Sevinc Vaqifqızı: Özümü 4 il girov kimi hiss etməyimin bədəlin heç nə ödəmir

Sevinc Vaqifqızı: Özümü 4 il girov kimi hiss etməyimin bədəlin heç nə ödəmir
 Avropa Məhkəməsi hökuməti bu dəfə 14100 avro cərimələdi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 14-də Azərbaycandan göndərilmiş daha 3 şikayət üzrə qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb. Şikayətlərdən biri müstəqil jurnalist Sevinc Abbasovanın (Vaqifqızı) ölkədən çıxışına qoyulan qadağa ilə bağlıdır. Ərizə kommunikasiya edilərkən, hökumət iddia olunan pozuntuları (hərəkət azadlığı və Konvensiyanın 13-cü maddəsi) etiraf edib.
Oxşar örnəklərə əsaslanaraq ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu bildirib. İşin siyahıdan çıxarılmasını xahiş edib. AİHM hökumətin bu təklifini əsaslı sayıb və ərizənin baxılacaq işlər siyahısından çıxarılmasına qərar verib. Hökumət bu işdə jurnalistə 5 min avro təzminat ödəyəcək. Georgi Nikolaevlə bağlı işdə də vəziyyət oxşardır. Məhkəmə düşünür ki, onun işində də iki maddənin pozuntusu halı olub. Birincisi konvensiyanın 13-cü maddəsidir - səmərəli hüquq müdafiə vasitələri hüququ. İkincisi isə 2 saylı protokolun 4-cü maddəsidir - hərəkət azadlığı hüququ.
Hökumət onun bu hüquqlarının pozulduğunu etiraf edib və ərizəçiyə 5 min avro təzminat ödəməyə hazırdır. Digər qərar Azərbaycan vətəndaşı Xeyrulla Ağayevin ərizəsi üzrədir. O, təxminən 10 il əvvəl küçə yürüşündə saxlanılıb. Ardınca ona icazəsiz yürüşə qatılmağa və polisin qanuni tələblərinə əməl etməməyə görə 7 sutka inzibati həbs cəzası verilib. Bu işdə ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edib. AİHM bu işdə 6-cı maddənin pozuntusunu tanıyıb. Hökumət ərizəçiyə 4100 avro təzminat ödəməlidir.
Müstəqil jurnalist Sevinc Abbasovanın ölkədən çıxışına 2015-ci ildə qadağa qoyulub. O, bu qadağanı səfərdən ölkəyə dönəndə bilib. Deyir, həmin günü tək olmayıb. Digər jurnalistlər İzolda Ağayeva, Aytən Fərhadova ilə birlikdə olub: "Bizi hava limanından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Bunların heç birini unutmamışam. Sonrakı 5 il ərzində ölkədən çıxa bilmədiyim də yaddaşımdan silinə bilməz. İndi hökumət 5 ildən sonra etiraf edir ki, səhv edib mənim hərəkət azadlığımı məhdudlaşdırıb. Bunu gecikmiş etiraf hesab edirəm”.
Sevinc Abbadova deyir ki, Avropa Məhkəməsinin işə baxmasından sonra bu etirafı etmələri ölkə məhkəmələrinin ədaləti bərpa edəcək gücdə olmadığını göstərir: "Bu gücdə olsaydılar, 4 il boyunca ədalətli qərar çıxarardılar. Bu qərar gecikmiş də olsa, ədalətin bərpasıdır. Amma özümü 4 il girov kimi hiss etməyimin bədəlin heç nə ödəmir, ödəməyəcək də”.
Müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin ölkədən çıxışına qoyulan qadağalar 2014-cü ildə başlayıb. Yəni hökumətin vətəndaş cəmiyyətinə kütləvi təzyiqlərindən sonrakı dövr. Həmin müddətdə qeyri-hökumət təşkilatları, Meydan TV, Azadlıq Radiosu ilə əməkdaşlıq etmiş xeyli insan həmin qurumlara qarşı açılmış cinayət işlərinə şahid qismində dindirilmək üçün çağrılmışdı. Onların heç biri həmin işlərdə konkret təqsirləndirilən şəxslər olmasalar da, ölkədən çıxışlarına qadağa qoyulmuşdu. Ötən il hökumət ölkədən çıxa bilməyən əksər insanların qadağasını götürdü. Ancaq hələ də ölkədən çıxışına qadağa qoyulmuş, fəallar, jurnalistlər var. Onlardan biri – Şahvələd Çobanoğlu dəfələrlə Respublika Prokurorluğuna müraciət etsə də, müsbət cavab ala bilmir.

Xəbər lenti