S.Səxavət: 'Bəlkə Mehman elə tutulmalıdır...'

S.Səxavət: 'Bəlkə Mehman elə tutulmalıdır...'
Загрузка...

AzadlıqRadiosu ona irəli sürülən ittihamlara etiraz olaraq 12-ci gündür aclıq etdiyi bildirilən bloqqer Mehman Hüseynovla bağlı müsahibələr almağa cəhd edir. Amma bu mövzuda nə deputatlar, nə də son günlər sosial mediada qınanan ziyalılar danışmaq istəyir.

Deputat, yazıçı Aqil Abbas M.Hüseynovun adını eşidər-eşitməz sakit tonda «O mənim problemim deyil. Xahiş edirəm mənə özümlə bağlı sual verin. Təşəkkür edirəm. Bu məsələ haqqında danışmıram» deməklə söhbətə son verir.

Yazıçı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı «Bu, uzun məsələdir, indi Yesentukidəyəm, qayıdaram danışarıq» söyləyir.

Yazıçı Seyran Səxavət isə M.Hüseynovun aclıq etməsindən xəbərsiz olduğunu bildirir:

- Mən bu sahənin adamı deyiləm. Bu, sırf mənə aid olmayan şeydir. Peşəkar hüquqşünas olmalısan ki, nəsə deyəsən. Mən də indiyə qədər dediklərimə hörmət olaraq, yanlışdan qorxduğuma görə belə işlərə qarışmıram.

- Söhbət bir gəncin taleyindən, fikir, ifadə azadlığından gedirsə, hüquqşünas olmağa ehtiyac varmı?

- Söz azadlığı o demək deyil ki, bilmədiyim işlərlə bağlı ağzıma gələni danışım. Bizdə söz azadlığını baş-ayaq başa düşürlər. Elə bilirlər söz azadlığı varsa, kim nə haqda gəldi, bildi, bilmədi danışa bilər. Belə olmamalıdır. Söz azadlığı odur ki, yaxşı həkim xəstəlik haqda fikrini bildirsin, yazıçı həyati şeylər haqda danışsın. Mən minlərlə müsahibə vermişəm, amma öz sahəmə aid.

- Mehman Hüseynovun həbsinin başa çatmasına az qalmış əlavə ittihamlar verilib, 12 gündür etiraz olaraq aclıq etdiyi bildirilir. Bu, həyati məsələ deyil?

- Mən bilmirəm, axı, onu niyə tutublar. Heç maraqlanmıram da. Mənim sahəm deyil, siz də məndən zorla söz almaq istəyirsiniz. Bilmirəm, axı. Bəlkə o elə tutulmalıdır, bəlkə elə güllələnməlidir? Bəlkə tutulmalı deyil, mükafatlandırılmalıdır? Bilmirəm.

- Cəmiyyətdə bir qınaq var ki, niyə yazıçılar, şairlər, ziyalılar bu mövzuda susurlar.

- Cəmiyyətdə qınaq adlı bir şey yoxdur. Jurnalistlərin uydurmasıdır. Qınaq sağlam cəmiyyətdə olur. Harada görmüsünüz o qınağı? Hansı nümunəni göstərə bilərsiniz ki, ictimai qınaq olub, bu da müsbət, həqiqətə söykənən bir nəticə verib? Qınaq var? Bizdə qınaq yoxdur, qeybət var.

- Niyə belə olub bəs? Niyə Azərbaycanda sağlam tənqid yoxdur?

- O, uzun məsələdir. Onu siz də bilirsiniz. Belə şeylər haqqında mən... Mən heç nədən çəkinmədən həmişə fikrimi demişəm, indiyə qədər də 2 mindən yuxarı müsahibə vermişəm. Bir şey haqda min dəfə soruşmusunuz məndən, bunu bir dəfə soruşmaq lazımdır, «çevir tatı, vur tatı» mənlik deyil. Bu, mənim həyat tərzimə, prinsiplərimə uyğun deyil.

Xatırlatma

Rəsmi məlumata görə, M.Hüseynovdekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.

Vəkilləri M.Hüseynovun ittihamı qurama saydığını deyirlər. Ailəsi bloqqerin etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını, son günlər onun səhhətinin ağırlaşdığını bildirirlər.

Penitensiar Xidmət isə M.Hüseynovun aclıq etmədiyini, su və qida qəbul etdiyini bəyan edir.

M.Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Загрузка...
Загрузка...

Xəbər lenti