Şərlənərək həbs olunan jurnalist azadlığa buraxıldı

Şərlənərək həbs olunan jurnalist azadlığa buraxıldı
 Jurnalist Zaur Qənbərov azadlığa buraxılıb. Onun vəkili Cavad Cavadov deyib ki, Gəncə Apelyasiya Məhkəməsinə təqdim etdikləri şikayətə baxılıb və müvəkkilinin azad olunması barədə qərar qəbul olunub.
"Zaur Qənbərov barəsində Gədəbəy Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmündən apelyasiya şikayətimizə baxıldı. Həmin hökmlə o, Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinib 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apelyasiya şikayətində bəraət hökmünün çıxarılmasını xahiş etmişdik. Şikayətimiz qismən təmin olundu. Ona 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası təyin etdi. Zaur Qənbərov barəsindəki həbs qəti-imkan tədbirini də ləğv edərək azad etdi” –deyə vəkil bildirib.
Əlavə edib ki, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasında israrlıdırlar: "Verilmiş qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik”.
Xatırladaq ki, Zaur Qənbərov Anews.az xəbər portalının bölgə müxbiridir. Jurnalist fəaliyyəti ilə əlaqədar 2020-ci ilin mayında Dövlət Sosial Müdafiə Nazirliyinin Gədəbəy şöbəsində bir Qarabağ müharibəsi veteranının problemini araşdırmağa gedib və orada döyülüb. Bundan sonra cinayət işi başlanıb və Zaur Qənbərov qanunsuz olaraq istintaqa cəlb olunub. Bundan sonra da istintaqa və prokurorluğa təqdim etdiyi heç bir sübut, etiraz qəbul edilməyib.
Jurnalist qanunsuz həbsindən əvvəl ölkə baçısı İlham Əliyevə müraciət edib: "Mənim yeganə günahım Sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində "hörmət” qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çox saylı əsaslandırılmış sübutlar var. Mən öz qanunsuz mühakiməm ilə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq ölüm aclığına başlayıram. Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”, - deyə Zaur Qənbərov açıqlamasında vurğulamışdı.

Xəbər lenti