışı qadağan edilib. Çobanoğlu ölkədə tənqidçi mətbuatın görkəmli nümayəndələrindəndir; o, bir çox qəzetin redaktoru olub, o cümlədən Azadliq Radiosu ilə əməkdaşlıq edib.
Jurnalist inanır ki, bu qadağa Azadlıq Radiosunun bürosunda aparılan istintaqla əlaqəlidir. Büro 2014-cü ildə bağlanıb. "2014-cü ilin dekabrında məni Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırdılar. Fəaliyyətimlə bağlı sorğu-sual etdilər. Sonda da dedilər ki, araşdırma aparırıq. Həmin proses bitənədək ölkəni tərk edə bilməzsən”. 6 il keçib, araşdırma hələ də davam edir və bu müddət Çobanoğlu üçün asan keçməyib; o, xüsusilə Türkiyədə təhsil alan böyük qızının nailiyyətləri zamanı yanında ola bilməməsini vurğulayır.
"Əvvəl stop probleminin ağırlığını kiməsə izah edəndə çoxları məni anlamırdı. Ancaq indi bütün dünya, insanlar təcridin nədən ibarət olduğunu çox yaxşı anlayır. Harasa getmək istəmək və gedə bilməmək nədir, bilirlər. Üstəlik, bu, qanunsuz, əsassız baş verəndə insana təsiri daha pis olur, qəzəb doğurur. İndiki izolyasiyanın məqsədi insanları xilas etmək, mənim təcridim isə bir insanı sıradan çıxarmaq, məhv etmək üçündür”. 

Sosioloq Sənubər Heydərova düşünür ki, koronavirusa görə yaranmış hazırkı vəziyyət illərdir ölkədən çıxma qadağası olan şəxslərlə empatiya qurulması üçün yaxşı fürsətdir. O qeyd edir ki, insanın əlində xarici passportu və getməyə dünya boyda yeri olanda o, özünü azad hiss edir.
"Bu baryerlər birbaşa insanın qollarında qandal şəklində, yaxud ətrafında divar şəklində olmasa belə, insan fikirlərini həbsxanaya atır və bu qadağalarla yaşayanlar üçün məhdudlaşdırılmış ərazidə gəzmək - bu ərazi nə qədər geniş olursa-olsun- həbsxana effekti yaradır”.
Jurnalist Anar Məmmədov deyir ki, ölkəni tərk etməyə qoyulan qadağaya o qədər öyrəşib ki, bu gün sərhədlərin bağlanmağına üzülənlər ona qəribə görünür. O hesab edir ki, ölkədən tez-tez çıxıb harasa getməsə belə, məhdudiyyətin olması özü psixoloji travmadır.
"Azadlığımı məhdudlaşdırıblar və bu, məni narahat edir. İstirahət hüququm da pozulub. Ailəmlə istirahətə getmək istəyirəm, alınmır. Mənsiz heç yerə getmək istəmirlər. Bu, o deməkdir ki, təkcə mənə yox, həm də ailəmə cəza verirlər”, o qeyd edir. 

Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev düşünür ki, 20 ildir ölkədə ictimai xadimlərə, jurnalistlərə təzyiqlər hökumətin inersiya siyasətidir. Mehman Əliyev düşünür ki, jurnalistlərə qarşı basqı, vətəndaş cəmiyyətinin nəzarətə götürülməsi hökumətin hər şeyə nəzarət etdiyini göstərmək istəyindən başqa bir şey deyil.
"‘Biz cəmiyyəti kontrolda saxlayırıq, sistemi qoruyuruq’ demək istəyirlər”. Bu siyasət Şahvələd Çobanoğlunun həm peşəkar fəaliyyətinə, həm də sağlamlığına təsir edib. "Budur, 5 ildir mənə ölkədən niyə çıxa bilmədiyimlə bağlı məlumat vermirlər. Həm jurnalist fəaliyyətimə, həm də sağlığıma zərbə vurublar. Bir dəfə həkimim dedi ki, bunların sənə qarşı etdiyi elə ölüm hökmüdür. Başqa adı yoxdur”. 
Mənbə: CHAI KHANA

Xəbər lenti